Ermənistan yenə dərs götürməsə, özü haqda ölüm hökmü imzalayacaq – kritik gözlənti

17.11.2020 - 10:15

44 günlük müharibədəki fiaskoya “Qarabağ klanı” da şərikdir – səbəb; rusiyalı ekspert: “Ermənistanı fəlakətə aparan şərtlər 2020-ci il sentyabrın 27-dən çox-çox əvvəl mövcud idi…”

İşğalçı Ermənistan axır ki, haqq elədiyi cəzanı aldı. Təbii ki, söhbət hələlik yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulmasından gedir. Rusiya prezidenti Vladimir Putinin qarant durduğu üçtərəfli razılaşmaya əsasən, dekabrın 1-dək işğal tam bitəcək. Lakin bu, o demək deyil ki, Ermənistan canını bununla qurtaracaq. Çıxhaçıxda belə, torpaqlarımızda vandalist əməllərindən qalmayam mənfur qonşumuza qarşı beynəlxalq səviyyədə təzminat davamız da olacaq. Yəni Ermənistanın cəzalandırılması davam edəcək.

Əlbəttə ki, ermənilər 100 il öncədən başlayaraq xalqımıza qarşı bu işğalçılığı, antibəşəri cinayətləri müstəsna olaraq, bəzi beynəlxalq güclərə arxalanaraq törədib. Təsadüfi deyil ki, onu əlimizdən son anda yenə Rusiya aldı – məlum üçtərəfli sənədin imzalanması ilə. Bir daha aydın oldu ki, Güney Qafqazda daima fitnə-fəsad törədən Ermənistana havadar duran olmasa, o, sadəcə, miskincəsinə bir köşəyə sığınıb qalar və yaxud simvolik dövlətçiliyini də itirər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-leytenantı Leonid Reşetnikov tam haqlıdır deyəndə ki, Ermənistan adında dövlət dünya xəritəsində yalnız Rusiyanın sayəsində mövcuddur. Onun sözlərinə görə, əgər bu gün Ermənistanda anti-Rusiya qüvvələri hakimiyyətə gəlsələr, bu dövlətdən heç nə qalmayacaq. “Unutmaq lazım deyil ki, ”Ermənistan” sözü Rusiya imperiyası dövründə dirilib, o yox idi. Bu çoxdan, yüzilliklər bundan əvvəl olub və ermənilərin indi malik olduqları hər şey Rusiyanın, sonra isə Sovet İttifaqının köməyi ilə edilib”, – deyə general qeyd edib.

Bununla belə, düşmən ölkədə Rusiyaya qarşı nankorluq heyrət doğurmaya bilmir. Hərgah, ara-sıra bəzi obyektiv notlar da eşidilir. 

“Ermənistan Azərbaycana danışıqlar prosesində nəzərdə tutulandan daha çox ərazi qaytarmalıdır”. Bunu “Aqos” qəzetinin baş redaktoru Edvard Tandzikyan “Qraparak” qəzetinə müsahibəsi zamanı deyib. O, bunun Ermənistan üçün böyük məğlubiyyət olduğunu söyləyib. Tandzikyan Ermənistanın məğlubiyyətində təkcə Paşinyan yox, onun sələflərinin də günahkar olduğunu deyib.

*****

Sonuncu fikirlə razılaşmamaq çətindir. Çünki məğlub erməni ordusu əsasən Serj Sərkisyan-Robert Köçəryanın 20 ilik prezidentliyi (“Qarabağ klanı”) dövründə təşəkkül tapmışdı. Məhz onlar konfliktin bunca uzanmasına səbəb olaraq, problemi Nikol Paşinyana təhvil vermiş, ən əsası, konfliktin dinc, diplomatik vasitələrlə həlli yönündə on illərlə heç bir iş görməmiş, erməni ictimai rəyini “ikinci erməni” dövləti ideyası kimi xülya ilə “yemləmişdilər”. Nəticədə Paşinyan bu kursdan kənara çıxa bilmədi. İstəsəydi də çıxa bilməzdi – erməni ictimai şüuru imkan verməzdi.

Bu mənada 44 günlük müharibədə iflas və darmadağın olan bütövlükdə İrəvanın yanlış Qarabağ siyasəti, yanlış erməni ictimai şüuru idi.       

“Ermənistan Qarabağ müharibəsində bir sıra amillərə görə məğlub olmağa məhkum idi və o faktorların hamısı hərbi əməliyyatların başladığı 2020-ci il sentyabrın 27-dən çox-çox əvvəl mövcud idi”.

Musavat.com-un “Vestnik Kavkaza”ya istinadən verdiyi məlumata görə, bu barədə Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko İrəvanın Azərbaycan ərazilərini əbədi işğalda saxlamaq planının iflas olmasının səbəblərini təhlil edərək deyib.

“Döyüş meydanında birbaşa gördüklərimizdən bu qənaət hasil olur ki, Ermənistanın məğlubiyyətini bilavasitə Azərbaycanın hərbi sahədəki uğurları şərtləndirdi. O sırada söhbət uğurlu silahlanmadan, pilotsuz təyyarələr və piyadalar arasında effektiv qarşılıqlı əlaqənin təmin olunmasından, əməliyyatların yüksək koordinasiyasından, aydın strateji idarəetmə planının mövcudluğundan gedir. Eyni zamanda Azərbaycanın faktiki Türkiyə ilə müttəfiqlik münasibətləri və Rusiya ilə pozitiv münasibətləri fonunda ABŞ və Fransadan eşidilən müxtəlif səslərə rəğmən, Qərbin ümumi bitərəfliyinə nail olması öz işini gördü”, – politoloq qeyd edib.

Aleksey Fenenko: «NATO çoxdan Rusiya sərhədlərinə yaxınlaşıb-Ermənistanın  köməyi ilə» - Hürriyyət

Aleksey Fenenko

Onun qənaətincə, Azərbaycan həm ordu quruculuğu, həm də xarici siyasət sahəsində əlaqələri gücləndirməklə məşğul ikən, Ermənistan Rusiya ilə münasibətləri davamlı olaraq korlamaqda idi: “Rusiya ilə fikir ayrılığı 2002-ci ildə – Ermənistanın NATO ölkələri ilə münasibətlər qurmağa, onlarla hərbi xarakterli proqramlar hazırlamağa başladığı zaman özünü göstərdi. Rusiyadan uzaqlaşma Paşinyan hakimiyyət dövründə sürətləndi, lakin bu proses daha erkən başlamışdı. Onsuz da Serj Sərkisyanın rəhbərliyi altında İrəvan Moskvaya qarşı sərt, qıcıqlı siyasət yürüdürdü. Xüsusən də söhbət Avropa Birliyi ilə imzalanan assosiasiya müqaviləsindən gedir. Məhdud şərtlərlə də olsa, bu, Avrasiya İqtisadi Birliyinə zidd idi. Nikol Paşinyan dövründə isə KTMT-yə qarşı bir oyun getdi. Təşkilatın baş katibi cinayət işi üzrə həbs olundu. Ağılsızlığı təsəvvür edirsinizmi? Elə bil Norveç NATO-nun baş katibi Jens Stoltenberqi həbs edir. Lakin Ermənistan buna getdi”.

20-ci il Qarabağ savaşında Ermənistanı ağır məğlubiyyətə gətirən səbəblər barədə danışan ekspert daha sonra bildirib: “İrəvan Qərbdən kömək ediləcəyinə ümidlənərək Rusiyanı onun ayağına verdi və düşündü  ki, Azərbaycan Ordusunun irəliləməsini dayandırmaq üçün Türkiyəyə Qərbin bircə diplomatik çağırışı kifayət edəcək. ABŞ və Fransadan Ermənistana hansısa vədlər verildi, lakin qarşılıqlı yardımla bağlı heç bir sənəd imzalanmadı, hər şey, sadəcə, söz olaraq qaldı. Həmçinin Qərbdəki erməni diasporlarının İrəvanı qoruyacağı barədə miflər də köməyə gəlmədi”.

Ermənistanda iğtişaşlar fonunda baş nazirə ünvanlanan sual: Nə oldu  Paşinyan? - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloqa görə, Ermənistanın iflasına səbəb olan digər mühüm amil onun öz hərbi potensialı haqda həddən artıq yüksək fikirdə olması olub: “Erməni cəmiyyətində ordunun 1992-1994-cü illərdəki müharibədə ”möcüzələr göstərdiyi”, gücünə görə az qala, yalnız İsrail ordusu ilə müqayisə oluna biləcəyi və qalibiyyətli müharibəni təkrarən, təkbaşına qazanacağı barədə mif daim üstünlük təşkil edirdi. Bu mif üzündən Ermənistanın Rusiya ilə arası dəydi və əvəzində Qərbdə hər hansı müttəfiq əldə etmədi, həmçinin qoşunlarını yenidən silahlandırmadı, XXI əsrin şərtlərinə uyğunlaşmadı. Paşinyan rəhbərliyi hətta İranla mübahisə etməyi də bacardı. Nəticə etibarı ilə bütün bunlar Ermənistanı diplomatik təcridə apardı. Azərbaycan isə həm hərbi sahədə, həm də böyük siyasət sahəsində güclənirdi”.

Sonda Aleksey Fenenko məğlub olmasına baxmayaraq, Ermənistanın Qarabağa dair sazişin həyata keçirilmə müddətini mümkün qədər uzatmağa çalışacağı barədə xəbərdarlıq edib.

“Ermənistanın Qarabağdakı hərbi mövcudluğunu daha 5-7 il uzatmaq məqsədilə danışıqlara pəl vurmağa səy edəcəyini gözləmək lazımdır. Biz İrəvandakı nümayişlərə nəzərən bu cəmiyyətdə intiqam əhval-ruhiyyəsinin nə qədər güclü olduğunu görürük. Ölkədə vəziyyətin necə olacağı, Nikol Paşinyanın hakimiyyəti əldə saxlayıb-saxlamayacağı məlum deyil. Hadisələrin ən pis ssenari üzrə inkişafı da istisna deyil. Yəni çevriliş nəticəsində tamamilə anti-rusiyalı bir siyasətçinin hakimiyyətə gəlib, Rusiyanın öz bazasını Gümrüdən çıxarmalı, sülhməramlılarını yığışdırmalı olmasını bəyan etməsi mümkündür. Belə çağırışlar onsuz da eşidilir”, – deyə ekspert əlavə edib.

*****

İqor Korotçenko: “Gəncəyə raket hücumu ilə bağlı sanksiyanı Ermənistanın  hərbi-siyasi rəhbərliyi verib”

İqor Korotçenko

“Ermənistan ordusunun Qarabağda ”uğurları” barədə açıqlamaların bir anda həmin ordunun acınacaqlı vəziyyəti barədə açıqlamalarla əvəzlənməsi adamı heyrətləndirir”.

Bunu isə digər rusiyalı tanınmış ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz Telegram kanalında yazıb.

Paşinyan xeyir-dua aldı – Novator.az

O qeyd edib ki, eyni şəxslər – Nikol Paşinyan, David Tonoyan, Araik Arutyunyan indi bir ağızdan Ermənistan ordusunun tam məhv olmaması üçün kapitulyasiyaya razı olduğunu bəyan edir: “Amma deyirdilər ki, yeni müharibə başlayarsa, Bakıya qədər gedib çıxacaqlar!”

Ekspertə görə, Ermənistanda Sovet İttifaqı marşalı Baqramyanın heykəlləri əvəzinə Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl ucaldanda, bu cür nəticə qanunauyğun sayılmalıdır…

Odur ki, gözləyək görək, Ermənistanın indiki və keçmiş rəhbərləri, bütövlükdə erməni xalqı ürcah olduqları bu ağır hərbi-siyasi və mənəvi məğlubiyyətdən, Bakının verdiyi dərsdən, onların ünvanına neçə vaxtdır deyilən haqlı və sərt tənqidlərdən düzgün nəticə çıxaracaqlarmı? Çıxarmasalar, o zaman rus generalının da xəbərdar etdiyi kimi, özləri haqda ölüm hökmü imzalamış olacaqlar…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930