“Xudafərin” və “Qız qalası” bəndləri haqqında gerçəklər: TAM TƏFƏRRÜAT

19.05.2020 - 08:40

Bu günlərdə internet şəbəkələrində məskunlaşmış müxalifət təbliğatçıları və bəzi ekspertlər Qarabağ ətrafında sözün əsl mənasında fırtına qopardılar. Xeyr, onların müzakirə mövzusu heç də indiki danışıqlar prosesi və Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin həllinin mərhələləri variantına dair sənədin danışıqlar masasında olduğu barədə  Ermənistan baş naziri Nikol Paşinyanın müxalifət tərəfindən küncə sıxılması ilə nəticələnən bəyanatı deyildi. Fırtına düz dörd il əvvəl Azərbaycan nümayəndə heyətinin İrana rəsmi səfəri zamanı imzalanmış çoxsaylı sənədlərdən biri ətrafında qopdu.

Hakimiyyətin üzərinə Qarabağ məsələsi ilə bağlı hücuma keçənlərin dedikləri kimi, heç demə 2016-cı ilin fevralında Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” su anbarlarının tikintisi layihəsinə dair saziş imzalanıbmış və həmin sənəd ictimaiyyətdən gizli saxlanılmaqla layihə ərazilərinin Azərbaycan hissəsinə nəzarət edən erməni işğalçı qoşunları üçün İrana birbaşa dəhliz açırmış.

Sənəd doğrudan da “gizlədilibmi”…

Bəs əslində nə baş verib? Azərbaycanla İran arasında dörd il əvvəl imzalanmış həmin sənədi kim gizlədib və ümumiyyətlə, rəsmi Bakı hazırda nəzarət etmədiyi Arazboyu ərazilərdə bu su anbarları layihəsinin birgə həyata keçirilməsinə razılıq verməklə bu müxalifət təbliğatçılarının iddia etdikləri kimi “xəyanətə” yol veribmi?

Əvvəla sənədin “ictimaiyyətdən gizlədilməsi” tezisi haqda. Həmin hökumətlərarası saziş “məxfi” və ya “tamamilə məxfi” qrifi daşımır,  digər rəsmi sənədlər kimi 2016-cı ildən normativ hüquqi aktların vahid internet elektron bazası olan e-qanun internet səhifəsi vasitəsi ilə ictimaiyyət üçün açıqdır. İstənilən şəxs bu sayta daxil olub sənədlə tanış ola bilərdi. Habelə Azərbaycan prezidentinin İrana 2016-cı ilin fevralında baş tutan səfəri və nəticələri çox geniş şəkildə AzərTAC və digər KİV-lərdə işıqlandırılmışdı. İqtisadiyyat naziri bu mövzu ilə bağlı “Azərtac”aa geniş müsahibə vermişdi.

Bəs necə olub ki, gecə-gündüz Qarabağ və işğal olunmuş torpaqlar barədə düşünənlər bu sənədi 4 ildən sonra görüblər? Axı məntiqlə bu iddiaları irəli sürənlər Qarabağa , işğal edilmiş aidiyyatı olan dair hər bəyanatı, açıqlamanı, görüşü və s. dörd gözlə izləməli idi, elə deyilmi?

İşğalçılarla İran arasında birbaşa kommunikasiya yaranıb?

Digər tezis-iddia olunur ki, həmin Sazişin nəticəsi olaraq Araz çayı üzərində İran tərəfdən körpülər tikilib, nəticədə işğal olunmuş Azərbaycan əraziləri ilə İran arasında birbaşa kommunikasiya yaranıb.

Bu məsələ ətrafında bir qədər geniş bəhs etməyə və zəruri xatırlatmalara ehtiyac yaranır. Məsələ bundadır ki, təxminən yarım əsrlik tarixə malik bu layihələrin icrası hələ 1970-ci illərə gedib çıxır. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran İslam Respublikası mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilmişdi. Daha sonra  SSRİ ilə İran arasında 6 dekabr 1988-ci ildə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdı. Bu Sazişin icrasına uyğun olaraq 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi də keçirilib.

Daha sonra SSRİ-nin dağılmasından və Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən bilavasitə sonra həmin layihələrin həyata keçirilməsi üzrə fəaliyyətlər davam etdirilibBelə ki, müstəqilliyimizin ilk illərində, yəni 18 may 1992-ci ildə Azərbaycan Nazirlər Kabineti “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında 267 saylı Qərar qəbul edib. Bu Qərara müvafiq olaraq, sözügedən layihənin gerçəkləşdirilməsi üçün kompleks təşkilati və texniki tədbirlərin görülməsi “Azərenerjitikinti” Dövlət şirkətinə və “Bakıhidrolayihə” İnstitutuna tapşırılırdı. Qərarda “Azərenerjitikinti” Dövlət şirkəti Azərbaycan tərəfdən həm sifarişçi, həm də baş podratçı təşkilat kimi müəyyən edilmiş və ona “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının vaxtında tikintisini təmin edən kompleks təşkilati-texniki tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, eləcə də bəndlərin vaxtında istifadəyə verilməsi həvalə edilmişdi.

1992-ci ildə, AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlişindən 10 gün sonra…

Qərarın icrası çərçivəsində o zaman Azərbaycan hökuməti tərəfindən səlahiyyətləndirilmiş “Azərenerjitikinti” Dövlət şirkəti bir həftə sonra, yəni 1992-ci il may ayının 25-də İran tərəfindən səlahiyyətləndirilmiş İran Enerji Nazirliyinin Şərqi Azərbaycan su idarəsinin rəhbəri ilə “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının tikintisini təmin edəcək ilkin obyektlərin müəyyənləşdirilməsi və tikintisi barədə Saziş imzalamışdılar. Bu Sazişdə, o cümlədən “Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, tikinti zonasında müvəqqəti avtomobil yollarının salınması, tikinti zonasında asfalt-beton örtüklü daimi yolların salınması” əks olunub.

Həmin Sazişin icrası daxilində yardımçı qurğular funksiyasını daşıyan iki körpünün tikilməsinə başlanılmışdı. Bu körpülərdən biri “Xudafərin”, digəri isə “Qız Qalası” layihəsi üçün nəzərdə tutulmuşdu.

Tikintisi başa çatdırılan “Xudafərin” bəndinin tikintisi üçün yardımçı körpünün 1993-cü ilin fevral ayında açılış mərasimi keçirilib, Azərbaycan və İran rəsmiləri mərasimdə iştirak ediblər. Həmin vaxt Arazboyu ərazilər hələ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməmişdi.

Paralel olaraq, Azərbaycan Hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlayıb,  amma torpaqlarımızın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb.

Nazirlər Kabinetinin məlum Qərarında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə bağlı tərəflərin hüquq və öhdəliklərini əks etdirən, o cümlədən bəndlərin tikintisi, birgə istismarı və idarəçiliyi məsələlərini özündə ehtiva edən çərçivə sazişinin bağlanmasının nəzərdə tutulmasına baxmayaraq, elə həmin Qərarla tikintinin başlanmasına start və səlahiyyətlər verildi. Bundan sonra bəndlər ətrafında gedən proseslər bu cür çərçivə sazişinin mövcud olmadığı şəraitdə baş verirdi.

Saziş bağlanmadan davam edən tikintinin yaratdığı fəsadlı nəticələr

Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi üçün müstəqil Azərbaycan Respublikası İranla hidroqovşaqların tikintisi, istifadəsi, istismarı, su və elektrik enerjisi ehtiyatlarının istifadəsi şərtlərini müəyyənləşdirən ikitərəfli saziş bağlamalı idi.

Lakin, müstəqil dövləti təmsil edən o dövrkü hakimiyyət belə saziş olmadan tikintiyə icazə vermişdi. Faktiki olaraq, ərazilərimizin işğalı ilə bağlı Azərbaycanın səlahiyyətli qurumlarının bəndlərin tikilməsində iştirakını dayandırdığı ana qədər bəndlərin tikilməsi üçün bütün lazımi layihə, smeta, təşkilati-texniki məsələlər razılaşdırılmışdı və tikinti ilə bağlı olan əksər kontraktlar imzalanmışdı. Hərçənd ki, iki ölkə arasında tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişi yox idi.

Eyni zamanda, İran həmin regionda su ehtiyatlarına kəskin ehtiyac duyurdu. Bu ehtiyacdan çıxış edərək, habelə o dövrkü Azərbaycan hakimiyyətinin qərarının mövcudluğunu nəzərə alaraq, İran tərəfi ərazilərimizin işğalından sonra tikintini birtərəfli qaydada davam etdirib.

Sonrakı dövrdə, yaranmış şəraitdən çıxış edən Azərbaycan tərəfi İran tərəfi ilə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən, hər iki tərəfin maraqlarına cavab verən şərtlərlə tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişinin bağlanmasında israrlı olub.

İranla uzun müddətli danışıqlardan sonra 2016-cı ilin fevralında belə şərtləri, xüsusilə Azərbaycanın bu infrastruktura sahibliyi, su və elektrik enerjisinin bərabərhüquqlu istifadə qaydaları, bəndlərin tikintisinin davam etdirilməsində, istifadə və istismarında Azərbaycanın iştirakını və nəzarətini təmin edən Saziş imzalanıb. Hansı ki, bu Saziş işğal faktorunun təsiri ilə bağlı narahatçılıqların azaldılmasına və aradan qaldırılmasına əsas yaradan mühüm beynəlxalq-hüquqi sənəddir.

Layihə birtərəflidirmi, Azərbaycanın maraqları nəzərə alınıbmı…

Hakimiyyətin ünvanına günlərdir səsləndirilən ittihamlara əsasən bu layihələrin birtərəfli olduğu, hətta milli maraqlara zidd və “xəyanət” olduğu iddia edilir. Əslində isə, bu iddiaları irəli sürənlər məsələnin tarixçəsini də düz-əməlli bilmirlər. Nəzərə almaq lazımdır ki,  Araz sərhəd çayıdır, onun üzərində və ətraf ərazilərində layihələrin həyata keçirilməsi iki qonşu dövlətin münasibətlərini inkişaf etdirmək niyyətindən irəli gəlir. Məsələn, Sazişin 1-ci maddəsində deyilir ki, Tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Hər iki Tərəfin maraqları suveren bərabərlik əsasında qorunur və Saziş beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunub.  Beləliklə, Saziş tamamilə Azərbaycan xalqının mənafeyinə və dövlətinin maraqlarına cavab verən sənəddir.

Müqavilənin tənzimlədiyi bütün məsələlərdə Azərbaycan və İranın bərabərhüquqlu fəaliyyət göstərməsi bütün müddəalarda öz əksini tapıb. İşğal olunmuş ərazilərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində tanınması, “Xudafərin” və “Qız qalası” kompleksinə münasibətdə suverenliyimiz, sahiblik hüquqlarımız və yurisdiksiyamızın şamil edilməsi dövlət maraqlarımızın təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu məqamda həmin obıvatellər sual qoyurlar: İran onsuz da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu müxtəlif formatlarda qəbul edilmiş birgə bəyanatlarda, qarşılıqlı saziş və sənədlərdə vurğulayır. O zaman İranın Azərbaycanın ərazi bütövlüyünü və işğal edilmi Arazboyu ərazilər üzərində suverenliyini tanıdığını bir daha  bu cür Sazişlə sübut etməyə nə gərək vardı?

Bəli, siyasi bəyanatlarda təbii ki, İran İslam Respublikası Azərbaycan Respublikasının suverenliyini və  ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Bir daha vurğulamaq lazımdır ki, bəndlərin inşa edildiyi və hazırda işğal altında olan Arazboyu ərazilərdə də bu suveren hüquqlar Azərbaycan dövlətinin müstəsna səlahiyyətidir.

Azərbaycanın bu ərazilərində bəndlər kompleksinin istismarı və idarə olunması ilə bağlı həyata keçirilən bütün fəaliyyətlərdə suveren tərəf kimi iştirakı suverenlikdən doğan hüquqların həyata keçirilməsini təmin edir. Başqa sözlə, Azərbaycan bu Saziş əsasında hüquqla ona məxsus olan haqqının istifadə olunmasını təmin edə bilib.

Habelə Saziş bütün işğal olunmuş ərazilərimizdə Azərbaycanın suverenliyinin təmin olunmasına yönəlmiş siyasi proseslərdə ölkəmizin mövqeyini möhkəmləndirir. Eyni zamanda, Saziş Ermənistanın işğalçılıq siyasətinə tezliklə son qoyulacağına ciddi ismarıcdır. Əminliklə demək olar ki, gec-tez Azərbaycan bütün işğal olunmuş ərazilərini geri qaytaracaq və həmin ərazilərin bərpası zamanı da Sazişin müstəsna əhəmiyyətini görəcəyik.

Növbəti ittiham bunun üzərində qurulur ki, Azərbaycan beynəlxalq sənədlərdə işğal edilmiş ərazilər üzərində nəzarət həyata keçirə bilmədiyini, bu ərazilərin o cümlədən narkotrafik üçün “boz zona” kimi istifadə edildiyini dəfələrlə bildirir. Bəs o zaman həmin Sazişi niyə imzalayıb?

Bu sualın da tutarlı cavabı var. Azərbaycanın beynəlxalq sənədlərə münasibətdə verdiyi bəyanatlar, qeyd-şərtlər və xüsusi rəylər hər bir beynəlxalq müqavilənin obyektindən doğan funksional fəaliyyətlə bağlı nəzərdə tutulur və suverenlikdən imtina anlamına gəlmir. Başqa sözlə, bu ərazilər üzərində Azərbaycanın suverenliyi istənilən halda davam edir. Azərbaycan bu əraziləri sahibidir, ərazilər üzərində sərəncam vermək və hüquq tətbiq etmək Azərbaycanın suveren dövlət kimi müstəsna hüququdur.

Bəyanatlar, qeyd-şərtlər və xüsusi rəylər isə işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd fəaliyyətlərə görə məsuliyyətin işğalçı dövlət olan Ermənistanın üzərinə qoyulmasını ehtiva edir.

Hidroqovşaqların yeri: kəndlər su altında qalıb?

Növbəti ittiham isə belədir-layihənin yeri düzgün seçilməyib. Hidroqovşaqlar əsasən Azərbaycan ərazilərində tikilib. Bəndlərin tikilməsi nəticəsində Azərbaycan tərəfindən bir çox kənd su altında qalıb.

Bu ittihamla bağlı qeyd olunmalıdır ki, Araz çayının suyunun tam və səmərəli tənzimlənməsi üçün çay üzərində kaskad tipli hidroqovşaqlar silsiləsinin son qurğusu olan Xudafərin və Qız-Qalası hidrokompleksinin layihəsi hələ 70-ci illərdə 50 ildən çox aparılmış hidromüşahidələrin nəticəsində tam və qəti surətdə təyin olunmuşdu.

Çayın su potensialı tam olaraq təyin edildikdən sonra çay boyu ərazilərin topoqrafiyası, geologiyası, ekologiyası və geomorfologiyası peşəkar mühəndis-axtarış ekspedisiyası tərəfindən 70-80-ci illərdə ətraflı öyrənildikdən sonra hidroqovşaqların yerləşdiriləcək məntəqələri əsaslı surətdə seçilərək SSRİ, İran və Azərbaycan tərəfindən təsdiq edilib. Su altına düşən tarixi  abidə və qurğularla bağlı məsələ ictimaiyyətlə birgə müzakirə edilərək onların qorunması təmin olunub.

O cümlədən su anbarı zonasına düşən bütün həyattəminatlı infrastrukturlar şəbəkəsi xüsusi işçi layihə səviyyəsində işlənərək tərəflər arasında razılaşdrılır , tərəflərə dəyən ziyanın məbləğləri arasındakı fərq paritetlik şərtinə uyğun olaraq maliyyələşdirilir.

Sazişdə hər iki tərəfə dəyən ziyanın müəyyən edilərək kompensasiya edilməsi haqqında maddə öz əksini tapmışdır. Bu maddə imkan verir ki, su anbarları zonasına düşən və digər tərəfə dəyən ziyanların fərqinin yarısı Azərbaycan tərəfinə ödənilsin.

Bakı bu layihəyə pul ayırıbmı?

O ki qaldı, Azərbaycan tərəfinin bəndlərin tikintisi ilə bağlı xərcləri öz üzərinə götürdüyü haqda iddialara, bunlar da tamamilə yanlışdır. Çünki Sazişdən göründüyü kimi, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi ilə əlaqədar tərəflərin üzərinə düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyən ediləcək. Və bu vaxta qədər  Azərbaycan hökumətinin ödəmə ilə bağlı hər hansı qərarı mövcud deyil.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında 2016-cı il 23 fevral tarixində imzalanmış Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləridir.

Sazişə əsasən, onun çərçivəsində əməkdaşlıq bərabərlik, hər iki dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Qeyd olunmalıdır ki, Saziş üzrə əsas rəhbər başlanğıclar kimi müəyyən edilmiş sözügedən prinsiplər sənədin mətni boyunca bir neçə yerdə, həm preambula, həm də 1-ci maddədə konkret şəkildə təsbit edilib. Sənəddə BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Beləliklə, hazırkı dövrdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarının iki ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsinin beynəlxalq müqavilə-hüquqi bazası formalaşdırılıb.

Sazişin bəndlər üzrə şərhi

Sazişin 1-ci maddəsində Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar fəaliyyətin formatı əks olunub. Həmin format aşağıda qeyd olunan iki elementi özündə ehtiva edir:

  1. Tikinti və istismar Azərbaycanın və İranın suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında aparılır, yəni, məsələ iki ölkənin suveren hüquqları çərçivəsində nəzərdən keçirilir, məsələ ilə bağlı Azərbaycan və İranın ərazi bütövlüyünə heç bir vəchlə xələl gələ bilməz və bu məsələdə hər hansı üçüncü ölkənin mənafeyindən söhbət gedə bilməz.

Sazişdə açıq şəkildə qeyd olunur ki, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsi qadağandır (6-cı maddə).

Sazişə əsasən, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır (14-cü maddə). Bu o deməkdir ki, quru üzərində olan sərhədin koordinatları dəyişməyərək müvafiq olaraq həmin koordinatlarda su səthinə köçürüləcəkdir;

2.            Sənəd tikinti və istismar fəaliyyətində Azərbaycanın və İranın birgə iştirakını nəzərdə tutur, yəni nə Azərbaycan, nə də İran bu məsələdə qarşı tərəfin razılığı olmadan heç bir birtərəfli addım atmamalıdır.

Bununla yanaşı, hidroqovşaqların və su elektrik stansiyalarının yerləşdiyi ərazilərlə bağlı hazırkı vəziyyət, xüsusilə də həmin bölgədə Azərbaycan ərazilərinin işğalı və Azərbaycan tərəfinin məsələ ilə bağlı faktiki imkanları nəzərə alınaraq, 1-ci maddədə İran tərəfinin tikintinin davam etdirilməsini məhz bu Saziş əsasında aparması öhdəliyi birbaşa qeyd edilir. Sazişin 9-cu maddəsinə görə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İranın öhdəsindədir.

Həmçinin, 1-ci maddəyə görə, hidroqovşaqların və su elektrik stansiyalarının istismarı, mühafizəsi, saxlanılması, energetika və su ehtiyatlarından istifadəsi üçün yeganə əsas kimi Sazişin müddəaları çıxış edir, yəni bu məsələlər müstəsna olaraq Azərbaycan və İranın suverenliyinə əsaslanan Saziş çərçivəsində tənzimlənir. Başqa sözlə, sözügedən fəaliyyətlərin Sazişlə nəzərdə tutulmuş qaydalardan fərqli qaydada icrası istisna edilir.

Nəhayət Sazişdə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının kompleks tikintisinin Azərbaycanın və İranın mütəxəssislərinin nəzarəti ilə davam etdirilməsi qeyd edilib. Sənədin 2-ci maddəsi əsasında, orada qeyd edilən vəzifələrin icrası məqsədilə müvafiq struktur – tərkibinə Azərbaycan və İranın mütəxəssislərinin daxil olduğu Birgə Texniki Komissiya fəaliyyət göstərir.

4-cü maddəyə uyğun olaraq, tikinti ilə əlaqədar tərəflərin payına düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyənləşdirilir. Xərclərin Azərbaycanın payına düşən hissəsinin İran tərəfinə Azərbaycan tərəfinin mülkiyyətində olan su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və ya digər vasitələrlə ödənilməsi nəzərdə tutulur. Tikinti ilə bağlı tərəflərə dəyən ziyan qarşılıqlı hesablaşmalarda nəzərə alınır.

Sazişin 5-ci maddəsinə əsasən, hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət də bərabər şəkildə tərəflərin üzərinə düşür. İran mövcud şəraitdə, BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək, bu məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz üzərinə götürür.

Saziş həmçinin iki ölkə arasında su və elektrik enerjisinin bölgüsü ilə bağlı konkret müddəaları özündə ehtiva edir. Belə ki, 7-ci maddəyə uyğun olaraq, hidroqovşaqların su ehtiyatlarından istifadə bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq.

İran tərəfinin “Qız qalası” hidroqovşağından götürdüyü suyun həcminə bərabər miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla Azərbaycan tərəfi, hidroqovşaqlardan su götürmək imkanı yarananadək Araz çayı üzərindəki “Mil-Muğan” və “Bəhramtəpə” hidroqovşaqlarında istifadə edəcək.

Sənədin 8-ci maddəsinə görə, Azərbaycana məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər.

Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir. Sazişə əsasən, hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaq.

11-ci maddəyə görə, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planını hazırlayacaqlar. Hazırkı şəraitdə İran tərəfi qeyd olunan planın icrasını, fors-major şəraiti istisna olmaqla, birtərəfli qaydada öz üzərinə götürür. Həmin planın icrasına çəkilən xərclərdə Azərbaycanın payı Birgə Texniki Komissiyada razılaşdırıldıqdan sonra həmin məbləğ Azərbaycan tərəfindən İran tərəfinə ödənilir. Saziş nəzərdə tutur ki, tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər.

Bütün bunlarla yanaşı, Sazişin 12 və 13-cü maddələrində ətraf mühitin qorunması, təbii bioresursların mühafizəsi və onlardan birgə istifadə, təbii fəlakətlərin və texnogen halların qarşısının alınması, onunla mübarizə və təsirlərinin azaldılması ilə bağlı məsələlər də yer almışdır. Həmin məsələlər Sazişə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında və ya Birgə Texniki Komissiya çərçivəsində nəzərdən keçirilir.

Sazişin 16-cı maddəsinə uyğun olaraq, onun müddəalarının təfsiri və yerinə yetirilməsi zamanı yarana biləcək fikir ayrılıqları tərəflər arasında anlaşma və əməkdaşlıq mühitində diplomatik danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edilməlidir.

Bu müddəa beynəlxalq müqavilələrin bağlanması ilə bağlı təşəkkül tapmış beynəlxalq təcrübədə geniş istifadə olunur, fikir ayrılıqlarının həlli istiqamətində tərəflərə öz iradələrinə əsaslanmaqla çeviklik imkanı təqdim edir.

Saziş üzrə öhdəliklərin suverenlik və ərazi bütövlüyü prinsipləri ilə bilavasitə bağlı olduğunu nəzərə alaraq, belə öhdəliklərin pozulması ehtimalı yaranarsa və fikir ayrılıqları məsəlhətləşmələr yolu ilə həllini tapmazsa, 16-cı maddə hər bir tərəfin universal beynəlxalq mexanizmlərə müraciət etmək imkanlarını ehtiva edir.

Siyasət şöbəsi

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930