Azərbaycanın məhkəmə-hüquq sistemi ciddi islahatlar astanasında

20.03.2019 - 22:06

Hüquqşünas: “Ən xırda rüşvətə görə hakimlər ömürlük azadlıqdan məhrum edilməlidir”

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində ölkədə ciddi islahatlar hazırlandığını qeyd edib. Bildirib ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub: “İslahatlar hərtərəflidir. İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub”.
Qeyd edək ki, artıq ikinci dəfədir ölkə prezidenti məhkəmə-hüquq sistemində islahatların hazırlandığına dair açıqlama verir. Azərbaycanın məhkəmə sistemində çatışmazlıqların olduğu uzun illərdir həm yerli ekspertlər, həm də beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən əsas iradlardan biridir. Bir sıra beynəlxalq reytinqlərdə məhkəmə sistemindəki problemlər Azərbaycanın mövqeyinin pisləşməsinə gətirib çıxarır. Eyni zamanda xarici investisiyaların ölkəyə gəlişində əsas problemlərdən biri kimi məhz müstəqil məhkəmə hakimiyyətinin olmaması üzündən mülkiyyət hüququnun səmərəli müdafiə sisteminin olmaması qeyd olunur. Bütün bunlar Azərbaycanın məhkəmə sistemində köklü islahatların aparılmasını zəruri edir. Bu islahatlar haradan başlanmalı, hansı addımlar atılmalıdır? Musavat.com-un bu suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, məhkəmə-hüquq sistemində ilk addımlar hüquq təhsili ilə bağlı atılmalıdır: “Burada kompleks tədbirlər həyata keçirilməlidir. Özü də bunu beynəlxalq təşkilatların tövsiyəsinə görə deyil, ölkənin inkişafı naminə etmək lazımdır. Çünki ədalətli hüquq sistemi, məhkəmə yoxdursa, heç bir sahədə inkişafdan danışmaq mümkün deyil, xüsusilə də iqtisadiyyatda. Çünki müstəqil məhkəmə olmasa heç kim Azərbaycana gəlib investisiya qoymayacaq, necə ki, qoymur. Bu baxımdan, ilk növbədə kadr məsələsinə baxılmalıdır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda məhkəmə sisteminin əsas problemlərindən biri hakimlərin hüquqi savadı, biliyi və dürüstlüyü ilə bağlıdır. Bilik və savaddan başlayaq: bu gün Azərbaycanda hüquq təhsilinin səviyyəsi çox aşağıdır. Hətta mən deyim ki, buna görə biz Orta Asiya respublikalarının çoxundan – Özbəkistan, Qazaxıstandan xüsusilə geri qalırıq. Təsəvvür edin, müstəqilliyimizin 28-ci ilidir, bizim hüquq təhsili alan tələbələrimizin dərsliyi yoxdur. Dərsliksiz təhsil alan tələbələrin bilik səviyyəsi necə olacaq? Bir çoxları xarici dildə olan dərsliklərdən istifadə edir: ingilis, alman və sair. Bununla da savadlı hüquqşünas yetişdirmək mümkün deyil. Azərbaycan hüquq sistemi alman sistemidir, kökündən belə qurulub. Buna görə də bizim hakimliyə namizədlər üçün Almaniyada, yaxud burada alman mütəxəssislərin kurslarını təşkil etmək lazımdır. Bu, çox vacibdir. İngilis, amerikanlar deyil, məhz alman hüququnu bilən mütəxəssislər”…
Dürüstlüyə gəlincə, hüquqşünasın sözlərinə görə, Azərbaycanda hakimlərin maaşı çox aşağıdır: “Yəni onların baxdığı işlərin müqabilində çox aşağıdır. Hakimlərdən əlavə, onların köməkçiləri də var ki, onlarsız hakimlərin effektiv işləməsi mümkün deyil. Bu köməkçilərin əmək haqqı 200-300 manatdan yuxarı deyil. Ali hüquq təhsili olan şəxslərin bu maaşla işləməsi mümkün deyil. Buna görə də hakimlərin çoxu məcbur olur ki, korrupsiya ilə məşğul olsun. Bununla həm özünün, həm köməkçisinin qazancını təmin edir, həm dərftərxana və digər xərclərini qarşılayır. Hətta poçt xərclərini də hakimlərin özləri qarşılayırlar. Mən vəkiləm. Biz vəkillərin arasında hakimlər 3 qrupa bölünür: çox az sayda hakimlər var ki, korrupsiya ilə məşğul deyil. İkinci qrup hakimlər korrupsiya ilə məşğul olsalar da, lap ədalətsiz qərarlara yol vermirlər.Yəni ədalətli qərar üçün pul alırlar, pula lıb ədalətsiz qərar çıxarmırlar. Üçüncü qrup hakimlər var ki, pul alıb nə istəsən edirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün bütün məhkəmə sistemində çalışanların əmək haqqı qaldırılmalıdır. Bu sistemdə ən aşağı maaş 1000 manat olmalıdır. Hakimlər isə ən aşağısı 5000 manat almalıdır. Yüksək hakimlər isə 15-20 min manat almalıdır. Bunun xarici təcrübəsi var – Sinqapur və digər ölkələr. Buna paralel olaraq, qanunvericilik dəyişdirilməlidir: hakim ən xırda rüşvətə görə azadlıqdan ömürlük məhrum edilməlidir. Yəni yüksək əmək haqqını veririk, amma sabah sən səhv etsən, cəzası ağır olacaq”.
Ə.Həsənov qeyd edir ki, məhkəmə sistemində islahatlar baxımından bəzi addımlar ötən ilin sonlarından atılmağa başlayıb: “Prezident qanun imzaladı ki, bütün məhkəmələr öz qərarlarını onlar qəbul ediləndən bir ay sonra İnternetdə yerləşdirməlidilər. Hələlik bu qanunvericiliyə əməl olunmur, amma əslində bu, çox vacib amildir. Məhkəmə praktikasında xeyli sayda bir-birinə oxşar işlər var. Amma məhkəmələrimiz bu işlər barəsində rüşvət müqabilində bir-birindən kəskin fərqlənən qərarlar çıxarıblar. Yəni işə fərqli baxıb, qanunu tam fərqli tətbiq ediblər. Bu gün bizdə yalnız qanunvericilik elektron formada var. Amma ona istinadən çıxarılan məhkəmə qərarlarının elektron bazası yoxdur. Halbuki dünyada həm qanunvericilik, həm də onun ayrı-ayrı müddəaları əsasında çıxarılan məhkəmə qərarları birlikdə elektron şəkildə İnternetdə yerləşdirilir. Bu zaman hansısa bir maddəyə uyğun gələn iş üzrə hansı qərarın əldə oluna biləcəyini əvvəlcədən təxmin etmək mümkün olur: həm qanunvericiliyə, həm də presedent hüququna baxmaqla. Bu, hakimi də məhdudiyyətə salır, rüşvət müqabilində tam fərqli qərar qəbul edə bilmir, çünki ondan əvvəlki qərarlar açıqdır, əlçatandır. Həm də bir utanmaq hissi də var – hakim biləndə ki, çıxardığı qərarı bütün ictimaiyyət, həmçinin onun həmkarları da oxuya biləcək, istər-istəməz daha məsuliyyətli olmağa çalışacaq. Bu baxımdan, məhkəmə qərarları təxmin edilə bilən olmalıdır. Bu, bütün sahələrdə, xüsusilə də iqtisadiyyatda inkişafa nail olmaq üçün çox mühüm amildir”.
Hüquqşünasın dediyinə görə, məhz məhkəmələrdə rüşvət olduğuna görə vəkillər də udduqları proseslər barədə məlumatları gizlədirlər: “Vəkil açıb deyə bilmir ki, filan prosesi udmuşam, çünki orada rüşvət amili rol oynayıb. Bu gün elə hakimlər var ki, eyni xarakterli iki iş üzrə tam əks qərarlar çıxarır. Qərarlar açıqlanmır deyə bundan heç kimin xəbəri olmur, bu isə hakimin əl-qolunu açır. Qərarların açıqlanması tələbələrin də işini asanlaşdıracaq, onlar qərarlar əsasında öyrənəcəklər hüququ”.
Məhkəmə sisteminin siyasi hakimiyyətdən asılılığı məsələsinə toxunan mütəxəssis bildirir ki, dünyanın heç bir yerində tam müstəqilliyə nail olunmayıb: “Hətta məhkəmə sisteminin ən müstəqil olduğu ABŞ-da belə Ali Məhkəmənin hakimlərinin təyinatı zamanı respublikaçılar və demokratlar özlərinə yaxın namizədləri irəli salmağa çalışırlar. Məsələn, bu gün ABŞ Ali Məhkəməsində respublikaçıların mövqeyi güclüdür. Onlarda hakimlərin müstəqilliyini təmin edən əsas amillərdən biri hakimlərin ömürlük təyin olunmasıdır. Bununla belə, iki partiyadan hansınasa rəğbət bəsləyən hakimlər həmişə var. Lakin onlar ABŞ dövlət maraqlarından kənarda heç bir marağa uyğun qərar qəbul etmirlər. Parlamenti, prezidenti xalq seçir, amma hakimlər təyin olnur. Bu isə hər zaman müəyyən subyektivliyə yol açır. Sözümün canı budur ki, siyasi hakimiyyətdən tam müstəqil məhkəmə sistemi qurmaq mümkün deyil. Amma hakimlərin korrupsiyalaşmasının qarşısını almaq mümkündür və Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar ilk növbədə bunu hədəfləməlidir”.

Dünya Sakit, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127393

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930