Əliyevlər xalqın qətlinə necə fərman verir?
“Odlar yurdu” və atəşpərəstlər diyarı Azərbaycan od tutub yanır. Ötən
ilin əvvəli kimi bu ilin yanvarı da Azərbaycan yanğınlar və fərdi qiyamlarla səciyyələnir.
2013 və 2014-cü ilin bu günlərində üsyanlar, xalq etirazları, tək-tək kütləviləşən
intiharlar başını alıb gedirdi.
Ölüm qatarına bilet
Eynilə bu ay da ötən ilki yanvardan fərqlənmədi. Yevlaxda və Bərdədə
iki nəfər özünü yandırdı. İntiharlar isə statistikadan da o yana keçib. Alov
içində yanan ölkə odlanmış meşəyə oxşayır. Özünü
asan, binadan atan, başqa üsullarla intihar edənlərin sayı isə son 1 ayda
fantastik dərəcədə çox olub. Belə getsə, yüzlərlə insan canlı məşələ çevriləcək.
Məmur özbaşınalığı, həkimlərin savadsızlığı,
maliyyə problemləri, cəmiyyət tərəfindən qəbul edilməmək insanları başqa
metodlara ələ atmağa da vadar edə bilərdi. Lakin insanlar onlara bu problemi
yaradanlara qarşı addım atmırlar, sadəcə, özləri intihar etməklə çıxış yolu
tapmağa çalışırlar. Heç bir halda intihar, özü də “canlı məşələ” çevrilmək cəsarətsizlik
kimi dəyərləndirilə bilməz. Belə bir qətiyyətli addımı atmaq qorxaq adama xas
olan keyfiyyət deyil.
İqtidar nə fikirləşir? – Heç nə. Edə bilməz də. Ayağını bir addım irəli
ya geriyə etsə, intihra bərabərdir. Hökumət ölüm qatarına bilet aldığını çoxdan
bilir. Yerdə qalır bu qatarın məsafəsini uzatmaq ki, onu da vaqonları zorla
tutub, saxlamaq nonsens görünür.
Sistem özü öz içini yeməkdədir. Üfunət və çürük iy verən idarəçiliyin
ən iyrənc, ağır fəsadları qarşımızda baş verir. Hələ kimlərisə zorlayacaqlar,
kiminsə namusunu toxunacaqlar. Buna da gedəcəklər. Və fərdlərin qiyamı
partlayış həddinə çatıb, kütləvi kortəbii etirazlarla nəticələnəcək.
Son özünü yandırmalar Qarabağ qazisinin sui-qəsdindən sonra
ilhamlanmış aksiyalardır. Hətta buna özünə qarşı kamikadzelik də demək olar.
İqtidar sosial partlayışların siyasi burulğanlardan daha effektiv olduğunu da dərk
etməkdədir. Müxalifəti içindən parçlamaq hələ cəmiyyətə qalib gəlmək hesab
oluna bilməz. Qarşıdakı növbəti özünü yandırma iqtidarı yandırıb-yaxa bilər.
Ədalətin yandığı ölkə…
Azərbaycanlı da Azərbaycan kimidir, ya azad olmaq
istəyir, ya da tamam yanmaq. Baş verənlərə izah tapmaq üçün psixoloqa,
sosioloqa, politoloqa üz tutmayın. Baş verənlər onu sübuta yetirir
ki, insanların vəziyyəti çıxılmazdır. Onlar daha dözə bilmirlər. Hətta kiçik
bir depressiya intihara səbəb ola bilir. Heç kəsin heç kəsə inanmadığı, etibar
etmədiyi bir cəmiyyətdə sonluq elə belə acınacaqlı olmalı idi. Əhalisinin
əksəriyyəti genetik müsəlman olan bir ölkədə bütün səmavi dinlərin əbədi
cəhənnəmlə qorxutduğu intiharların baş verməsi toplumun dinə yanaşmasının da
bir göstəricisi hesab oluna bilər.
Kütləvi psixozun əlaməti olan intiharların ardınca
cəzasızlıq mühitində linç məhkəmələrinin qurulması, qisası ədalətsiz hüquq
mühafizə orqanlarının öhdəsinə buraxmayıb, şəxsən fərdin özünün ala bilməsi
perspektivi də yaşana bilər. Bunun ardınca isə sosial ədalətsizliyin, insafsız
maliyyə bölgüsünün hərənin öz istəyinə görə həyata keçirilməsi halları baş verə
bilər.
Xalq öz dövlətinə, hakimiyyətinə, müxalifətinə,
cəmiyyətə etibarını, inamını itirib. Baş verən və az qala hər gün təkrarlanan,
kütləvi hala keçməkdə olan intiharların təhlili bunu deməyə tam əsas verir. Biz bütün bu
illərdə içimiz yana-yana onu deyirdik ki, müasir dövrdə bu yolla gedən ölkəni
neft bolluğu da xilas edə bilməz. Burada ədalət ölüb, məhz ədalət. Ədalət
ölübsə, lənətlənmişik və bizi hər cür bəla gözləyir.
Yalan hər gün 24 saat rəsmən ölkəyə yayılır və hakimdir. Siz yalanın
mövcud olduğu bir ailənin sağ-salamat davam etdiyini gördünüzmü? Bəs 10 milyon
insanın ölkəsi necə davam edə bilər bu qədər yalanla?!
İlham Əliyev bunca intiharı görmür?
Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira
Vahidova APA-ya açıqlamasında deyib ki, yanvar ayı ərzində 25 özünə qəsd hadisəsi
baş verib. Onun sözlərinə görə, özünə qəsd edənlərdən 6-nın həyatını xilas etmək
mümkün olmayıb: “Yanvar ayı ərzində 6 nəfər – 4 qadın, 2 kişi özünü asıb. Hadisələrin
hamısı ölümlə nəticələnib. 1 nəfər özünü bıçaqlayıb, o, xəstəxanaya çatdırılıb.
1 qadın özünü dənizə atıb, onu xilas etmək mümkün olub. 17 nəfər isə özünü zəhərləyib.
Bunlardan 2-si sirkə turşusu, 15 nəfər isə dərmanla zəhərlənmədir. Onların
arasında ölən yoxdur, hamısı xəstəxanaya yerləşdirilib”.
Z.Vahidova qeyd edib ki, özünə qəsdlərin səbəbi
onlara məlum deyil: “Bunun səbəbi bizə məlum deyil. Bizim borcumuz xəstəyə ilk
yardım etmək, xəstəxanaya çatdırmaq, ölüm olduğu halda, bu barədə polisə məlumat
verməkdir”.
İlham Əliyevin hər şeydən xəbəri
var. Bunu özü bəyan edib. Deyib ki, ölkədə nə baş verirsə məlumatlıdır. Bilirsə,
bunun qarşısını almağın yollarını da bilir. Ədalətsizliyi, qudurğan məmurların
camaata qan uddurmasını, vətəndaşların qapılardan süründürülməsini bilir. Ancaq
heç bir tədbir görmür. Ölkənin yanmasına göz yumur.
Bir deputat. Bir məmur hesabat
vermir ki, bu vətəndaş niyə özünü yandırdı? Hamının üzərinə dəli, xəstə
diaqnozu qoyurlar. Məlum olur ki, elə bunu deyənlərin psixi problemləri var.
İnsanlar ruhi xəstə olduğuna görə yox, haqsızlığa görə intihar edirlər, özlərini
yandırırlar. Belə yerdə deyiblər – ya azad ol, ya tamam yan Azərbaycan!!!
Afiq Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=12443