ABŞ və İran arasında “vur, vurum” siyasəti

30.07.2019 - 12:06

Tehran Pompeonun səfərinə “yox” dedi; İran komandosları Netanyahu və Trampın fotoplakatlarını hədəfə aldı; ekspertlərdən ilginc şərhlər

ABŞ və İran arasında münasibətlər gündən-günə gərginləşməkdədir. Tərəflər dialoqa açıq olduqlarını bildirməklə yanaşı, vaxtaşırı bir-birini ittiham edirlər ki, bu da məsələlərin dinc yolla həllini çətinləşdirir. 

Bu arada ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran onun Tehranı ziyarət etmək və “İran xalqı ilə birbaşa danışıqlar” aparmaq təklifini qəbul etməyib. “Report” xəbər verir ki, o bu barədə “Twitter” mikrobloqunda yazıb. “Bu yaxınlarda mən Tehrana gəlməyi və İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi”, – deyə Pompeo bildirib.

Yayılan digər xəbər də İran ətrafında ciddi proseslər getdiyini deməyə imkan yaradır. Belə ki, ötən həftə İsrailin ABŞ-dakı səfiri Ron Dermer gizli şəkildə Alyaskaya gedərək Amerika rəsmiləri ilə təhlükəsizlik  sahəsində ABŞ-İsrail əməkdaşlığı və İran barədə həssas mövzuları müzakirə edib. Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, birinci dəfə cümə günü İsrail televiziyasının 13-cü kanalında Barak Ravid adlı müxbir bu ziyarət haqqında məlumat yayıb. O, adları açıqlanmayan İsrail rəsmilərinin ABŞ ştatlarından birinə gedişinin adi diplomatik səfər olmadığını,  “daha vacib” bir məqsəd daşıdığını bildirib.  R.Dermerin Alyaskaya səfəri İranın nüvə başlığı daşıya bilən “Şahab-3″ raketini sınaqdan keçirdiyi həftə baş tutub. ”Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu raket İranın cənubundan atılıb və 1100 km məsafə uçaraq Tehranın şərqinə eniş edib. İyulun 28-də İsrail Müdafiə Nazirliyi Alyaskada “Xes-3″ raket əleyhinə sistemin müvəffəqiyyətli sınaqlarının keçirilməsi haqda məlumat yayıb. Məlumatda ölkənin ABŞ-dakı səfiri Ron Dermerin də sınaqları müşahidə etdiyi bildirilib.

Tehran da öz tərəfindən ABŞ-ı qıcıqlandıracaq addımlarından qalmır. Belə ki, İranın “Tasnim” agentliyi bu günlərdə xüsusi təyinatlıların təlimindən fotoreportaj yayıb. Virtualaz.org xəbər verir ki, bu təlimlərdə İran komandosları üçün hədəf qismində İsrailin baş naziri Benyamin Netanyahunun və ABŞ prezidenti Donald Trampın fotoplakatları yer alır. Agentlik bildirir ki, fotolar xüsusi təyinatlıların dəqiq atış təlimi zamanı çəkilib. Bu təlimlər zamanı xüsusi təyinatlılar istənilən situasiyada və istənilən şərtlər altında dəqiq atəş açmaq vərdişlərini mənimsəyirlər. Fotolara əsasən, İsrailin baş naziri və ABŞ prezidenti güllələrdən “dəlmə-deşikdir”.

Bəs, ekspertlər nə düşünür, ABŞ-İran savaşı realdırmı?

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Donald Tramp administrasiyası İranla müharibə istəmir: “Bu, bölgə və Amerikanın regional maraqları üçün mənfi nəticələr yaradar. Ona görə də Ağ Ev İrana qarşı siyasətində qamçı ilə yanaşı, son zamanlar kökə siyasətindən də istifadə etməyə çalışır. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Mayk Pompeo Tehranı ziyarət etmək və ”İran xalqı ilə birbaşa danışıqlar” aparmaq təklifini edib. Əlbəttə, bu təklifin konkret nəyi ehtiva etdiyini söyləmək çətindir. Çünki rəsmilər başqa ölkənin xalqları ilə danışıqlar aparmırlar. Özü də bəlli olanda ki, Amerikanın məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır. Pompeo yazıb ki, İran rejimi onun təklifini qəbul etməyib. Əlbəttə, qəbul etməz. Çünki Amerika həm nüvə sazişindən çıxıb, həm də İranın hazırkı rejiminə qarşı yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb. Həmin tələblərin mahiyyəti faktiki odur ki, İranın hazırkı hakimiyyəti regional maraqlarından imtina etməli və iqtidarı başqalarına ötürməlidir. Ancaq prezident Donald Trampın və dövlət katibi Mayk Pompeonun Tehrana ünvanlanan “gəlin görüşək” təklifinin arxasında incə hesab var. Vaxtilə Amerika Şimali Koreyanı da hədələyirdi və Şimali Koreya lideri Amerikaya qarşı nüvə silahından istifadə edəcəyini bildirirdi. Bu gün Amerika və Şimali Koreya liderləri görüşür və fikir mübadiləsi aparırlar. Doğrudur, iki dövlət arasında hər hansı saziş imzalanmayıb, ancaq dialoq atmosferi gərginliyi azaldıb və bu gün heç kim Amerika ilə Şimali Koreya arasında müharibədən danışmır”. E.Şahinoiğlunun fikrincə, Tramp ümid edir ki, İran prezidenti də Şimali Koreya lideri kimi onunla görüşməyə razılıq verəcək: “Hələ ki, İran prezidenti bu görüşə razılıq vermir. Çünki belə bir görüşə razılıq vermək onun siyasi karyerasının sonu olar. İranda söz sahibi dini lideri və İslam Keşikçiləri Korpusudur. Onlar isə hazırkı şərtlər daxilində Vaşinqtonla dialoqun əleyhinədirlər. Buna baxmayaraq, İranda iqtisadi və sosial problemlər artır və Tehran çıxış yolları tapmaq məcburiyyətindədir. Tehran ümid edir ki, Donald Tramp ikinci dəfə prezident seçilə bilməyəcək və onun yerinə gələn demokrat prezident Barak Obama kimi Tehranla yenidən nüvə sazişini imzalayacaq. Bu hesablar doğrulmaya da bilər”. Politoloq hesab edir ki, Tramp ikinci dəfə prezident seçilsə, İrandakı müxtəlif dairələr ortaq məxrəcə gələrək hansısa üçüncü dövlətin vasitəsilə Vaşinqtonla dialoq imkanlarını nəzərdən keçirə bilər: “Bu mənada Azərbaycan üçün unikal şans yaranıb. Rusiya-NATO dialoqu Bakıda həyata keçirilir. Rəsmi Bakı Vaşinqton-Tehran dialoqunun da Azərbaycan paytaxtında həyata keçirilməsini təklif edə bilər”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, ABŞ-ın İran siyasəti regionda yeni siyasi düzənin qurulmasına hesablanıb: “Bunu ”ərəb baharı”nın davamı kimi qiymətləndirmək olar. Vaşinqtonun “şər üçbucağı”na daxil olan İranın regional siyasəti ABŞ-ın Yaxın Şərqdə geosiyasi maraqlarının qarşısını alır. İki ölkə bu regionda vəkalət müharibəsi aparır. Burada əsas strategiya ilk növbədə İsrailin təhlükəsizliyini təmin etmək və İranı ram edərək, Yaxın və orta şərq siyasətindən vaz geçirməkdir. Hazırda İran Livan, Suriya, İraq və Yəməndə ABŞ və müttəfiqləri ilə, demək olar ki, dəstək verdiyi silahlı qruplar vasitəsilə müharibə aparır. Vaşinqtonun 2015-ci ildə İran və “Altılıq” ölkələri arasında bağlanmış nüvə sazişindən birtərəfli çıxması məhz Tehranın Yaxın Şərqdə artan siyasi-hərbi aktivliyi ilə əlaqədardır”. Ekspert dedi ki, İrana qarşı bərpa olunan sanksiyalara rəğmən bu gün Tehran öz geosiyasi maraqlarından geri çəkilmir. Həmçinin xatırlatdı ki, nüvə proqramının inkişafını və ağır suyun istehsalını bərpa etməklə Hörmüz boğazında Qərbin neft tankerlərinə qarşı hərəkətə keçib: “Bu, onu göstərir ki, Tehran ”dişə-diş” siyasəti aparmaqla müharibədən çəkinmir. Baxmayaraq ki, ölkədə iqtisadi defolta yaxınlaşır, sosial vəziyyət gərginləşir. Neft satışı kəskin aşağı düşüb. Hesab edirəm ki, Tehranın bu davranışları ABŞ-la dialoq təklifini rədd etməsi müharibə ehtimalını yaxınlaşdırır. İranda hesab edirlər ki, ABŞ-ın regionda müttəfiqlərinə və bazalarına zərbə endirməklə öz şərtlərini qəbul etdirəcəklər. Bununla Vaşinqton müharibədən çəkinəcək. ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrana səfər etmək və danışıqlar aparmaq təklifi əsasən Şimali Koreya presedentinin təkrarıdır. Həmin vaxtlar ABŞ gəmiləri Şimali Koreya sərhədinin yaxınlığında lövbər salmışdı və qırıcı təyyarələri yaxınlıqda döyüş uçuşları keçirirdi. Vaşinqton hesab edir ki, əzələ nümayiş etdirməklə Pompeo əlverişli şərtlərlə İranı razılığa gətirə biləcək”. M.Əsədullazadə dedi ki, Ruhani administrasiyası ABŞ-la danışıqlarda maraqlıdır: “Mötədil islahatçılardan fərqli olaraq, mühafizəkarlar əsasən dini hakimiyyət onların əlində olduğu üçün Vaşinqtonla mümkün dialoqu rədd edirlər. İran rəsmiləri artıq ABŞ-ın dialoq təklifini rədd etdi. Vaşinqton Hörmüz boğazında İrana qarşı koalisiya təşkil edəcək, İranın neft satışına və tankerlərinə mane olacaq və həbs edəcəklər”.(Yeni Müsavat)

Short URL: http://www.cumhuriyyet.net/?p=130800

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728