“Vəziyyəti ağır olanları xilas edə bilməyəcəyik”. Rusiyada həkimlər koronavirusla və defisitlə necə mübarizə aparırlar?

17.04.2020 - 14:50

Martın 28-də Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin öz İnstagram hesabında yazmışdı ki, yerli iaşə işçiləri həkimlərə yemək paylamağa hazırlaşırlar. Az sonra həmin statusa şərh yazan həkim-anestezioloq Pavel Morozov bircə dənə də süni tənəffüs aparatının (STA) olmamasından və inhalyasiya cihazlarının azlığından şikayətlənmişdi:

“Bütün bunlar gözəldir. Amma! Balaxna Rayon Mərkəzi Xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsi tənəffüs problemi olan pasientlərə yardım etməyə hazır deyil. Ağır sətəlcəmli xəstələr gəlsə, heç nəylə xilas edə bilməyəcəyik. Elə özümüz də yoluxacağıq. Xəstəxananı avadanlıqlarla təmin etmək beləmi çətindir? Sizin yeməkləriniz bizə lazım deyil!”

Nijeqorod vilayətinin səhiyyə naziri Aleksandr Smirnov bir neçə saat sonra elə oradaca həkimə cavab yazaraq xəstəxanada 4 ədəd STA olduğunu, həkimlərin qoruyucu vasitələrlə təmin edildiyini və “ehtiyat fondu yaratmaq üçün” həkimlərin könüllü şəkildə maska tikdiklərini bildirmişdi.

BBC-yə açıqlamasında Morozov əməliyyat otaqlarında 4 ədəd anesteziya-tənəffüs aparatının olduğunu, virus pnevmoniyası üçün lazım olan STA-larınsa işləmədiyini deyib:

“Onların hamısının təmirə ehtiyacı var, indiki vəziyyətdə istifadələri təhlükəlidir. 12 çarpayıya 4 yarı-xarab aparat – bu normaldırmı? Qulluq edilmədiyi üçün 4-ü də sınıb. Qərara görə, hər çarpayının yanında biri olmalıdır. Qiyməti 1 milyon rubldur. Ölkə miqyasında 12 milyon rubl çoxmu böyük puldur?”

Rusiya Səhiyyə Nazirliyinin 2012-ci ildə müəyyənləşdirdiyi standarta görə, 6 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsində 7 STA olmalıdır. Bu standarta görə, Balaxna xəstəxanası 14 aparatla təmin edilməlidir.

BBC News Rusca xidməti Aleksandr Smirnova xəstəxananın həmin normaya uyğun olub-olmamasıyla bağlı sual ünvanlayıb və cavab gözləyir.

İnstagram-dakı yazışmalardan sonra xəstəxanadakı 4 aparatı təmirə göndərmək mümkün olub. Morozovun dediyinə görə, biri artıq işlək vəiyyətdə geri qaytarılıb.

Balaxna 50 min əhalisi olan kiçik əyalət şəhəridir. Nijni Novqoroddan 50 km məsafədə yerləşir.

Pavel Morozov şəhər xəstəxanasında təxminən 8 ildir ki, çalışır. O, Balaxnaya 2012-ci ildə gəlib – gənc mütəxəssislərə dəstək proqramı çərçivəsində. O, Səhiyyə Nazirliyinin ödədiyi ipotekanı geri qaytarmaq məcburiyyəti yaranmasın deyə 2022-ci ilə qədər orda qalmalıdır. Əvvəlcə Morozov doğum evində işləyib, səhiyyə sistemində optimallaşdırma başlayandan sonra xəstəxanaya keçməli olub.

“Problemin həlli üçün nəsə etmək lazım gəldiyini xəstəxana rəhbərliyinə bir neçə dəfə demişəm. Reanimasiyada növbətçi olduğum günlərdən sonrakı səhər toplantılarında da demişəm. Bəzi vaxtlarda aparat işləmədiyi üçün xəstəni xilas etmək üçün özümdən bir şeylər icad etməli olmuşam. Uşaq üçün tənəffüs konturu düzəldib yarıcan işləyən aparata qoşmuşam, sonra da səhərə kimi çarpayısının yanında oturub nəzarət etmişəm ki, uşaq ölməsin”.

Morozov deyir ki, bütün şikayətlərinə həmişə eyni cür cavab veriblər – xəstəxananın pulu yoxdur:

“2022-ci ilə kimi vəziyyət düsəlməsə, birmənalı şəkildə bu peşədən gedəcəm. Özəl klinikalarda qarışıq ixtisaslarda işləmək mənə bəs edər. Gecələr növbə çəkib sağlamlığımı itirmək, insanların ölümünə şahidlik etmək nəyimə lazımdır?”

Pavel Morozla bağlı insidentdən bir həftə sonra qubernator Qleb Nikitin bəyan edib ki, region STA istehsalına başlayıb.

Balaxna xəstəxanasının rəhbəri isə həkimlərə ağır xəstələrin ancaq istisna hallarda onlara göndəriləcəyini bildirib – 30 km aralıdakı Qorodes mərkəzi xəstəxanası həddindən artıq yüklənəndə.

STA qıtlığı və regionlarda avadanlıq tədarükü

Qoruyucu vasitələr və aparat qıtlığından sosial şəbəkələrdə digər vilayətlərin həkimləri də şikayətlənəndən sonra yerli hökumətlər çatışmayan avadanlıqları almağa başlayıblar.

Volqoqrad vilayətində yerli həkimlə qubernator arasında yaranmış konfliktsə federal kanallarda xəbər mövzusuna çevrilib.

Martın 31-də Kalaçev xəstəxanasının anestezioloq-reanimatoloqu Tatyana Revva “VKontakte” platformasındakı səhifəsində anesteziologiya və reanimasiya şöbəsinin rəhbəri Sergey Nazaretskinin qeydlərinin şəklini paylaşıb.

Məlum olub ki, o, hələ 2017-ci ildə rəhbərliyi xəstəxanadakı avadanlıq defisitindən xəbərdar edib. Başqa bir videosunda isə Revva “Həkimlər alyansı”nın müxalifətçi Aleksey Navalnıyla bağlı (xəstəxananın daha bir problemindən bəhs edən) məlumatını paylaşıb.

Onun sözlərinə görə, xəstəxana rəhbərliyinin dediyi 13 STA-nın bir neçəsi işləmir.

Həkimin videomüraciətindən sonra Kalaçev xəstəxanasının saytında “Viruslu yalan: Rusiya xəstəxanalarındakı vəziyyətlə bağlı saxta xəbərləri kimlər və niyə hazırlayırlar” başlıqlı, NTV-də yayımlanmış süjeti şərh edən yazı peyda olub və Revvanın dedikləri təkzib edilib.

Martın sonlarından etibarən həmin məqalə saytın əsas səhifəsində qalmaqdadır. Revva deyir ki, baş həkim ondan polisə və prokurorluğa şikayət ərizəsi yazıb, xəstəxana rəhbərliyi isə onun işdən getməsinə çalışır. Ancaq məhz onun çıxışından sonra aparatları təmirə göndərib, qoruyucu vasitələr və defibrilyatorlar alıb.

BBC News Rusca xidməti bununla bağlı Kalaçev xəstəxanasına və Volqoqrad vilayətinin səhiyyə komitəsinə sorğu göndərib və cavab gözləyir.

Hərçənd vilayətdə STA və tibbi ləvazimat tədarükünə başlandığı bilinən faktdır. Satınalmaların Təşkili Mərkəzi region xəstəxanaları üçün böyük həcmdə sifarişlər reallaşdırıb. Məsələn, martın sonu-aprelin əvvəllərində 36,4 milyon rubl dəyərində 26 ədəd STA-nın və 9,7 milyon rubl dəyərində tibbi ləvazimatın (reanimasiya hava yastıqları, havaqovucular və kateterlər) alışı üçün tender təşkil edib.

Rusiyanın digər bölgələrində də STA və qoruyucu vasitələrin tədarükü başlayıb. Məsələn, Federal Tibbi-Bioloji Agentliyin Volqaətrafı Regional Tibb Mərkəzi 53,7 milyon rubl dəyərində 4 ədəd STA və 5 ədəd anesteziya-tənəffüs aparatı satın alıb.

Nijeqorod Farmakologiyası isə 32 milyon rubl dəyərində 26 ədəd STA almağa hazırlaşır. Martın 23-də Orenburq vilayətinin klinik xəstəxanası yeganə təchizatçıdan 19,9 milyon rubl dəyərində 10 ədəd STA satın alıb. Ural cihazqayırma zavodu STA istehsalına başlamaq üçün təcili surətdə ləvazimat (nəfəs konturları, monitorlar) almağa başlayıb.

Qoruyucu vasitələrin az olduğu Krasnodarda 87 ədəd boyaçı kostyumu alıblar. Vilayətin operativ qərargahı bu kostyumun “tibbi qoruyucu vasitələrdən geri qalmadığını” bildirib.

Koronavirusun xəstəxanalarda peyda olması və qoruyucu vasitələrin təcili axtarışları

Bəzi regionlarda ancaq xəstəxana personalı virusa yoluxandan sonra problemlər yaranıb. Belə hallarda qoruyucu vasitələrin defisiti xüsusilə kəskin hiss olunub. Bu vəziyyət həkimlərə xüsusilə pis təsir edib.

Birsk xəstəxanasında həkim-ginekoloq işləyən Gözəl Fathullina hazırda azyaşlı qızına görə xəstəlik məzuniyyətindədir. Həmin xəstəxanada anestezioloq-reanimatoloq işləyən əri Vagiz aprelin 6-da zəng vurub deyib ki, onu və daha 3 həmkarını terapiya və cərrahiyyə şöbələrində karantinə qapadıblar, çünki pasientlərdən birində koronavirus aşkarlanıb. Bu, Birskdə ilk yoluxma faktıydı.

Fathullinanın dediyinə görə, xəstəxanada viruslu pasientlərin qəbuluna hazırlıq gedib, ancaq qoruyucu geyimlər təcrid edilmiş həkimlərin heç də hamısına çatmayıb.

Image captionBirsk xəstəxanasında həkim və epidemioloq

“Mənəvi baxımdan çox ağır vəziyyətiydi. Ərim xahiş etdi ki, dalğıc maskaları sifariş edim. Başa düşürsüz? Mən gözləməyi məsləhət gördüm, bəlkə yardım gələcək deyə. Ancaq o razılaşmadı, nə qədər tez olsa, o qədər yaxşıdır dedi”.

Gözəl şəhərdəki bütün mağazalara zəng edib, ancaq nə eynək, nə də maska tapa bilib. Respiratorları yalnız Moskvadan və internet vasitəsilə sifariş etmək olardı, çatdırılmanı isə 2 həftədən sonraya vəd edirdilər.

Ona görə də Fathullina “İnstaqram”da status yazaraq ərinə və onun həmkarlarına kömək xahiş edib: “Ümidini tamamilə itirmiş biri kimi yazmışdım, amma dostlar-tanışlar səsimə hay verib könüllü şəkildə pul toplamağa başladılar. Özüm də pul qoydum. Ərimə yazığım gəlir… Başa düşürəm, borcunu yerinə yetirir. Mən də gedərdim, ancaq uşağımıza baxası adam yoxdur. Administrasiyanın və nazirliyin ərimi qorumalarını istəyirəm”.

Fathullina deyir ki, həkimləri şəxsi qoruyucu vasitələrlə ilk koronavirus xəstəsi aşkarlanan günün sonunda təmin ediblər. Həmin gün onlar şöbənin işini infeksiyayla mübarizəyə yönləndirməklə məşğul olublar: “Maskaları, respiratorları, kostyum və əlcəkləri həkimlər bu işi görüb qurtarandan, yoluxanlarla təmasda olandan sonra paylayıblar. Görünür, situasiyanın çox kritik olduğunu başa düşüblər”.

Fathullinanın tanışları xüsusi geyimlər üçün pulu bir neçə günə toplaya biliblər. “Vladimir Vladimiroviç Putinin Kommunarkada geyindiyi kostyumu görmüşdünüzmü? Biz həmin maskanın analoqlarını 3500 rubla tapdıq. Bir də vəbadan müdafiə kostyumları sifariş etdik” – Gözəl belə deyir.

Üç gün sonra Başqırdıstan rəhbəri Radi Habirov əhalini “dilənçilik etməməyə” çağırıb: “Mən bütün xəstəxanalarımızın baş həkimlərinə və tibb müəssisələrinin rəhbərlərinə müracitə edirəm. Kolleqalar, bizim respublikamız çox varlı, büdcəmiz çox böyükdür. Gəlin, dilənməyi saxlayaq. Qurtarın bu söhbətləri: “Mənə 50 sarğı verin”, “Mənə bir kilo xiyar verin”. Biz kömək lazım olan kimi pul ayırırıq. Ayıbdır”.

Fathillina deyir ki, sonradan Birsk xəstəxanasında daha iki pasientdə koronavirus aşkar edilib. Hazırda orda “Covid-19” diaqnozu təsdiqlənmiş 5 nəfər var və hamısına da STA qoşulub. Gözəlin sözlərinə görə, artıq Birsk administrasiyası xəstəxana həkimləri üçün ianələrin “rəsmi yığımına” icazə verib:

“Yardımsevər insanlar bu gün infeksiya şöbəsinə iki paltaryuyan maşın, çəkmələr və maskalar alıb gətirmişdilər. Axı, nə üçün bizim xəstəxana kağız dəsmal, yuyucu toz kimi xırda şeyləri ala bilmir? Belə şeyləri də sakinlər alıb gətirir”.

I

BBC News Rusca xidməti Birsk xəstəxanasına bununla bağlı sorğu göndərib və cavab gözləyir.

Sankt-Peterburqun Pokrov xəstəxanasında da oxşar situasiya yaranıb. Martın sonlarında həkimlər individual qoruyucu vasitələrlə təmin olunmaq tələbli videomüraciət yayıblar. Onlar rəhbərliyin hər şöbəyə sadəcə 1-2 dəst kostyum verdiyini bildiriblər. Sankt-Peterburq şəhərinin səhiyyə komitəsi isə Pokrov xəstəxanasının viruslu xəstələri qəbul etmədiyini və buna görə də ordakı həkimlərə vəbadan qoruma kostyumlarının lazım olmadığını bəyan edib.

Dörd gün sonra xəstəxanada 6 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb. İki gün sonra həkimlər 8 yoluxma haqqında məlumat veriblər. Həkim-anestezioloq Yuliya Tokareva “VKonatakte” profilindən şəhər sakinlərinə müraciət edərək xəstəxanaya respiratorlar, qoruyucu eynəklər, birdəfəlik geyim dəstləri, hündür baxillər və əlcəklər gətirməyi xahiş edib.

Aprelin 7-də sənaye və ticarət naziri Denis Manturov etiraf edib ki, ölkədə qoruyucu kostyum defisiti var.

Həkimlərin həddindən artıq yüklənməsi

“Artıq xəstəxanalar dolub-daşır. Həkimlər fasiləsiz işləyirlər… Və yıxılırlar… Mənim kimi… Məndən daha pis yıxılanlar var, həmkarlarımın çoxu ikitərəfli sətəlcəmdən müalicə olunur, həm də oksigen dəstəyilə…” – həkim Aleksandr Melikov bunları aprelin 5-də deyib, onda koronavirus diaqnozu təsdiqlənən gün. Melikov Moskvanın Elmi-parkitiki Təcili Tibbi Yardım Mərkəzində işləyir.

Yoluxma hallarının Moskvadakından xeyli az olduğu regionlarda da həkimlər işlərinin çoxaldığını deyirlər.

Məsələn, Sverdlovsk vilayətində 93 yoluxma faktı qeydə alınıb (aprelin 14-ünə olan məlumat). Yekaterinburqda “Covid-19” xəstələrini hələ ki, ancaq iki xəstəxana qəbul edir. Başqalarını digər xəstəxanalara göndərirlər. Poliklinikalar da gərgin iş rejimində fəaliyyət göstərir.

Martın ortalarından etibarən terapevtlər evlərə, o cümlədən, risk zonasındakı şəxslərin (bu yaxınlarda xaricdən qayıdanların və ya onların yaxınlarının) çağırışlarına getməyə başlayıblar.

Yekaterinburqda ilk yoluxmalara qədər poliklinikada yarım ştatla terapevt işləyən Vera (Müsahibimizin xahişinə görə ad dəyişdirilib) hələ üç həftə əvvəl xəstələrini profilaktika şöbəsində – “sakit və rahat yerdə” qəbul edib.

Bütün profilaktik tədbir və qəbullar dayandırılandan sonra o, “ciddi həkim qıtlığı” olan başqa bir poliklinikada tam iş günüylə sahə həkimi kimi çalışmağa başlayıb.

Vera deyir ki, “Həkimləri bir yerdən o biri yerə atırlar, stabillik qalmayıb. Xəstələr bir-birini yoluxdurmasınlar deyə indi onları evlərində müayinə edirik”.

Yüksək təzyiq kimi adi çağırışlara getməklə yanaşı, Vera və həmkarları xaricdən qayıdan pasientlərə və ya koronavirus diaqnozu təsdiqlənmiş şəxslərlə ünsiyyətdə olanlara da nəzarət edirlər. Onların poliklinikası 400 nəfərə xidmət göstərir və bir həkim gün ərzində 30-a yaxın ev gəzməli olur. Vera artıq üçüncü həftədir ki, bazar günləri də növbəyə çağırıldığını deyir.

Bu yaxınlarda onun həmkarlarından birində virus aşkar edilib və onu xəstəxanaya yerləşdiriblər. Buna görə briqadanın yükü daha da artıb. Həkim defisit olduğu üçün hamısını karantinə göndərməyiblər.

“Ehtimal olunur ki, biz işdə qoruyucu kostyumlarda gəzirik və yoluxmuruq. Halbuki yalnız maska verilib. Ancaq bizi də təcrid etsələr, işləməyə adam qalmayacaq” – Vera belə deyir.

Nə onda, nə də həmkarlarında virus aşkarlanıb: “Şübhə olanda, hətta gecəylə də gəlib aparırlar. Mənim dalımca gələn olmayıb, deməli, hər şey yaxşıdır”.

Həkim ayrı-ayrı poliklinikalarda qoruyucu kostyumların müdafiə səviyyəsinin müxtəlif olduğunu deyir:

“Xəstəxananın birinci filialında eynək istədim, mənə səfeh kimi baxdılar. Üç həftə əvvəl eynəklər ümumiyyətlə yoxuydu. Vəziyyət daha da qəlizləşmiş olsa da, indi çalışdığım poliklinikada bununla bağlı problem yoxdur – birdəfəlik xalatlar da verirlər, əlcəklər də, respiratorlar da. Super müdafiə demək olmaz, amma çox bərbad da deyil”.

Yoluxmuşlarla ünsiyyətdə olmuş şəxsləri müayinəyə gedəndə Vera gödəkcəsinin və şalvarının üstündən məhz bu birdəfəlik xalatları geyinir. O özünün də yoluxa biləcəyini anlayır, ancaq poliklinika həkimlərinə bundan daha keyfiyyətli geyim vermirlər.

Hətta bir dəfə onlara özləri üçün maska tikəcəklərini deyiblər:

“Vəziyyət tez-tez dəyişir. Bir neçə gün əvvəl mənə dedilər ki, maska tikməyə hazırlaş, ehtiyatımız tükənir, yenilərini göndərməyi vəd edənsə yoxdur. Amma sonrakı gün maska problemi olmadı”.

Aprelin 8-də Vladimir Putin “bilavasitə koronavirus infeksiyasına yoluxmuş pasientlərlə” işləyən həkimlərə, feldşerlərə və təcili yardım sürücülərinə əlavə (25-80 min rubl civarında) ödənişlər veriləcəyini bildirib. Bu məqsədlə federal büdcədən 10 milyard rubl vəsait ayrılıb.

Təsdiqlənməmiş diaqnozlu şəxslərə sahə həkimi kimi xidmət göstərən həkimlər də o siyahıda varmı? Bunu özləri də bilmirlər. “Formal olaraq biz koronaviruslu xəstələrlə işləmirik. Ancaq həkimlərimizdən biri necəsə yoluxub, axı. Uyğunsuzluq yaranır” – Vera belə deyir.

Poliklinikada onlara əlavə ödəniş alacaqlarını bildiriblər, ancaq dəqiq məbləğ deməyiblər. “Əlbəttə, bu, nə 40 min, nə də 80 min rubl olacaq. Bilmirəm nə qədər verəcəklər. Yaxma götürməyə başlasam, bəlkə 200 rubl əlavə edərlər” – Vera belə təxmin edir.

Sverdlovsk vilayətinin qubernatoru region xəstəxanaları üçün qrantlar ayrılması barədə qərar imzalayıb. Həmin qərara görə, ilkin tibbi yardım göstərən digər həkimlər kimi, Veraya da 15 min rubl verilə bilər. Vilayətdə maksimum ödəniş 40 min rubl olacaq – bu məbləği xəstəxanalarda koronavirus xəstələrini müalicə edən həkimlər alacaq.

Vera deyir ki, riskləri düşünüb narahat olamağa vaxtı yoxdur: “Mən başa düşürəm ki, virus cavanlara da yoluxa bilir, ancaq buna əhəmiyyət verməməyə çalışıram. Beynimi daha çox o məşğul edir ki, ehtiyacı olan hər kəsə yetişim, kənarda qalan olmasın, karantindəkilərin hamısına vaxtında xəstəlik vərəqi verə bilim. Həkimlərin yükü həqiqətən artıb, yəni şikayətləri yersiz deyil. Rəhbərlik praktikantları da işə cəlb edərək vəziyyəti maksimum yüngülləşdirməyə çalışır. Başqa kimi cəlb etsinlər ki?”

Optimallaşdırma və ixtisarlar

Rusiya Dövlət Statistika Xidmətinin (DSX) məlumatına görə, 2010-18-ci illər aralığında ölkədə 166,7 min xəstəxana çarpayısı ixtisar edilib. İxtisarlar infeksiya şöbələrini də əhatə edib. 2000-ci ildə bu şöbələrdə toplam 103,4 min, 2012-ci ildə 70 mindən bir qədər çox, 2018-ci ildəsə 59,3 min yer olub.

2012-ci ildə Moskvada bir neçə infeksiya şöbəsini, o cümldən, 3 nömrəli infeksiya xəstəxanasını ləğv ediblər. Onda Moskvanın baş infeksionisti Nikolay Malışev demişdi ki, bu sahə üzrə şəhərdə çarpayı qıtlığı yoxdur və hər hansı virusla bağlı pandemiya olarsa, “şəhərin səhiyyə sistemi operativ şəkildə profil dəyişməsi təşkil edə bilər”.

Optimallaşdırma məqsədilə bütün regionlarda həkimləri, o cümlədən, böyük və kiçik tibbi personalı ixtisar etmişdilər. DSX-nin məlumatına görə, 2013-2019-cu illərdə Rusiyada həkimlərin sayı 578 mindən 565 minə, böyük tibb işçilərinin sayı 1,442 milyondan 1,314 milyona, kiçik tibb işçilərinin sayı isə 687 mindən 264 minə enib.

Moskvada həkimlərin sayı 6 min nəfər, böyük tibb işçilərinin sayı 28 min nəfər azalıb. Moskva əmək bazarında ən dramatik vəziyyət kiçik tibb işçilərinin ixtisarında yaşanıb – 43,8 min nəfərin cəmi 9,7 mini qalıb.

Səhiyyə sistemindəki kadr böhranı keçmiş səhiyyə naziri Veronika Skvorsovanın islahatlarının nəticəsidir. O, bu vəzifəni 2012-2020-ci illər aralığında icra edib (hökumət tam tərkibdə istefaya gedənə qədər).

Səhiyyə sistemində 10 ilə yaxın islahat prosesi gedib. Məqsəd keyfiyyətsiz xəstəxanaları ləğv etməklə xərcləri optimallaşdırmaq, “yüksək texnologiyalı tibb müəssilərindən” istifadəni artırmaq, tibbi yardımın keyfiyyətini yaxşılaşdırmaq olub.

Ali İqtisadiyyat Məktəbinin professoru, iqtisadçı Yevgeni Qontmaher deyir ki, səhiyyə sistemində çalışanların azalmasının səbəblərindən biri də prezidentin may sərəncamlarıdır. Onda Putin tələb etmişdi ki, 2018-ci ilin əvvəlinə kimi həkimlərin maaşı region üzrə orta əmək haqqının 200%-i qədər olmalıdır.

Qontmaher tibb müəssisələri rəhbərlərinin buna nail olmaq üçün ştatları ixtisar etmək məcburiyyətində qaldıqlarını deyir, çünki Putinin tapşırığına əməl etməyə yetəcək qədər pul ayrılmamışdı.

2012-ci ildən etibarən federal büdcənin səhiyyə xərcləri azalmaqda davam edib – 613 milyard rubldan 439 milyar rubla (2017) qədər. Yalnız 2019-cu ildə büdcənin bu xərc maddəsi yenidən artaraq 713 milyard rubl olub. Müqayisə üçün deyək ki, bütün bu illər ərzində ölkənin müdafiə xərcləri 1,8 trilyondan 3,7 trilyona qədər artırılıb. 2020-ci ildə hökumət səhiyyəyə 1,022 trilyon vəsait ayırmağı planlaşdırır.

Səhiyyə Siyasəti Mərkəzinin direktoru Sergey Şişkin deyir ki, kadr və çarpayı ixtisarları olmasaydı, Rusiyanın koronavirus pandemiyasından yayına bilərdi demək doğru olmazdı:

“Digər ölkələrdə olduğu kimi, Rusiyada da islahatlar və modernləşdirmə belə bir epidemiya ehtimalı nəzərə alınmadan həyata keçirilib. Xəstələrin stasionar müalicəsinə ehtiyacın bu səviyyədə artmasına nə biz hazırıydıq, nə Avropa, nə də Amerika.

Tibbi yardım sistemindəki struktur yenilənməsi çarpayı sayının azalmasına gətirib çıxardı və bu, epidemiya dövründə tibbi yardım ehtiyacıyla həqiqətən də ziddiyyət yaratdı. Ancaq indi baş verənləri heç kim təxmin edə bilməzdi. Biz çarpayıları ixtisar etməsəydik belə, bu qədər çox sayda pasientin yerləşdirilməsi problemli olacaqdı”.

BBC News Rusca xidməti bununla bağlı Səhiyyə Naziriyinə sorğu göndərib və cavab gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31