Müxalifət iqtidarın gəncləşmə siyasətinə Əli İnsanovla “cavab verdi”!

06.11.2019 - 16:16

“Siyasi resursların toparlanması zərurətini nəzərə alaraq…” – Müsavat başqanı Arif Hacılı öz sosial şəbəkə səhifəsində müxalif düşərgənin öndə gedən simalarını Əli İnsanovun “başına toplamaq” ideyasını məhz bu cür izah edib. Bu, o deməkdir ki, A.Hacılı və ümumilikdə müxalifətin məlum dəyirmi masasına qatılanlar Əli İnsanovu həmin “siyasi resursun” önəmli bir hissəsi hesab edirlər.

Doğrusu, az qala 40 ilin müxalifətçisi olan, hər cür təzyiqlər, məhrumiyyətlər görən A.Hacılının və digər müxalifət liderlərinin xüsusi təqdimata ehtiyacı olmayan Əli İnsanovu əhəmiyyətli “siyasi resurs” hesab edib də onun başına toplaşacaq duruma düşməsi insanda ifadə edilməsi çətin olan hisslər yaradır. Yəni müxalif düşərgə bu qədər zəif, aciz və köməksiz duruma düşübmü ki, Əli İnsanovun başına toplaşmaq məcburiyyətində qalıb? Guya A.Hacılı və digərləri Ə.İnsanovu Müsavatın qərargahına gətirən yeganə qüvvənin sadəcə hakimiyyətə qarşı onun daxilindəki kin, nifrət, hikkə olduğunu anlamırlar? Əlbəttə ki, anlayırlar. Onlar özlüyündə buna siyasi manevr, gediş və s. adı qoyub da əksər demokratik ölkələrdə bunun adi hal olduğunu deyə bilərlər. Ancaq sıravi ölkə vətəndaşının, lap elə müxalif elektoratın gözündə bu gün Ə.İnsanovun müxalifət liderlərilə bir sırada durması, ilk olaraq ona söz verilməsi kimi hərəkətlər xəyal qırıqlığından və ikrahdan başqa heç bir hiss yaratmır…

Görəsən, İnsanovu başa çəkənlər küçələrə çağırdıqları, döyülüb-söyülən tərəfdarlarından heç soruşublarmı ki, onların bu şəxsə münasibəti necədir? Bu gün regionçuluqdan tutmuş qohumbazlığa, korrupsiyaya qədər bir çox bəlalar görmüş, həmçinin də səhiyyədəki problemlərdən əziyyət çəkən insanlarımızın əzablarında Əli İnsanovun da keçmişdən qalma özünəməxsus payı yoxdurmu? Axı bu problemlərin banilərindən biri də odur. İnanın ki, əgər bu şəxs hazırda da hakim elitada təmsil olunsaydı və hakimiyyətdəki təmizləmələr baş verməsəydi, bu gün müxalif siyasi fəallara qarşı təzyiq, təhqir və təhdid yağdıranların, bütün əndazələri aşaraq ən əxlaqsız davranışlara əl atmağa hazır olanların mənəvi atası məhz o olacaqdı! Buna qəti şübhəniz olmasın!

masa

Dünya təcrübəsi göstərir ki, çox zaman açıq şəkildə narazılığını ifadə edərək, hakim komandadan ayrılan və narazı elektoratı ətrafında toplaya bilənlər ciddi siyasi uğurlar qazanır, müxalifəti gücləndirir, hətta hakimiyyət dəyişikliyinə nail ola bilirlər. Bəs görəsən, bizim müxalifətdə heç düşünən olubmu ki, niyə indiyə qədər hakimiyyətdəki, yüksək demirik, heç olmasa orta ranqlı bircə məmur vəzifəsindən könüllü şəkildə istefa verərək, müxalifətə keçdiyini bəyan etməyib? Niyə? Çünki qarşı tərəfdən “gözləri su içməyib”. Bu düşərgədə xüsusilə də eks-prezident Əbülfəz Elçibəydən sonra nə ideya təəssübkeşliyi, nə sədaqət, nə də iradə görüblər. Nə vaxta qədər yalnız hakimiyyətdən qovulan, gözdən salınan, heç bir siyasi çəkisi, dəyəri olmayan şəxsləri ucuz kafelərdəki uçan hər şeyi özünə yapışdıran yapışqan lent kimi özlərinə cəlb edəcəklər axı? Niyə öz səhvlərini və bu səhvlərin onların elektoratında yaratdığı ruh düşkünlüyünü, ümidsizliyi heç vaxt təhlil etmək istəməyiblər?

Bəs indi nə baş verir? Hakimiyyət kifayət qədər ciddi və insanlarda ümid yaradan siyasi gediş edib – hökumətdəki mühafizəkar qüvvə siyasi səhnədən uzaqlaşdırılır, Əli İnsanov sifətlilər bir-bir istirahətə, arxivə göndərilir. Yəni ən azından xarici görünüş dəyişir və cəmiyyətdə bu dəyişikliyin mahiyyətə də sirayət edəcəyinə dair ümid formalaşdırılır. Cavan, reputasiyası ciddi şəkildə zədələnməyən, tutduqları postlarda müəyyən uğurlar qazanan və ən azından insanlarda antipatiya yaratmayan kadrlar önə çəkilir. Müxalifət isə əksinə, “geriyə doğru irəli!” şüarı ilə hərəkət edir. Nə xarici görünüşünü, nə də mahiyyətini yeniləyir – nazir olduğu dövrlərdə yekəxanalığın, məmur harınlığının, saymazlığın, nəhayət, korrupsiyanın simvoluna çevrilən şəxsdən özünə yeni “sifət” düzəltməyə çalışır. Budurmu hakimiyyətin GƏNCLƏŞMƏ, TƏMİZLƏNMƏ, İSLAHAT siyasətinə müxalifətin cavabı? Axı bu, siyasi mübarizəyə hələ başlamadan məğlub olmaq deməkdir. İndiyə kimi dəfələrlə buna bənzər addımlar atılıb – hansısa uğur əldə edilibmi?

mikayil-ilham-960x640

 

Hər hansı bir kadrı ideallaşdırmaq fikrindən uzağıq. Ancaq Mikayıl Cabbarovun, İnam Kərimovun, Ramiz Mehdiyevi – Əli İnsanovun əsas düşmənini əvəz edən 44 yaşlı Samir Nuriyevin və digər gənclərin, Qərb təhsilli intellektualların qarşısına kiminlə çıxır müxalifət – Əli İnsanovlamı?

Daha bir sual: niyə, xüsusilə də son illərdə bircə tanınmış, perspektivli gənc alimin, mütəxəssisin, ziyalının cəsarət göstərərək, müxalif düşərgəyə keçməsini, siyasi proseslərə fəal qoşulmasını görmürük? Bu sualı özlərinə veriblərmi? Bunu təkcə qorxu ilə, xofla əlaqələndirmək yalnız bəhanə ola bilər. Sadəcə, ağıllı, düşünmə, təhlil etmə, qiymət vermə qabiliyyəti olan istənilən gənc ortadakı səbatsızlığı, iradəsizliyi və ən əsası da prinsipsizliyi görməyə bilmir…

Prinsipiallıqdan söz açmışkən, bu günlərdə sosial şəbəkələrdə rast gəldiyimiz bir fikri yada salmamaq olmur. Hitler Almaniyası İkinci Dünya Müharibəsi dönəmində hələ inqilab vaxtından bolşeviklərin qatı düşməni olan general Denikinə uzun illər bolşeviklərə xidmət edib, sonradan əsir düşərək, onlara qarşı döyüşməyə razılıq verən general Vlasovla birləşməyi və SSRİ-yə qarşı birgə savaşmağı təklif edib. Lakin Denikinin bolşeviklərə qarşı nə qədər böyük nifrəti olsa da, Vlasovla əməkdaşlıqdan imtina edir. Almanların “axı Siz də bolşeviklərə qarşısınız” sözlərinə isə Denikin “elədir, amma Vlasovdan fərqli olaraq, mən bolşeviklərə xidmət etməmişəm” deyə cavab verir…

Beləliklə, 73 yaşlı Əli İnsanovu masanın başına keçirən müxalifət – Əli Kərimli, İsa Qəmbər və digərləri insanlara “xalq hərəkatı” vəd edirlər. İqtidarda sürətli yenilənmənin getdiyi bir dönəmdə keçmişin yaramaz qalığı olan İnsanovla bir masa ətrafına əyləşən müxalifət, xalqı hansı “hərəkata” apara bilər? Hansı “xalq hərəkatı”ndan, təşkilatlanmadan söhbət gedə bilər ki, bu insanlar avtoqəzada ağır xəsarət almış bir silahdaşlarının müalicəsinin təşkili üçün həmin xalqdan 10-15 min manatın toplanmasını işini belə təşkil edə bilmirlər. Nəticədə, həmin müxalifətçinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürür.

Beləliklə, “Keçmişə doğru irəli!” şüarı ilə sıraya düzülmüş müxalifətə “yaxşı yol” deməkdən başqa çarə qalmır…

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930