“Sülhməramlılar ermənilərin könlünü alırlar” – politoloq

17.12.2020 - 10:31

Ceyhun Məmmədov: “Azərbaycan üzərinə düşəni edir və Rusiya tərəfi də bu kimi məsələlərdə həssas davranmalıdır”

Azərbaycan dövləti hər zaman olduğu kimi imzasına sadiqdir. Bu mövqe Qarabağdakı proseslərin dinc yolla  tənzimlənməsi ilə bağlı 10 noyabr üçtərəfli bəyanata münasibətdə də özünü göstərir.

Ancaq düşmən ölkənin davranışları, Qarabağdakı erməni tör-töküntülərin terror aktları, təxribatların davam etdirilməsi cəhdləri ordumuzu suveren hüquqlarından istifadə edərək sərt tədbirlər görməyə vadar edir. Ancaq Rusiya sülhməramlılarının baş verən təxribatlara loyal münasibətindən sui-istifadə edən erməni terrorçuları məkrli niyyətlərini reallaşdırmağa çalışırlar.

Rusiya sülhməramlılarının hazırladığı məlum təxribatçı xəritə Azərbaycanda ciddi etiraz doğurdu.

Xatırladaq ki, sülhməramlıların davranışları hətta parlament rəhbərliyinin də etirazına səbəb olmuşdu. “Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta bəyanatın şərtlərinə Ermənistan tərəfindən riayət olunacağının tam təminatını verdi. Lakin Rusiya sülhməramlılarının bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başadüşülən deyil”. Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev özünün feysbuk hesabında yazıb. Vitse-spiker vurğulayıb ki, sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz: “Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu, ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli bəyanatın şərtlərinə birbaşa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırılmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”.

Rusiya prezidentinin Dağlıq Qarabağla bağlı fikirləri Azərbaycanda  müzakirələrə yol açıb

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyib və hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edib. Azərbaycanın dövlət başçısı İlham Əliyev də rusiyalı həmkarının sülhyaratma missiyasına görə razılığını dəfələrlə ifadə edib. Deməli, dövlət başçılarının məsələyə münasibəti üst-üstə düşür və Putin də ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Baş verənlər isə təəccüb doğurur. Zahirən belə yanaşma ortaya çıxır ki, Rusiyada Azərbaycanla əlaqələrin korlanmasında maraqlı olan qüvvələr var və bunlar sülhməramlıların fəaliyyətində vaxtaşırı ortaya çıxırlar. Beynəlxalq sanksiyalara məruz qaldığı dövrdə Rusiya Azərbaycan kimi etibarlı müttəfiq ilə münasibətlərə həssas yanaşmalıdır. Elə isə Azərbaycan xalqının səbrini daşırmaq cəhdi kimlərə və nəyə görə lazımdır?

Ceyhun Məmmədov (siyasətçi) — Vikipediya

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda baş verən ən kiçik hadisə belə, Azərbaycan cəmiyyəti tərərifndən çox diqqətlə izlənilir və reaksiya verilir: “Xəritədə tez-tez baş verən dəyişikliklər də cəmiyyətdə davamlı müzakirə olunur, anlaşılmır, birmənalı qarşılanmır, bir sıra hallarda narazılıq doğurur”. C.Məmmədov qeyd etdi ki, bu, olduqca həssas məsələdir: “Rusiya tərəfi bu məsələni mütləq nəzərə almalıdır. Bu kimi məsələlər Azərbaycan tərəfi ilə mütləq razılaşdırılmalıdır. Azərbaycanın rəyi nəzərə alınmalıdır. Azərbaycan Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır və Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin münaqişənin tənzimlənməsində oynadığı rolu hər zaman yüksək qiymətləndirib. Bu münasibətlərin qorunması hər iki tərəfdən asılıdır. Azərbaycan üzərinə düşəni edir və Rusiya tərəfi də bu kimi məsələlərdə həssas davranmalıdır”.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlılarının xəritələrlə bağlı provokasiya xarakterli “səhvləri” haqqında danışılarkən bir məqamı nəzərə almaq lazımdır: “Burada söhbət Azərbaycan sərhədlərindən deyil, sülhməramlıların müəyyən zaman kəsiyi ərazində atəşkəsi və təhlükəsizliyi təmin edəcəyi ərazilərdən gedir. Yəni Azərbaycanın suveren hüquqları ölkənin bütün ərazilərinə, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi ərazilərə də şamil edilir. Dövlətin suveren hüquqları tam, bütöv anlayışdır və bu anlayışın kontekstdən çıxarılması mümkün deyil. Bunu federativ dövlət quruluşuna sahib olan və konstitusiya, eləcə də digər hüquq-normativ aktlarla federasiya subyektlərinin ehtimal edilən mərkəzdənqaçma meyllərini belə imperativ şəkildə bloklayan Rusiya hər kəsdən yaxşı bilir və bilməlidir də…” Xəritələrdəki “səhvlər” məsələsinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, burada bir neçə məqamın yer aldığı qənaətindədir: “Bunlardan birincisi, ən bəsiti və tez ağla gələni Azərbaycan tərəfinin qıcıqlandırılmasıdır. Bu məqam hərbi əməliyyatların davam etdiyi dönəmdə və daha sonra Rusiyanın elan olunmamış prinsiplərinə və Rusiya hakimiyyətindəki bəzi hikkəli, həmçinin erməni sevdalısı olan bəzi siyasətçilərin təkəbbürünə toxunan, ancaq Azərbaycanın milli maraqları ilə uzlaşan addımlarla bağlıdır.

Digər amil Rusiyanın son 200 illik xarici siyasətinin təməl prinsiplərindən olan başqa ölkələrdəki etnik azlıqları himayə etməklə onları öz nüfuz müvəkkilinə çevirmək, yaxud özünə daha çox bağlamaq siyasəti ilə bağlıdır. Rusiyanın ermənilərlə bağlı bu siyasəti Gülüstan müqaviləsindən başlayaraq davam edir və Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinə qarşı istifadə edilib. Başqa bir məqam isə ”səhvən” Rusiya sülhməramlılarının müvəqqəti nəzarət dairəsinə daxil edilən ərazilərin hərbi baxımdan əlverişli relyefi ilə də bağlı ola bilər”. Politoloq hesab edir ki, bunun iki alt niyyətlə bağlı olması mümkündür: “Rusiya sülhməramlıları ərazidə strateji baxımdan möhkəmlənmək istəyirlər, ya da öz məğlubiyyətlərində, dolayısıyla Rusiyanın guya onlara dəstək vermədiyini iddia edən ermənilərin könlünü alırlar. Muradovun hərbi cinayətlar Arutyunyanla çox ”səmimi” fotolarının paylaşılması da bunu sübuta yetirir. Hazırda Azərbaycan bu və digər qəbildən olan istənilən təxribata cavab vermək iqtidarındadır. Həyata keçirilən antiterror əməliyyatlarının miqyası və effektivliyi də bunu təsdiqləyir”.

Hər halda, Azərbaycan dövləti qətiyyətlidir və onun ərazi bütövlüyünə xələl gətirməyə çalışan istənilən qüvvəni neytrallaşdırmaq imkanına malikdir. Üstəlik, Ermənistanın “boyunu aşan” proseslərin cavabını vermək lazım gələcəksə, qardaş Türkiyə yanımızdadır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158523

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031