İlham Əliyev 14 il qabaqkı prezident deyil: “fevral inqilabı”nın sirr pərdəsi qalxır… – Təhlil

18.03.2019 - 09:32

“Əgər əhalinin böyük bir qismi hakimiyyətdə olan liderləri sevmirsə, bu, dəyişiklik qaçılmazdır mənasına gəlmir.
Sadəcə, dəyişiklik üçün potensial var deməkdir” – Robert Helveyin “Strateji dinc mübarizə” kitabında bu gün üçün aktual sətirlər yer alıb. Azərbaycandakı gedişat dəyişikliyi günbəgün yaxınlaşdırırdı. O demək deyildi ki, kataklizmlər baş verəcək.
Lakin potensial görünürdü. Hakimiyyətin mühafizəkar qanadı tarana sürüklədiyi siyasətlə birinci növbədə prezident İlham Əliyevi mürəkkəb prosesin məngənəsinə gətirib çıxarmışdı: lazımsız adamların həbs olunması, heç bir siyasi çəkisi və dəyişikliyə təsir gücü olmayan fəalların tutulmasına görə beynəlxalq tənqidlər, Azərbaycanın adının ildə iki dəfə siyasi məhbus hesabatlarında Çad, Nigeriya, Çin və s. respublikalarla yanaşə çəkilməsi heç də içəridəki qrupların adına söz gətirmirdi, birbaşa prezidenti hədəfə çıxarırdı. Rusiyaya bağlı bu qrupların islahatların qənimi kəsilməsi, repressiv siyasətə meyilli olması, müxtəlif media və müxalifət rıçaqlarından əks-inqilabi prosesdə istifadə etmələri göz qabağındaydı.
Onlar bəzən müxalif qüvvələri İ.Əliyevi siyasi şantaj etmək üçün fəallaşdırır, sonra aralarından ən aktivlərini həbsə göndərir, ölkənin adını despot hakimiyyətlər olan dövlətlərlə bir cərgədə çəkdirirdilər. Azərbaycan yeganə Avropa Şurası ölkəsiydi ki, tez-tez siyasi dustaq probleminə görə Qərbdən tənqid eşidirdi. Axı Əliyevi devirmə gücünə malik olmayan Qiyasları, Gözəlləri həbsdə saxlamaq kimə lazımıydı?
Bu köhnə bürokratlar, reforma düşmənləri, gərginlik yaratmaqla idarəçiliyi əldə saxlamaq tərəfdarları medalı digər üzünü hesablamırdılar ki, bunun axırı hara gedir. Eynilə sosial-iqtisadi sferada ənənəvi qvardiyanın kəsici-deşici, əzici-boğucu siyasəti özünü mənfi tərəfdən göstərirdi. Onlar Kremlin burada əbədi təsirlərinin qalmasını istəyən yüksək ranqlı məmurlar idilər.
Moskva illərlə həmin bürokratların vəzifədə çıxarılmasına imkan vermirdi və islahatlar həyata keçirmək olmurdu. Sahibkarların sıxışdırılması, inhisarçılıq, hər addımda korrupsiya, tayfaçılıq, əyalətlərdə vətəndaşların incidilməsi, sosial zülmün ərşə qalxması onların siyasətinin nəticələriydi. 2005-ci ildə həmin güclər islahatları tormozladılar, ölkəni 14 il geriyə atdılar, İ.Əliyevin bugünkü dəyişikliklərini o dövrdə həyata keçirməsinə mane oldular. Bu gün onlardan biri, barışmaz və hikkəli qoca – Əli İnsanov artıq azadlıqdadır.
Və yenə də təkəbbürlü mesajlar verir, müxalifətin ona qoşulmasından ağız dolusu danışır. Necə ki, o vaxt da həmin regional qrup müxalifəti alət edərək planları pozdular, islahatları yubatdılar. Əli İnsanovu həbsxanaya aparan 2005-ci ilin həmin payızını xatırlayırsınızmı? Parlamentə 30-a yaxın tanınmış müxalifət təmsilçiləri düşəcəkdi, ciddi siyasi-sosial islahatlara start veriləcəkdi.
İ.Əliyev xarici jurnalistlərə demişdi ki, mənim nələr etmək istədiyimi bilsəniz, inanmayacaqsınız… O zamankı açılım planlarını Əli İnsanov və onun tərəfdarlarının “sui-qəsd”ləri dayandırdı. Amma bu dəfə “yorulmuş at”ların o zamankı enerjisi qalmayıb, İ.Əliyev də 14 il qabaqkı prezident deyil, daha böyük təcrübəyə, səriştəyə malikdir, idarəçilikdə güclü bir liderə çevrilib.
Ona görə yanvardan başlamış sosialyönümlü dəyişiklikləri, siyasi islahatları, xalqla təmasları tormozlamaq mümkün olmayacaq. Prezidentə hətta, Qərbpərəst Emin Milli, Bəxtiyar Hacıyev kimi tanınmışlar belə dəstəyini, təbrikini ünvanlayırsa, deməli proseslər fərqli məcrada inkişaf edir. Birincisi, Avropada onları başa salıblar ki, sizin ölkənizdə dəyişiklik özünüzdən asılıdır, kənardan xilaskar gözləməyin və Qərb gəlib Azərbaycanda inqilab etməyəcək. Yalnız islahatlar yolu ilə demokratikləşmə və yumşalma gedə bilər, hakimiyyəti qıcıqlandırmayın.
İkincisi, iqtidarın texnoloqları xaricdəki söyüş kampaniyasını dayandırmağa müvəffəq oldu. Baxın, prezidentin son addımları gündəmi elə silkələyib ki, daha Avropadakı Orduxan və digərləri yada düşmür. Yəni, iqtidar prosesi taktik olaraq öz xeyrinə dəyişdi. Son əfv fərmanına isə Avropa İttifaqından alqış gəldi. O Aİ ki, qarşıdakı aylarda Azərbaycanla mühüm sazişlər bağlayacaq. Rəsmi Bakının islahatlarla birgə Qərbə yönəlik siyasətində yeni addımlar müşahidə olunur.
Elə son islahatları da Aİ ilə imzalanacaq sazişlərlə daha çox əlaqələndirirlər. Hakimiyyətin Aİ ilə əlaqələrini genişləndirməsinə Rusiyadan çox sərt təzyiqlərlə cavab gələ bilər. Misal üçün, indidən Rusiya XİN bəyanat yayır ki, ruslar Azərbaycana getməsin, təhlükəsizlik baxımdan etibarlı ölkə deyil.
Bu, təzyiqlərin ilk mesajıdır. İ.Əliyev qarşıda nələr olacağını hesabladığı üçün islahatları davam etdirir, xalqın dəstəyini alır, Qərbpərəstlərdən belə təşəkkür eşidir ki, Moskvanın təpksinə hazırlıq olsun. Əvəzində isə Ə.İnsanov kimi əks-inqilabçı önə çıxarılır, mübarizəyə davam ismarışı verir, köhnə qrupların arzularına uyğun olaraq islahatları ləngitmək üçün müxalifəti yanına alıb prosesi təzədən əvvələ qaytarmaq üçün çırmanmağa başlayır.Amma çox gecikib, İ.Əliyev yuxarıdan inqilabı başladıb, gedişat onun leyhinədir. Bizi isə yaxın aylarda çox qaynar proseslər gözləyir…
AnaXeber.info, Turan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127359

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930