İranla bağlı yeni situasiya – tufanqabağı sakitlik, yoxsa baş tutmayan koalisiya?

05.08.2019 - 19:42

Fransa və Almaniya ABŞ-ın anti-İran planlarında yer almaqdan imtina etdi; Con Boltonun Cənubi Qafqaz ölkələri ilə bağlı ümidləri də puç oldu; Bakı Tehranla əməkdaşlıq istiqamətində növbəti addımlara qərar verdi; ekspertlər durumu şərh edir

Paris və Berlin Vaşinqtonun İran aqresiyasına qarşı Fars körfəzində koalisiya təklifi ilə razılaşmayıb. Məlumata görə, İran tərəfinin Böyük Britaniyaya məxsus “Stena İmpero” gəmisini saxlamasından sonra ABŞ Avropa, Cənubi Koreya və Yaponiyaya koalisiya yaratmaq təklifi göndərib.

Fransa bu cür addımların regionda gərginliyi artıra biləcəyini açıqlayıb və təklifdən imtina edib. Həmçinin rəsmi Berlin də analoji addımı ataraq ABŞ-ın tənqidinə tuş gəlib. (Axar.az)

Qeyd edək ki, İranın birinci vitse-prezidenti İshak Cahangiri bir müddət əvvəl Fars körfəzinin qorunması üçün beynəlxalq koalisiyanın yaradılmasını bölgənin təhlükəsizliyinə xələl gətirəcək addım kimi xarakterizə etmişdi. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Hörmüz boğazı ərazisində asayişi qorumaq məqsədilə koalisiya yaratdığını bildirmişdi.

Avropa Birliyinin iki aparıcı dövlətinin ABŞ-ın İrana qarşı planlarında yer almaması sadə məsələ deyil. Düzdür, ötən həftə ABŞ və İsrail rəsmilərinin bir araya gəlməsi belə ehtimal yaradıb ki, ABŞ digər ölkələrin də rəyini nəzərə almadan İrana ağır zərbələrə qərar verə bilər, ancaq bu, az ehtimal olunan versiyalardandır. Çünki ortada İraq əməliyyatlarının ağır nəticələri var. İran isə İraq deyil.

Bir məqamı qeyd edək ki,  ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə ötənilki səfəri də İrana qarşı koalisiyanın yaradılmasına hazırlıq kimi qiymətləndirilir. Lakin reallıq budur ki, Bolton məqsədinə nail ola bilməyib. Xüsusilə də ABŞ-ın Azərbaycandan İrana qarşı istifadə istəyi baş tutmayıb. Bu barədə rəsmi Bakının prinsipial mövqeyi illərdir ki, var. Bu günlərdə isə Azərbaycan və İran nəqliyyat və yük daşımaları sahəsindəki mövcud problemləri araşdıracaq işçi qrupu yaratmağa qərar verib. APA-nın məlumatına görə, avqustun 4-də İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin görüşündə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı da müzakirə aparılıb. Görüşdə Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi ilə bağlı danışıqlar aparılıb. Qərara alınıb ki, dəmir yolu terminalının yaxınlığında avtovağzal da tikilsin. Eyni zamanda Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi prosesi sürətləndirilsin.

Şahin Mustafayev görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artdığını nəzərə çatdırıb. Bu faktlar real mənzərənin təsviri baxımından çox əhəmiyyətlidir.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev musavat.com-a dedi ki, İran ətrafında gərginlik davam etməkdədir: “Hətta deyərdim ki, gərginlik durmadan artır. İran xarici işlər naziri Məhəmməd Zərif iyul ayında ABŞ prezidenti Donald Trampla görüş üçün dəvət aldı. Lakin İran rəhbərliyi bunun lazım olmadığını bəyan etdi. Həmin dəvəti nazirə ABŞ konqresmeni Rend Pol təqdim etmişdi. Əvvəllər Polun özünün Zəriflə ABŞ prezidenti adından danışıqlar aparmaq haqqında anons da verildi. Lakin bu danışıq da baş tutmadı. Sonrada artıq cənab Zərifə də sanksiya tətbiq edildi. Hətta Bolton onun qeyri legitim və terroru dəstəkləyən və maliyyələşdirən dövlətin nümayəndəsi olduğunu bəyan etdi. Maraqlıdır ki, əsas strateji obyekt olan Hörmüz körfəzi bu gün İrandan da vacib bir əraziyə çevrilib. Çünki əsas daşınmalar oradan aparılır və sanksiyaların işləməsi üçün bura vacib bir məntəqədir. NATO-nun burada ABŞ və Böyük Britaniya ilə hərbi əməliyyatlar keçirəcəyi haqqında məlumatlar da öz təsdiqini tapmır. NATO rəhbərliyi bildirir ki, onlara belə bir sorğu daxil olmayıb, lakin əsas diqqət mərkəzi də Hörmüzdür. İran Prezidenti Ruhani də ABŞ-ın sanksiyalarını uşaq oyunu kimi dəyərləndirir. Maraqlısı da odur ki, İran Rusiya ilə birgə Fars körfəzi hövzəsində və Hind okeanında hərbi dəniz təlimləri keçirməyi planlaşdırır. Boris Consonun baş nazir seçilməsindən sonra onun İsrail Baş naziri Hetanyahu ilə telefon danışığının əsas predmeti də İran olub. İranın Gibraltarda gəmisini saxlaması müqabilində İran keçən həftə Böyük Britaniyaya məxsus gəmini saxlamağa cəhd etdi .Yəni bu qarşılıqlı təzyiqlər davam edir və ABŞ-ın da əsas məqsədi bundan istifadə edərək İranı danışıqlar masasına əyləşdirməkdir”. A.Nağıyevin fikrincə, maraqlısı odur ki, burada avropalılardan daha çox istifadə olunur və diqqət mərkəzinə gətirilir: “Avropa ABŞ-dan çəkindiyi üçün öz şirkətlərini diqqətli olmağa çağırır, lakin ABŞ-la münasibət getdikcə gərginləşir. Bu isə təbii ki, Rusiyanın xeyrinədir. Rusiya isə öz növbəsində İran neftini satmağa cəhd edir. Avropa İttifaqı başa düşür ki, Çin də onlara qarşı olsa, problemlər böyüyəcək. Son vaxtlar İran tərəfindən İraq gəmisinin tutulması haqqında bəyanat da bunun İraq gəmisi olmadığını göstərdi. Yəni vəziyyət həddən artıq gərgindir. Və əsas məqsəd də bu gərginlikdən istifadə edərək öz siyasi, iqtisadi və hərbi maraqlarını həyata keçirmək istəyidir. İran və onun nüvə proqramı isə sadəcə olaraq bu işlərdə istifadə ediləsi nəzərdə tutulan və istifadə edilən vasitə və üsuldur”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə musavat.com-a bildirdi ki, ABŞ-İran siyasi-iqtisadi qarşıdurmasının hərbi müstəviyə keçməsi rəsmi Tehranın bundan sonra atacağı addımlardan daha çox asılı olacaq: “ABŞ İranla nüvə müqaviləsi adlanan Altılıq ölkələri arasında bağlanmış Hərtərəfli Çərçivə sazişindən birtərəfli şəkildə çıxdıqdan sonra bu ölkəyə qarşı koalisiya yaratmaq planını həyata keçirməyə başladı. Qeyd edim ki, bundan əvvəl ABŞ-ın İraqa və Əfqanıstana hücum üçün yaratdığı koalisiya regiona sülh və təhlükəsizlik gətirmədiyi üçün artıq digər dövlətlər Vaşinqtonun İrana qarşı eyni ssenarisinə qoşulmaq siyasətində birmənalı deyil. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regionumuza səfərində məhz Cənubu Qafqaz ölkələrinin İrana qarşı embarqo və koalisiyaya cəlb etmək siyasəti fiaskoya uğradı. Rəsmi Bakı daim qeyd edib ki, öz ərazisi heç bir ölkəyə, həmçinin İrana qarşı hərbi plasdarm olmayacaq. Məhz bu kontekstdə Bakının siyasəti Vaşinqtona məlumdur. Amma Con Boltonun regiona səfərində Azərbaycanla İranın iqtisadi və nəqliyyat əlaqələrinin zəiflədilməsi məsələsinin qapalı görüşdə müzakirə olunduğunu istisna etmirəm. Azərbaycanın İranla müştərək layihələri və Şimal-Cənub Nəqliyyat dəhlizi vasitəsi ilə əməkdaşlıq formatına malikdir. Düzdür, İrana tətbiq oluna sanksiyalar nəticəsində İran tərəfindən birgə layihələrin daha da inkişafı üçün atacağı addımlar zəifləyib. Amma Azərbaycanın İranla bu istiqamətdə hər hansı bir siyasətində əskiklik yoxdur. Məhz Boltonun regiona səfərində İran siyasəti ilə bağlı planın baş tutmadığını qeyd etmək istəyirəm. Bolton İrana qarşı Tramp administrasiyasında hərbi müdaxilənin tərəfdarıdır və region dövlətləri vasitəsi ilə İranı iqtisadi blokadaya almaq planlarını reallaşdırmağa çalışır. Göründüyü kimi, Vaşinqtonun koalisiya cəhdi baş tutmadı və bu aspektdə siyasətini hərbi manevrlərlə əvəzlədi. İrana qarşı körfəzdə hərbi imkanlarını artırdı”. M.Əsədullazadə hesab edir ki, Hörmüz körfəzində İranla ABŞ arasında ciddi əsəb və psixoloji savaş gedir: “Hörmüz boğazında İranın da provokasiyaları davam edir. Digər ölkələrə məxsus tankerlər saxlanılır. Tehranın bu davranışları müharibə riskini yaxınlaşdırır.

ABŞ Tehranın bu siyasətinin qarşısını almaq üçün İsraillə hərəkət etməsi mümkün ola bilər. Cavad Zərifə sanksiyaların tətbiqi göstərir ki, İranla bağlı siyasət dəyişməyəcək və daha da radikal addımlar atılacaq. Tehran rejimi də dialoqda maraqlı görünmür və bilir ki, mümkün dialoq Vaşinqtonun şərtlərinin diktəsi deməkdir. Ona görə də bu kimi danışıqlar mümkün görünmür və İran regionda öz silahlı dəstək verdiyi təşkilatlar vasitəsi ilə ABŞ və İsrailə qarşı vəkalət müharibəsi aparmaqda israrlıdır. Regionda yeni düzənin formalaşmasına və strateji maraqların toqquşması nəticəsində müharibənin alovlanması mümkün variantdır. Hələ ki, İranı danışıqlara cəlb edirlər və çalışırlar ki, Tehranı provokasiyalara çəksinlər. ABŞ-ın Yaxın Şərq üzrə planına əsasən İran rejimi çökməli və yeni modelli İran dövləti yaradılmalı, Vaşinqtonu təsiri altında olmalıdır. Bu istiqamətdə savaş davam edəcək. Yaxın perspektivdə İsrail və ABŞ İrana zərbələr endirməsə də, Hörmüz boğazında lokal döyüşün baş verməsi mümkündür.”

Short URL: http://www.cumhuriyyet.net/?p=131641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728