Ordumuzun irimiqyaslı təlimləri başladı – düşmən təşvişdə

19.05.2020 - 08:42

Ermənistan rəhbərliyinin danışıqları “0″ nöqtəsinə qaytarmaq cəhdinə rəsmi Bakıdan cavab verildi; polkovnik-leytenant: ”Qarabağ məsələsində son sözü Azərbaycan əsgəri deməlidir və o da deyəcək…”

Mayın 18-də Azərbaycan ordusu növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılıb.

Rəsmi məlumatda bildirilir ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Məlumatda vurğulanır ki, təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanacaq.

Azərbaycan Ordusunun koronavirus pandemiyası dövründə genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistanda təşvişə səbəb olub. Erməni mediası pandemiyanın pik zamanında işğal olunmuş Azərbaycan ərazilərində separatçıların “seçki” tamaşası düzənləməsini, Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyinin Qarabağa qanunsuz səfərlər etməsini, işğalçı ordunun Ağdamda hərbi təlimlər keçirməsini “unudaraq” diqqəti Azərbaycanın qanuni, planlaşdırılmış hərbi təlimlərinə yönəldir.

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır

Diqqətçəkən budur ki, hərbi təlimlərdə düşmənin dərinlikdəki mövqelərinin hədəfə alınması planı da var. Odur ki, bir çoxları “Hərbi təlimlər gerçək əməliyyatlara çevrilə bilərmi”, – deyə sual edir. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz hədəfə alınıb. Tərtər rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Göründüyü kimi, düşmən atəşi dayandırmaq niyyətində deyil və cavab almağı haqq edir. Üstəlik, erməni separatçıları məhz Azərbaycan Ordusunun hərbi təlimlər keçirdiyi bir vaxtda, mayın 21-də Dağlıq Qarabağda “inauqurasiya mərasimi” keçirəcəklər. Bəzi ekspertlər hesab edir ki, düşmənin toyunu vaya döndərmək üçün əsas və şans yaranıb.

Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır - Polkovnik-leytenant

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun dünən başladığı təlimlər düşməni çox narahat edir: “Bu da səbəbsiz deyil. Son vaxtlar o qədər başlarından yekə hərəkətlər və addımlar atıblar, hiss edirlər ki, bütün bunların bir məntiqi sonluğu olmalıdır və fikrimcə, olacaq. Ermənistan Azərbaycana gücdən başqa yol qoymayıb. Biz də bu unikal imkandan istifadə etməliyik. Bir qədər qəribə səslənsə də, hesab edirəm ki, indiki məqam hər mənada çox gözəl imkandır. Həm havaların normal keçməsi, həm beynəlxalq aləmdəki vəziyyət, ermənilərin son addımları təlimləri real döyüş əməliyyatlarına keçirmək üçün bir imkandır. Əlbəttə ki, qərarı ölkə rəhbərliyi verməlidir, ordu qüvvələri onu icra etməlidilər”.

Ü.Cəfərov hesab edir ki, bu məsələni çox uzatmaq lazım deyil: “Düşmən hər addımda açıq şəkildə bəyan edir ki, o, nə beynəlxalq hüquq tanıyır, nə də onlara əməl etmək istəyir. Bu illər ərzində kifayət qədər danışıqlar, görüşlər olub və hesab edirəm ki, artıq əməli işə keçmək lazımdır”.

Polkovnik-leytenantın sözlərinə görə, hətta hərb qərarı verməkdə bir az da gecikmişik: “2016-cı ildə biz düşmənə və havadarlarına bir dəfə şans tanıdıq və düşündük ki, onlar doğru-düzgün nəticə çıxaracaq. Ancaq olmadı və əksini müşahidə etdik ki, ermənilərə bir qədər də şans yarandı. Yəni onlar həm havadarlarından, həm də digər maraqlı qüvvələrdən silah-sursat baxımından bəhrələnmək imkanı əldə etdilər”.

Azərbaycan Ordusunun əməliyyat-taktiki raket bölmələri təlimlərə ...

Hərbi ekspert qeyd etdi ki, Azərbaycan Ordusunun başlatdığı bu təlimlərin çox elementləri var: “Düşmən də təlimlərlə bağlı məlumatı eşidən andan panikadadır. Siz onların gündəlik mətbuatına diqqət etsəniz görərsiniz ki, necə təlaşdadırlar. KTMT-dən tutmuş, Rusiya, Belarus, Qazaxıstandan kim gəldi ”yıxıb-sürüyürlər” ki, niyə Azərbaycana təpki göstərilmir? Ancaq hər zaman olduğu kimi, “oğru elə bağırır ki, doğrunun bağrını yarmaq” istəyir. Məncə, bu, artıq keçmişdə qaldı. Qəti addımlar atmaq lazımdır və hesab edirəm ki, beynəlxalq güclər də bir az qışqırıb-bağıracaq və sakitləşəcəklər. Prinsip etibarı ilə bütün vəziyyət xeyrimizədir. Həm beynəlxalq hüquq, həm də Ermənistanın işğalçı statusu. Onsuz da mən əvvəllər də demişəm ki, Qarabağ məsələsində son sözü Azərbaycan əsgəri deməlidir və o da deyəcək! Bunu həm zaman, həm də tarix sübut edib. Tanrı Azərbaycanın mərd oğullarına onların haqq işində kömək olsun və olacaq, inşallah!”

İşğalçı ölkəyə hərbi zərbələr endirmək zərurəti həm də ona görə yaranıb ki, rəsmi İrəvan sistemli şəkildə danışıqları pozmaq istiqamətində siyasət yürüdür. Hətta bir neçə gün əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev açıq şəkildə dedi ki, Ermənistan danışıqlar prosesindən geri çəkilir. Dövlət rəsmisinin dediklərini təsdiq edən daha bir mövqe baş nazir Nikol Paşinyandan gəldi. Belə ki, Paşinyan danışıqların üstündən xətt çəkmək niyyətini ortaya qoydu. Ermənistan rəhbərliyi “0″ nöqtəsinə qayıtmaq istəyini nümayiş etdirdi. Bununla da Rusiya XİN başçısı Sergey Lavrovun mərhələli həll variantının masa üzərində olduğu barədə açıqlamasına İrəvandan növbəti dəfə dirsək göstərilmiş oldu.

“Ermənistan baş nazirinin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə bu cür fikirlər səsləndirməsi, ya onun son iki il ərzində hələ də bu prosesi öyrənə bilmədiyini, ya da bu kimi bəyanatları ilə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü göstərir. Doğrudur, danışıqlar prosesində yeni sənəd yoxdur, çünki yeni sənədə və təklifə heç ehtiyac da yoxdur. Belə ki, danışıqlar ATƏT-in Minsk Qrupunun 2019-cu ilin 9 mart tarixli bəyanatında da açıqlandığı kimi, danışıqlar masasında artıq mövcud olan sənəd üzrə aparılır”.

Leyla Abdullayeva: "We have repeatedly witnessed Armenia's such ...

Bunu Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı münaqişənin həlli üzrə “məxməri inqilabdan” sonra yeni sənədin irəli sürülmədiyini, köhnə təklifin isə məqbul olmadığı fikrinin şərh edilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Maraqlıdır, N.Paşinyan son iki il ərzində Ermənistan xarici işlər nazirinin aparılan danışıqlar prosesində nə işlə məşğul olduğu ilə heç maraqlanıbmı? Bəlkə də bu ilin yanvar ayında Cenevrədə intensiv şəkildə aparılan danışıqlar da daxil olmaqla, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunan sənədləri Ermənistan xarici işlər nazirinin öz baş nazirinə təqdim etmədiyi istisna olunmamalıdır. Əgər Ermənistanın hazırkı rəhbərliyinin məqsədi ”danışıqlar” pərdəsi altında münaqişənin həllini uzatmaqdırsa, bu yanaşma həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur. Danışıqlar prosesini və beynəlxalq vasitəçilərin səylərini heçə endirmək istəyən işğalçı Ermənistan rəhbərliyinə xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının səyləri də daxil olmaqla, bu ölkələrin vasitəçiliyi ilə uzun illər ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başlıca məqsədi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması, yüz minlərlə məcburi köçkünün insan hüquqlarının bərpa olunması və beləliklə də bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Ermənistan rəhbərliyi bu kimi bəyanatları ilə aydın şəkildə göstərir, hansı ölkə sülhün, hansı ölkə isə bölgədə gərginliyin artırılmasının tərəfdarıdır. Bir daha vurğulayırıq ki, bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir” – deyə L.Abdullayeva bildirib.

Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq “Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir” demişdi və bildirmişdi ki, Dağıq Qarabağ ətrafındakı ərazilər Ermənistan üçün “təhlükəsizik zolağı”dır. Bunun ardınca Paşinyan danışıqları yenidən başlamağı və atəşkəsdən keçən 26 illik prosesi arxivə göndərməyi təklif edir. Təbii ki, İrəvan bununla vaxt qazanmaq istəyir. Bakı işğalçıya şansı tanıyacaqmı? Hərbi təlimlər “yox” cavabını verir…

Elşad Paşasoy

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031