“Ərdoğanla Əliyevin apardığı danışıqlar nəticəsində…”
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycan hökumətinin Türkiyə vətəndaşları üçün viza tətbiqinin aradan qaldırmasına münasibət bildirib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, iki ölkə arasındakı bu anlaşmanın mühümlüyünə diqqət çəkib, vizasız gediş-gəlişin ölkələr arasında əlaqələri bir az da genişləndirəcəyini, iqtisadi baxımdan qazanacaqlarını dilə gətirib.
“Tariximizin təməlində yüksələn qardaşlığımız, ən üst səviyyədə nümayiş olunan birlik və bərabərliyimizin olduğu dost Azərbaycandan Türkiyəyə viza tətbiqində əhəmiyyətli addım atıldı. Buna görə 1 sentyabr 2019-cu il tarixindən etibarən Türkiyədən Azərbaycana ən çox 30 günlük vizasız səyahət başlanılacaq”, – H.Eren vurğulayıb.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqları nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqla bərabər, xalqların sərbəst gediş-gəlişinin davamlılığı üçün Azərbaycan XİN viza şərtinin ləğvi ilə əlaqədar Türkiyə XİN-ə nota göndərib. Viza müraciətinin ləğvi iki ölkə arasında əlaqələri bir az da gücləndirəcək.
Eren açıqlamasında viza tətbiqinin aradan qaldırılmasının iqtisadiyyata təsirindən danışıb, Türkiyədəki turizm şirkətlərinin bazarlarını daha da genişlənəcəyini ifadə edib: “İki ölkə arasında turizm onsuz da əvvəldən mövcud idi. Azərbaycandan ölkəmizə əhəmiyyətli sayda turist daxil olurdu. Amma təəssüf ki, eynisini Türkiyə üçün söyləmək mümkün deyildi. Türkiyədən daha çox fərdi şəxslər qardaş ölkəyə gedirdilər. Vizasız səyahətin başlaması ilə turizm firmalarının da bu vəziyyətdən müsbət şəkildə faydalanacağına inanırıq”, – deyə H.Eren bildirib.
İki ölkə arasındakı qardaşlıq və dostluq münasibətlərinin vizasız səyahət tətbiqi ilə daha da genişlənəcəyini vurğulayan Hikmət Eren qeyd edib ki, bu vəziyyət bizə “bir millət, iki dövlət” sözünü hayqıraraq söyləmənin qürurunu yaşadacaq.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana 30 günə qədər vizasız səfər edə biləcəklər. İndiyə qədər Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=130891