Nazirlik: Qatar qəzasına düşənlərə qoyulan diaqnoz təsdiqini tapmadı
Bakının Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb: “Vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar”.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Zirə qəsəbəsində qatar taksini vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. İlkin məlumatda qəzaya düşən 22 yaşlı qız və 20 yaşlı oğlanda kəllə beyin travmasının aşkar edildiyi bildirilirdi.
* * *16:13
Bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumatda qeyd edilir ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.
* * *13:53
Xəzər rayonu Zirə qəsəbəsində (Qala yolu) qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır.
Pərviz Abubəkirov bildirib ki, onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur: “Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”.
* * *13:18
Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.
Qəza nəticəsində taksidə olan 4 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.
Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.
Yaralıların vəziyyəti ağırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=130739