Xətaini qaldırıb Rəsulzadəni aşağılayanlar

06.08.2019 - 11:43

Tanınmış iqtisadçı-alim, professor Saleh Məmmədovun Musavat.com-da deputat Fazil Mustafaya ünvanlı tənqid ruhlu məqaləsini oxudum. Açığı, bir az da oxumağıma peşman oldum. Bu haqda az sonra.

Əvvəla, Fazil bəyin Şah İsmayıl Xətai ilə bağlı məlum fikirlərini mən də bəyənmirəm, xətalı sayıram. Qəlib və paradiqmaları dəyişmək elə də asan deyil. Bununla belə, Fazil bəyin mülahizələrinə hörmətlə yanaşmağın tərəfdarıyam.

Məncə, bu məsələdə daha çox savadlı tarixçilər, işin içində olan peşəkarlar danışsa, yaxşı olar. Necə ki, saxta “erməni soyqırımı” məsələsində Türkiyə on illərdir israr edir ki, “tarixçilərdən ibarət ortaq komissiya yaradılsın və o komissiya da hansı qərarı verər, biz qəbul edərik” deyir. Ermənilər isə razı olmur. Çünki arxivlərdə nələrin yatdığını yaxşı bilirlər…

Mövzudan uzaqlaşmayaq.

Hiss olunur ki, hörmətli Saleh bəy də yazısında Şah İsmayıl mövzusuna öz töhfəsini verməyə çalışıb. Ancaq yaxşı iqtisadçı olsa da (onun bu mövzuda yazıların həmişə maraq və həvəslə oxuyuram), təəssüf ki, Saleh bəy tarixçi olmadığından gedib girib badımcanlığa. Qatıq bankalarını əlindən salıb, sındırıb. Əsas məsələ qalıb qıraqda, başlayıb Fazil Mustafanın inancını, daha betəri, onun timsalında islamı və bütün müsəlmanları, onların dinini aşağılamağa. Müxtəsəri, yenə öz ateistliyini ortaya qoyub. Guya indi ateist Saleh Məmmədov mömin (şiə) Şah İsmayılı (sünni) Fazil Mustafadan müdafiə edəcəkmiş. Bu təzadı hələ qoyaq kənara.

Mən də tarixçi deyiləm. Sıradan bir müsəlmanam, öz dinini, dilini sevən insanam. Sovet dövründə Leninqradda (indiki Sank-Peterburqda) ali tibb təhsili almışam. “Yeni Müsavat” qəzetinin redaktoruyam. Namaz qılıb oruc tutan, ibadətini pis-yaxşı yerinə yetirməyə çalışan biriyəm. Millətimi heç də sizdən az istəmirəm. İŞİD, “Əl-Qaida”, “Taliban”, “Ən-Nusra” üzvü də deyiləm.

Göründüyü kimi, inancım işimə, təhsil almağıma əsla mane olmayıb, olmur. Məni radikala da çevirə bilməyib. Eləcə də mənim kimi yüz milyonlarla insan. O zaman bizi, inancımızı, dinimizi niyə aşağılayırsız, Saleh bəy? “İslam beyinlərə yeridilən zəhərdir” deyirsiz. Yəni siz AXC hökumətinin keçmiş üzvü kimi, istiqlalımızın banisi, mömin və modern müsəlman olmuş böyük Məmməd Əmin Rəsulzadədən də ağıllı çıxdınız?! Heç onun əsərlərindən xəbəriniz yoxmu? Rəsulzadənin islama, Allaha qarşı çıxmasını gördünüzmü, oxudunuzmu? Rəsulzadə də, Xətai də islama tapınanlar olublar…

Saleh bəy, hansısa konstitusiyaya əməl olunmursa, bunun günahını ona əməl etməyənlərdə deyil, konstitusiyada axtarmaq sizcə doğrumu? İslam əxlaq dinidir, əxlaq kodeksidir. Qurani-kərim də onun konstitusiyası. Ona pis, ya yaxşı əməl edənlər var. Anlayan-anlamayanlar var.

Ancaq pisə görə böyük bir dini, bir milyard yarım insanı aşağılamaq, yumşaq desək, ziyalılıqdan kənar davranışdır. İslamı “zəhər” adlandırırsız, amma öz içinizdəki zəhəri görmürsünüz…

Bu da faktdır ki, Saleh Məmmədov da daxil, əksər anti-islamçılar haqq-nahaq bütün bəlaların kökünü dində axtarmağı sevirlər. Hərçənd islam ölkəsi olmayan, lakin geridə qalan onlarla kasıb ölkə var. Bir neçəsi elə ABŞ-ın qonşuğundadır – Latın Amerikası ölkələri, Venesuela.

Söz düşmüşkən, dünyaya hökm edən ABŞ-da ateizmin səviyyəsi xristian dünyası üzrə ən aşağıdır. Amerikanın prezidentindən tutmuş konqresmenlərinədək, hamısı vaxtaşırı kilsəyə gedir. ABŞ prezidenti and içəndə İncilə də əl basır…

İslamı bütün problemlərin səbəbi kimi görmək – ən asan yoldur. Bir az da məsuliyyətdən yayınmaq və millət içində təfriqə salmaq cəhdidir. Amma inanın, Saleh bəy, biz də cahilliyə, xurafata qarşıyıq. Amma sizdən fərqli olaraq, bunu öz dinimizi, millətimizi, ümməti sevə-sevə edirik.

Yaxşı. 20-ci əsrə 30-cu illərinə kimi əlifbamız ərəb əlifbası olub. İndi neyləyək, ərəbcə bütün mənbələrimizin, yazılı qaynaqlarımızın, əsərlərimizin yandıraq? Axı bunu da bizə “vəhşi ərəblər” sırımayıb, sadəcə, öz əlifbamız olmadığı üçün istifadə eləmişik. Özümüzünkünü yarada bilməmişik də.

Ərəblərə lağ edirsiz, amma bu millət mədəniyyət də yaradıb axı. Rəqəmlər (0 1 2 3 4…) kimindi? Ərəblərin. Bütün dünya ondan istifadə edir. Ərəb dili dünyada ən zəngin dil sayılır. Bu dildə heç bir dildə olmayan sayda – 3 milyona yaxın söz var. Yeganə dildir ki, zamanında bütün dillərə söz bağışlayıb (admiral, general, aptek, kimya və s. və i.a.) amma özü bircə söz də almayıb. Bəlkə Rəbbimiz elə buna görə Quranı o dildə – dünyanın ən zəngin dilində və gözəl əlifbasında nazil eləmək istəyib?..

Deyirlər əsl elm – Allahın dərkinə aparan ən qısa yoldur. Elə Allah da, deyirlər, öz elmi ilə bəşəriyyətin inkişafına xidmət edən alimləri sevər. “Alimin mürəkkəbi şəhid qanlından qiymətlidir”, “Elm uzaq Çində də olsa dalınca gedin” buyurub islam peyğəmbəri (s).

Mən şəxsən, öz payıma ateist həkim tanımıram. Beləsi varsa da onun əlinin şəfqətinə şübhə edirəm. Ona görə ki, anatomiyadan, biokimyadan, mikrobiologiyadan, farmakoqnoziyadan, astronomiyadan, fizikadan azacıq məlumatı olanlar zərrəcə Allaha şəkk eləməz. Allaha inanan isə onun peyğəmbərlərinə, kitablarına da inanar. Nyuton kimi dahi alim də öz varlığı qədər Allaha iman gətirən adam olub və buna məhz elmi araşıdırmaları nəticəsində əmin olub. Bu faktı bilməyən yoxdur.

Bir də ki, peyğəmbərlərin milliyyəti olmaz. Çünki onlar bütün bəşəriyyətə rəhmət olaraq göndərilib. Qəlbi möhürlənənlər bunu anlamaz. İsa peyğmbərin yəhudi olması ingilisə, yunana, ispana, italyana xristian olmağa mane olmur. İncil ingiliscə nazil olmayıb ki. Quran da hansısa dildə nazil olmalı idi də. Maraqlıdır, görəsən türkcə nazil olsaydı, Saleh bəy ona tapınardımı?..

Sözümüzün canı odur ki, hərə öz işi ilə məşğul olsa yaxşıdır, Saleh bəy. Siz də öz işinizlə məşğul olun. Yoxsa qaş düzəldən yerdə gözü vurub çıxarırsınız. Tarix, illah da islam tarixi sizlik deyil. İnanın, deyil! Başqasının inancını ələ salmağı sizə yaraşdırmıram. Göyə də daş atmayın! Siz elə iqtisadi mövzularda yazsanız bəs edər – hələ ki faydası olmasa da… (Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=131682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728