İngiltərənin baş naziri Osmanlı kökənli Boris Conson oldu

23.07.2019 - 16:55

Bu dəqiqələrdə verilən xəbərə görə, Böyük Britaniyanın yeni baş naziri indiyə qədər xarici işlər naziri vəzifəsində çalışan Boris Conson olub.

Qeyd edək ki, o bu vəzifədə Tereza Meyi əvəz edib.

Boris Conson İngiltərənin Avropa İttifaqından çıxmasının qatı tərəfdarıdır və Breksit layihəsinin əsas müəllifidir.

Boris Consonun babası bir zamanlar Osmanlı imperiyasının öndə gedən isimlərindən biri olub.

***

Boris Conson Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri seçilib. Novator.az-ın məlumatına görə, partiya rəhbərliyi iyulun 23-də belə rəsmi açıqlama yayıb.

Ölkənin baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan bu il iyunun 7-də istefa verib. Partiyanın sədri vəzifəsindən getmək avtomatik olaraq baş nazir kürsüsündən ayrılmaq deməkdir.

İstefa Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtləri ilə bağlı fikir ayrılıqlarından doğub. Hökumətin bir çox üzvü Tereza Meyin Avropa İttifaqı ilə razılaşdırdığı şərtləri qəbul etməyib.

Böyük Britaniya Avropa İttifaqından bu il ayrılmalıdır.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Tereza Mey 2010-cu ildən Devid Kemeron hökumətində qadın və bərabərlik məsələləri naziri postunu tutub, sonradan daxili işlər naziri olub. 1997-ci ildən İcmalar Palatasının deputatıdır.

Mühafizəkarlar Partiyasına 1997-ci ildə qoşulub, 2016-cı il iyulun 11-dən qurumun lideri olub.

Boris Conson partiya üzvləri arasında poçt vasitəsilə keçirilmiş səsvermədə qalib gəlib. O, 92 min 153 səs toplayıb. Boris Consonun rəqibi, xarici işlər naziri Ceremi Hantı 46 min 656 partiyaçı dəstəkləyib. İyulun 24-də Boris Consonun baş nazir kürsüsünə oturacağı bildirilir.

Boris Conson 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Osmanlı imperiyasında daxili işlər naziri vəzifəsini tutmuş Əli Kamal onun ata tərəfdən ulu babasıdır.

Boris Conson Böyük Britaniyanın Oksford Universitetinin məzunudur. Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. Böyük Britaniya parlamentinin İcmalar Palatasına ilk dəfə 2001-ci ildə seçilib. 2008-2016-cı illərdə Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub. (Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=130073

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728