Hakimiyyət ölkəni "iki od arasında" qoyub

07.02.2014 - 00:01

Azərbaycanda özünü
yandıranlar və Suriyada öldürülənlər idarəolunmaz kataklizmlərə gətirib çıxara
bilər

 

Azərbaycanda radikal dini təriqətlərin təxribatlar və silahlı
basqınlar həyata keçirməsi təhlükəsi var. Hökumət təşviş içində həyəcan təbili
çalır. Şeyx, deputatlar, xarici işlər naziri Suriyada döyüşməyə gedən
azərbaycanlılardan əndişəlidir.

Hətta şeyxin deputat qardaşı sələfilərin ticarətlə məşğul olduğu
bazarların bağlanmasını təklif edib. Təbii ki, absurd və gülünc təklifdir.
Kiməsə ticarətlə məşğul olmaq qadağan edilə bilməz və bu, çıxış yolu da deyil.
Bəs nədir çıxış variantı deyə sual etmək olar.

Cavab isə keçmişə və dərin köklərə bağlı bir məsələdir. Hakimiyyət
vaxtında sərt və qəddar siyasətinə son qoymalı, siyasi islahatlar keçirməli,
sivil müxalifətin fəaliyyətinə geniş imkanlar yaratmalı idi. Ancaq dinc
müxaliflərin cibinə nəşə atmaqla, evinə silah qoymaqla onları şərləyib
zindanlara dolduranda, boşalmış meydan ekstremist və radikal qüvvələrə qalacaq.

İqtidar isə bunu hesablamadığı üçün hazırda real təhlükə ilə üz-üzə
qalıb. Deputat Zahid Oruc da Suriyada döyüşənlərə cinayət işi açılması və həbs
edilməsini tələb edib. Bununla hakimiyyət cəmiyyətə demək istəyir ki, radikal
cərəyanların üzvlərini həbslərlə zərərsizləşdirmək olar. Və yenə də iqtidarın
kobud səhv siyasəti görünür.

Axı niyə bütün problemləri zorakılıqla, həbsə atmaqla həll etmək
istəyirsiz? Olmazmı masa arxasında, danışıqlar yolu ilə güzəştlər əldə olunsun?
Vaxtında Cəmil Həsənlinin, İsa Qəmbərin sərbəst fəaliyyətinə mane olanda
bilməliydiniz ki, nəticə buna gətirib çıxaracaq. Azərbaycan hakimiyyəti və
ümumilikdə dövlətin özü həqiqi bir təhlükə ilə üzləşib. İqtidar Suriya
versiyasının Azərbaycanda analoji ola biləcəyini istisna etmir.

Xaotik vəziyyət yarana, kataklizmlər başlana və idarəçilik əldən gedə
bilər. Baxmayaraq ki, Əsəd Suriyanı tam əldən verməyib və dirəşib. Ancaq
Azərbaycan hökumətinin hansı situasiya ilə qarşılaşacağını proqnoz etmək
çətindir. Ancaq YAP rəsmiləri, hökumət üzvləri hələlik çağırış etməklə

kifayətləniblər.

Vəhhabi azlıq şiəliyin böyük çoxluqda olduğu
Azərbaycanda at oynadır. Niyə? Çünki vəhhabilərdə olan təşkilatçılıq və
idarəçilik şiələrdə yoxdur. Ən önəmlisi isə odur ki, şeyximiz olan Allahşükür
Paşazadə xalq arasında dini liderdən daha çox biznesmen kimi tanınır. Onun
tamahkarlığı artıq lətifə mövzusuna çevrilib. Və Allahın qulu olan mömin dünya
malına çoxdan baş əymiş birisini lider kimi qəbul edə bilməz…

Belə getsə, yaxın 10-15 ildə vəhhabilər
Azərbaycanda real söz sahibi olacaqlar. Cəmi 20-25 il öncə Azərbaycanda vəhhabi
sözünün mənasını eşidənləri barmaqla saymaq olardı. Demokratiyadan məyus olan və Qərbin yalanlarından bezən Azərbaycan
gəncliyi indi çıxış yolunu müxtəlif sektalarda axtarır. Və vəhhabilər də belə
gəncliyi asanlıqla özünüküləşdirə bilir.

Elə ona görə də dünyanın müxtəlif
nöqtələrində vəhhabi azərbaycanlılar radikal dinçi qrupların tərkibində
vuruşurlar. Və onların sayı sürətlə artır. Ən pisi isə odur ki, bu prosesi
durduracaq güc mərkəzi Azərbaycanda yoxdur.

Ən son məlumata
görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç
azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb. Mücahidlər həmin şəxslərin
fotolarını da yayıblar.nÖldürülən azərbaycanlılardan ikisinin kimliyi
açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə,
Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb

Eyni zamanda axır zamanlar özünə
qəsdin ən ağır formasını-özünü yandırmaq yolunu tutmuş adamların sayı artır. Bunların
hamısını siyasətlə əlaqələndirməzdik, ona görə ki, məişət məsələləri
ucbatından da belə hadisələr baş verir. Amma burada maraqlı detal var. Özünü
yandıranlar bunu tənha bir yerə, gözdən-qulaqdan uzağa çəkilərək etmirlər.

Bütün bu proseslərdə bir nümayişkəranəlik var.
İnsanlar istəyirlər ki, onları görsünlər, diqqət yetirsinlər. Ona görə də
istəsək-istəməsək də, bu hadisələrin hamısı etirazdır. Görürsünüzmü, insanlar ən
radikal yollara əl atırlar. Ya döyüşməyə gedirlər, ya özünü yandırmağa. Əslində
yaxşı hakimiyyətin hər ciddi hadisə üzrə konsepsiyası olmalıdır. Əgər intihar
hadisələri çoxalırsa hakimiyyət bu haqda da düşünməlidir.

Hakimiyyət ölkəni iki qorxulu şəraitə salıb.
Azərbaycan “iki od arasında” qalıb. Bəs çıxış yolu nədədir? Bu sualın çox sadə
cavabı var. Azərbaycanın yüksəliş yolunu doğru müəyyənləşdirmək. Onu öz mental
və dini kimliyinə qapatmaqdansa, bəşəri dəyərlərə açıq bir ölkəyə çevirmək.

Çağdaşlığın, dünyəvi düşüncənin alternativi
olmadığına inanmaq və inandırmaq. Cəhalətin kökündə isə yalnız elmsizlik,
bilgisizlik dayanmır, həm də köləlik, mütilik dayanır. Eyni zamanda daxili
qorxaqlığın, mütiliyin meyvəsidir, azadlıqların olmamasının nəticəsidir.

Xatırladaq ki, Siyavuş Novruzov isə
Azərbaycanı hədələyən radikal qruplarla bağlı çağırış edib: “Bu hədəni edən
təşkilatların arxasında hansı dövlətlərin, beynəlxalq qurumların olduğu artıq
bizə də məlumdur”. 

Deputat Fuad Muradov da
bu məsələyə münasibət bildirib və Suriyada cihada dəvət edən saytların qadağan
olunmasının vacibliyini vurğulayıb. Adil Əliyev isə Suriyada savaşa gedənlərin
vətəndaşlığının ləğv olunmasını təklif edib. 

Spiker Oqtay Əsədov da Suriyada
gedən döyüşlərdə muzdlu azərbaycanlıların vuruşması məsələsindən danışarkən,
problemin ölkə üçün ciddi olduğunu vurğulayıb: “Muzdlu döyüşçülər təhlükəli
məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə
alaraq, lazımi addımlar atılacaq”. 

 

Aslan Ağasoy

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031