Müharibə daha 3 gün davam etsəydi…
“Ermənilər aqoniyada, qaçhaqaçda idilər, ağ bayraq qaldırıb təslim olmaqdan başqa yolları qalmamışdı…”
Sentyabrın 27-də Qarabağda başlayan Vətən müharibəsi Ermənistanın bir dövlət olaraq gələcəyini sual altına qoydu. 44 günlük savaşda qəhrəman Azərbaycan Ordusu Ermənistanın ürəyinə dağ çəkdi, ordu adına saxladığı qüvvələri darmadağın elədi.
25 gün əvvəl müharibə Ermənistanın təslimiyyət aktına imza atması ilə dayandırıldı. 44 günlük müharibədə Azərbaycan Ordusu 2783 şəhid verdi. Düşmənin itkiləri isə dəfələrlə artıqdır. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib ki, 44 gün ərzində ordularının texnikasının 85 faizi məhv edilib. “Mən sirr demirəm, azərbaycanlılar hesablayırlar, çünki toplar, zirehli texnika və s. onların ərazisində qalıb”, – deyə Baqratyan bildirib.
Sabiq erməni baş nazir qeyd edib ki, ordu yoxdur, bu, məğlubiyyət də yox, məhv olmaqdır. Ermənistanın məhkəmə tibbi ekspertizalarında və ilkin istintaq orqanlarında çıxılmaz vəziyyət yaranıb. Ermənistan Hərbi Prokurorluğu ilkin istintaq orqanlarına tapşırıq verib ki, cinayət işlərinin xarakterindən çıxış edərək yaralı əsgərləri məhkəmə tibbi ekspertizasına cəlb etsinlər.
Hrant Baqratyan
“Bu hal həm müstəntiqləri, həm də məhkəmə həkimlərini ciddi şəkildə qəzəbləndirib, onlar deyiblər ki, ərizə yazacaqlar, vəzifədən azad olunacaqlar. Onların sözlərinə görə, 11 min yaralı var, 11 min yaralı əsgəri ekspertizaya cəlb etmək mümkün deyil, bu qədər resurs yoxdur, bu qədər müstəntiq yoxdur və bundan əlavə, bu qədər cinayət işləri açılıb, bu vəziyyətdə həyata keçirmək mümkün deyil. Prokurorluğun bu göstərişinin sonunun nə olacağını demək çətindir, amma göstəriş həm məhkəmə həkimləri, həm də müstəntiqlər arasında ciddi iğtişaşları önə çəkib. Buna paralel olaraq itkin düşmüş hərbi qulluqçuların valideynləri müdafiə naziri ilə görüş tələb etməyə davam edirlər. Onlar hər gün Ermənistan Müdafiə Nazirliyinin qarşısındadırlar. Hərbi qulluqçuların doğmaları oğullarından, qohum hərbi qulluqçularından hər hansı xəbər olmadığından qəzəbləniblər”.
Bəs müharibə davam etsəydi, nə baş verərdi? Azərbaycan Ordusu Ağdamı, Laçını və Kəlbəcəri azad etmək üçün çoxmu itki verərdi?
Telman Əbilov
Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, müharibənin 44 gün deyil, daha 3 gün artıq davam etməsi Ermənistan Ordusunun tamamilə məhvinə səbəb olacaqdı: “Noyabrın 10-da atəşkəs haqda sazişə imza atmalarının əsas səbəbi də budur. Rusiya müdaxilə etməklə Ermənistan Ordusunun mühasirəyə düşmüş bəzi mənbələrə görə 15 min, bəzilərinə görə isə 25 min canlı qüvvəsini ölümün pəncəsindən qurtardı. Həmin 15-25 min nəfərdən çox az hissənin sağ qalma ehtimalı vardı. Mümkün idi ki, heç biri sağ qalmasın. Ağ bayraq qaldırıb əsir gəlməkdən başqa yolları yox idi. Alternativ ölüm idi. Əsl kapitulyasiya baş verəcəkdi, saziş başlanacaqdı. Yerevanda və Moskvada çox gözəl anlayırdılar ki, sabah, biri gün gec olacaq. Ona görə də səhəri gözləmədilər, gecə ilə atəşkəs haqda razılaşmanın bağlanması üçün Rusiya tərəfi israr etdi. Bu baş verməsəydi, biz çox cüzi şəhid verməklə Qarabağın dağlıq hissəsini də tam olaraq erməni silahlı qüvvələrindən azad edərdik. Bu gün düzən Qarabağın 100 faizi, Dağlıq Qarabağın isə 30 faizi bizdədir. Müharibənin noyabrın 10-u gün ərzində davam etdiriləcəyi təqdirdə Xankəndi də qəhrəman Ordumuzun nəzarətinə keçəcəkdi. Onların canlı qüvvəsi Xocalıya sıxışdırılacaq, orada darmadağın ediləcəkdi. Yenə də Rusiya gecə ilə sülhməramlıları ora göndərməklə onları ölümün pəncəsindən qurtardı”.
Hərbi ekspert deyir ki, müharibənin davam etdiriləcəyi halında Ağdam, Laçın, Kəlbəcər rayonları tez bir amanda yenə də Azərbaycan Ordusunun nəzarəti altına keçəcəkdi: “Müharibə noyabrın 15-nə qədər tam olaraq yekunlaşacaqdı. Ermənilər aqoniyada, qaçhaqaçda idilər. Müasir silahlarla silahlanmış rəşadətli Azərbaycan Ordusuna bir neçə gün lazım idi ki, ermənilərin nəfəslərini kəsib qələbəni tamlaşdırsınlar. Ordumuzun Azərbaycanın beynəlxalq sərhədlərini bərqərar edib ərazimizdə 1 dənə də olsun əlisilahlı erməni saxlamamaq əzmi vardı. Rusiyanın təkidi ilə imzalanan saziş erməni ordusunu xilas etdi. Bunu hər kəs bilməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158030