Paranoya siyasətə çevriləndə…
Ən azı 1988-ci ildən bu tərəfə erməni liderlərindən o qədər sərsəm bəyanatlar və çağırışlar eşitmişik ki, əslində gərək heç nəyə təəccüblənməyək və hər vaxt qədim yunanların bir fikirni yada salaq: “Allahlar insanları cəzalandırmaq istəyəndə əvvəlcə onların ağlını alırlar”.
Düşünülürdü ki, Nikol Paşinyan siyasətdə bir qədər fərqli davranış nümayiş etdirəcək, çünki bu adam, birincisi, eks-prezident Levon Ter-Petrosyandan fərqli olaraq Dağlıq Qarabağ – “miatsum” dalğasında siyasətə gəlməmişdi. İkincisi, o, özündən əvvəlki siyasi liderlərdən də Robert Koçaryandan və Serj Sarqsyandan fərqli olaraq Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etməmişdi və Dağlıq Qarabağ prosesi onun siyasi yüksəlişində heç bir rol oynamamışdı, əksinə o, Dağlıq Qarabağ “qəhrəmanları”nı ifşa etmiş və onların hakimiyyətinə son qoymuşdu və erməni xalqı da ona dəstək vermişdi. Əslində bu dəstəkdən dolayı yolla olsa da müəyyən nəticələr çıxarmaq olardı və ən əsas nəticələr də budur ki, ermənilər ölkənin ağır sosial-iqtisadi durumundan, o cümlədən də bu sonu görünməyən müharibədən cana yığılıblar.
Amma Paşinyan nə edir? “Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial rəqiblərimiz başa düşsün ki, bizimlə vuruşmaq tamam mənasızdır, çünki bunun bir nəticəsi olacaq – düşmənin məğlubiyyəti və bizim qələbəmiz”. Bəli, düşünmək olardı ki, hər bir prezidentin silahlı qüvvələr qarşısında deyə biləcəyi adi çağırışlardır, di gəl, ilk baxışda belədir, mahiyyətinə varanda isə, sırf paranoyadır, çünki məhz paranoidlər daim özlərinə qarşı hansısa məkrli planların qurulduğunu, hamının onlara qarşı birləşdyini düşünürlər.
Baxın, biz nə qədər axtarırıq, amma təəssüf ki, Paşinyanın çıxışlarında sülh və barışıq, qonşularla yeni münasibətlərə işarə ola biləcək motivlər tapmırıq, bunun əvəzində daim müharibə notlarına köklənmək, daim kimisə, daha doğrusu, qonşu ölkələri qorxutmağa çalışmaq cəhdləri görürük– indi özünüz deyin, biz bu adamın siyasətini paranoidal siyasət adlandırmayaq, bəs nə edək?..
Odur ki, açığı, daha N.Paşinyanla bağlı hansısa ümidlərimiz yoxdur –bu inqilab yox, bir adamın hakimiyyətdən getməsi və onun yerinə bir başqasının gəlməsi oldu; siyasi leksika və yaxud ritorika da həminkidir, ən başlıcası isə, elə siyasətin özü də.
Ona görə də ümidlərlə yox, reallıqlarla yaşamalı, siyasətimizi də reallıqlar üzərində qurmalıyıq, xüsusən də nəzərə alanda ki, mövsümi olaraq regional müstəvidə əlverişli şəraitlər yaranır, amma təəssüf ki, biz bundan heç də həmişə faydalana bilmirik.
Belə bir vəziyyət indi də müşahidə olunmaqdadır. Mən nəyi nəzərdə tuturam? İcazə verin, bir azacıq uzaqdan başlayım ki, regiondakı bütün incəlikləri nəzərə ala bilim.
Qərəz, deyəsən S-400 -lər ətrafındakı ehtiraslar bir az səngimək üzrədir. Görünür, məsələ Birləşmiş Ştatlarda da F-35 təyyarələrilə bağlı qərardan o tərəfə getməyəcək – güman, ətrafı ABŞ prezidentini Senatın F-35-lərlə bağlı qərarına dəstək verməyə razı salacaq və bununla da iş bitəcək, o səbəbdən ki, hiss olunur, D.Trampın dərinə getmək fikri yoxdur və əgər belə fikri olsaydı, prinsicə, bunu dərhal biruzə verərdi, çünki Tramp çox emosional adamdı, nəsə xoşuna gəlməyəndə dərhal özündən çıxır və tez də sosial şəbəkələrdə alovlu statuslar yazır…
Bundan başqa, hazırda, ABŞ-ı İranla müharibədən zəif bir “arakəsmə”nin ayırdığı vaxt, regionda daha bir münaqişə ocağı yaratmaq Vaşinqtonun maraqlarına qəti cavab vermir, çünki müsəlman dünyası deyilən fenomeni də tamam nəzərə almamaq olmaz. Müsəlman dünyası məsələsi də elədir ki, son illərdə bu müstəvidə ABŞ ilk rollarda Səudiyyəni görmək istəsə də, mübaliğəsiz demək olar ki, islam aləmi daha çox Türkiyə ilə təmsil olunur, ona görə ki, Ankara ərəb-İsrail və İsrail –Fələstin məsələləri kimi həssas problemlərdə demək olar ki, islam aləminin ən əsas ruporudur.
Düşünürük ki, Vaşinqtonda həm də özlərinə onunla təskinlik verirlər ki, guya bu prezidentlik müddəti R.T.Ərdoğan üçün son müddət olacaq, gəl, nə Türkiyə prezidentinin özü, nə də ölkənin aparıcı analitikləri hələ belə düşünmür, baxmayaraq ki, son munisipal seçkilər və xüsusən də hakim partiyaya yaxın siyasi platformada baş verən yeni qruplaşmalar ən cəsarətli proqnozlar üçün belə zəmin yaradır və biz arabir onları eşidirik.
Amma Türkiyə prezidentinin sərəncamında hələ dörd il var, xüsusən də çox güman ki, Rusiya ilə məşhur hərbi sövdələşmədən sonra onun siyasi reytinqi bir az da artıbdı, çünki S-400–lər məsələsi Türkiyə üçün həm də imic məsələsi idi və indi çoxuna aydın oldu ki, Ankara heç də ABŞ-ın başıaşağı, itaətkar satelliti deyil, baxmayaraq, əvvəllər də ölkə dəfələrlə müstəqil siyasət əlamətləri nümayiş etdirmişdi.
Burada başqa bir vacib məqam var. Özü də bu məqam siyasi olmaqdan daha çox, siyasi –psixoloji mahiyyət kəsb edir. Biri var, kiminləsə hesablaşmağa məcbur olasan, biri də var, ürəyində kiməsə qarşı xoş və dost hislər olsun. Bunlar tamam fərqli şeylərdir. Sirr deyil ki, bu müasir arxi-mürəkkəb dünyada əksər ölkələr ABŞ-la hesablaşmağa məhkumdurlar, amma ürəklərinin dərinliklərində isə onlar az qala, anti – amerikaçı olaraq qalırlar – bu eyni uğurla ABŞ-ın Avropa ölkələri kimi yaxın müttəfiqlərinə və həm də onun bilavasitə coğrafi qonşularına şamil oluna bilər.
Belə vəziyyət, əlbəttə ki, adamı kədərləndirir, amma real bir faktdır. İnanmazsınız ki, hətta Avropanın özündə bir xeyli insan Rusiyanın prezidenti V.Putinə rəğbət bəsləyir və özü də daha çox bir səbəbdən: bu insanlar Birləşmiş Ştatları sevmirlər…
Amerikalılar vaxtaşırı özləri də belə sorğular keçirir və dünyada insanların Amerikaya və onun liderlərinə münasibətini öyrənməyə cəhd edirlər. Yadımıza gəlir ki, axırıncı dəfə belə sorğu ilə kiçik – Buşun hakimiyyəti dövründə tanış olmuşduq. Yenə də inanmayacaqsınız, onda yalnız İsrail və israillilər ABŞ-ın və onun prezindetinin apardığı siyasətə rəğbət bəslədiklərini bildirmişdilər!..
Bütün bunları niyə deyirik? Niyə biz yazının başlanğıcındakı iqtiqamətdən biz bu qədər kənarlaşdıq? Əminik ki, Rusiya ilə məşhur hərbi sövdələşmədən sonra Ərdoğanın reytinqi yüksəlib; ola bilsin, biz də nəticələrlə tələsirik, amma siyasətdə də müxtəlif dairələr olur və əminik ki, Ərdoğan da artıq Kremlin etibar etdiyi siyasətçilər çevrəsinə daxiı olan adamdır.
İki ölkə arasında mülayimləşmə əslində bir az əvvəl başlamışdı, amma indi o, bir növ sınaqdan keçdi. Nə gizlədək, lap əvvəldən Azərbaycanda da bu prosesi ciddi şəkildə izləyir və indi də izləməkdə davam edirlər. Səbəbi də aydındır: bizi buna Qarabağ problemi sövq edir. Özü də yalnız bizi yox: bu günlərdə hətta bir ukraynalı analitik də qeyd etmişdi ki, Bakı artıq Türkiyə və Rusiya arasındakı yaxınlaşmadan istifadə etmək haqqında düşünməlidir.
Əlbəttə, biz də tamam fərqindəyik ki, siyasətdə quru, formal məntiq heç də ən yaxşı bələdçi deyil – bu dünyada hər şey daha mürəkkəb və dolaşıqdır, amma cəhd etmək heç vaxt faydasız deyil. Türkiyə prezidenti bir-iki əvvəl Rusiyanın Dağlıq Qarabağla bağı niyyətlərini öyrənməyə cəhd etmişdi və bu, ölkə prezidentlərinin ikitərəfli görüşlərində – Soçidə və Sankt-Peterburqda baş vermişdi. Amma daha bir cəhd etməyə də dəyər, xüsusən də nəzərə alanda ki, ermənilərin bəzən bizdən nələrdəsə irəlidə olmağının bir səbəbi var: onlar daha israrlıdırlar. Biz də israrlı və inadcıl olmalıyıq: elə bəlkə doğrudan da alınacaq? Həm də unutmayaq ki, regionun geosiyasi durumu da statik deyil, dəyişkəndi, əlverişli fürsət heç də həmişə ələ düşmür…(Yeni Musavat)
Short URL: http://www.cumhuriyyet.net/?p=130428