“İlham Əliyev Rusiya ilə düzgün siyasət qurub” -Hikmət Hacızadə
“Moskva Ankara ilə razılaşıb, nə sən, nə mən qarışıram”
Sentyabrın 27-dən Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq başladığı əks-hücum əməliyyatlarına Rusiyanın sərgilədiyi mövqe olduqca maraq doğurur.
İllərdir ki, Qarabağın açarının Kremldə olduğu iddia edildiyi halda, bu gün gedən döyüşlər göstərir ki, Qarabağın açarı artıq Azərbaycan dövlətindədir. Moskvanın susqun yanaşması, Rusiyanın hərbi-siyasi müttəfiqi Ermənistana yardım göstərməməsi, ən azı atəşkəs üçün rəsmi Bakıya güclü təzyiqlər etməməsi amilləri nəzərdən qaçırıla bilməz.
Doğrudur, ABŞ və Fransa istisna olmaqla, Qərb ölkələri də bu məsələdə neytral mövqe nümayiş etdirməyə çalışırlar.
Lakin bizim üçün önəmli regionda hakim güc sayılan və Qarabağ probleminin həllində mühüm aktor olan Rusiyanın davranışıdır.
Hər zaman siyasətçilər, politoloqlar Qarabağın işğaldan azad edilməsində əsas əngəlin Ermənistan yox, Rusiya olduğunu şərh edirdilər.
Bu gün isə Azərbaycan ordusu irəliləyir, işğal edilmiş ərazilərimiz bir-bir azad edilir, artıq oktyabrın 4-də Cəbrayıl rayonu düşməndən təmizlənib və geri alınıb, di gəl Kreml baş verənləri sakit müşahidə edir.
Rusiya prezidenti Vladimir Putin də ilk günlərdə bəyan etmişdi ki, qonşuların daxili işlərinə qarışmır. Amma maraqlıdır, niyə…
Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələlər Moskva ilə Ankara arasında razılaşdırılıb.
Hikmət Hacızadə
H.Hacızadə hesab edir ki, Rusiya və Türkiyə gedən döyüşlərə hər ikisinin müdaxilə etməməsi qərarını verib: “Yəni Rusiya razılaşdırıb ki, nə sən, nə mən qarışıram. Sən qarışsan, mən də qarışacağam. Rusiya həm də istəyir ki, Azərbaycan Ermənistanı əzsin və başa düşsünlər ki, onlar Rusiyasız heç kimdirlər”.
H.Hacızadənin sözlərinə görə, əsas qarışan tərəf Rusiya idi və o da indi müdaxilə etmir: “İlham Əliyev Rusiya ilə düzgün siyasət qurub. Elçibəy Rusiya ilə bu siyasəti yürütmədi və bu gün baş verənlər demokratlara nümunədir. Çünki Azərbaycan prezidenti Putinə göstərir ki, Türkiyənin mənəvi və siyasi dəstəyinə baxmayaraq, biz sizin əhəmiyyəti, gücü qəbul edirik, Rusiyanı sayırıq. Yəni Rusiya ilə münasibətlər yaxşı qurulub”.
H.Hacızadə qeyd etdi ki, Azərbaycan Ordusu inamla irəliləyir və Ermənistan Rusiyasız bir heç olduğunu görür.
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə qurulub, rəsmi Bakı ilə Moskva arasında anlaşılmaz hansısa probem yoxdur: “Rusiyanın Azərbaycandan heç bir narazılığı yoxdur. Biz də onları qəbul edirik, strateji əlaqələr yaxşıdır.
Moskvanın Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlara, kadr dəyişikliklərinə bir etirazı olmadı.
Biz torpaqlarımızı azad etdikdən sonra da Rusiya ilə yaxşı münasibətləri inkişaf etdirəcəyik və Putin bunu bilir.
Kreml hesab edir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində nə problem var? Bu, Bakının bizimlə əlaqələrinə nə çətinlik yaradacaq ki? Ümumiyyətlə, həm Rusiya, həm İran ehtiyatlı mövqe tutub”.
Ekspert vurğuladı ki, Ermənistan Rusiyanın müttəfiqidir və bu ölkədə rusların iki hərbi bazası var:
“Amma Putinin Paşinyanı görən gözü yoxdur. Ermənistanda rus məktəblərinin bağlanması, rus telekanallarının qapadılması, antirus ritorikasının güclənməsi Kremlə meydan oxumaq idi.
Tarixən rusun vassalı olan, onu ağası kimi qəbul edən Ermənistanın havadarına arxa çevirməsi nəticəsində Putindən dəstəyi itirdi. İndi Fransaya, Rusiyaya yalvarırlar ki, bizə kömək edin”.
Qeyd edək ki, Rusiyanın “Rossiya 1″ telekanalı Ermənistanın baş naziri Nikol Paşinyanın ”canlı yayın”da olan Rusiya prezidenti Vladimir Putinə israrla telefon zəngi etdiyinin detallarını nümayiş etdirib.
Videoda canlı yayın zamanı Putinin kabinetində telefon zənginin necə səsləndiyi aydın eşidilir. Rusiya prezidenti Putin isə Paşinyanın zənglərinə bir neçə dəfə məhəl qoymur, sonra isə cavab verərək deyir: “Mən indi məşğulam, zəng vuracam”.
Short URL: http://www.cumhuriyyet.net/?p=155460