Razi Nurullayev: “Birgə Monitorinq Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər”

19.01.2021 - 10:36

Deputat: “Bu, ümumilikdə balaca bir iş deyil, vaxt aparan məsələdir”

Qarabağda Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəzinin dəqiq nə zaman fəaliyyətə başlayacağı haqda hələlik rəsmi məlumat verilmir. Ötən həftə məsələ ilə bağlı həm Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığında müakirə aparıldığı barədə məlumat yayılıb. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıldığı, bu mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyinin bildirildiyi vurğulanır.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı konkret son tarix deyilməyib. Konkret günlə bağlı razılaşmanın olması da bizə məlum olmadığından Monitorinq Mərkəzinin gecikdirilməsi ilə bağlı birmənalı fikir söyləmək olmur: “Amma bilirəm ki, hazırda Ağdam rayonunda mərkəzin tikintisi gedir. Orada müəyyən infrastruktur yaradılır. Həm Rusiya tərəfi, həm də Türkiyə tərəfi orada hər tərəfdən 60 nəfər olmaqla hərbçilərin fəaliyyət göstərəcəklərini bəyan ediblər. Əgər məncə, bir gecikdirilmə və ya hər hansı anlaşılmazlıq olsaydı, ən azından Türkiyə mətbuatında bütün bunlar yer ala bilərdi. Türkiyə mətbuatında isə belə bir məlumatlar olmadığı və Türkiyə rəsmiləri tərəfindən də narahatlıq ifadə olunmadığına görə məsələnin tikintinin hələ tam başa çatmaması ilə əlaqəli olduğunu söyləmək olar. Çünki orada heç bir bina, infrastruktur olmayıb. İndi əraziyə eyni zamanda yol çəkilir, elektrik xətləri çəkilir və sair. Yəni bu, ümumilikdə balaca bir iş deyil, vaxt aparan işlərdir. Ona görə də hesab edirəm ki, gecikmə varsa da infrastruktur məsələlərinin həlli ilə bağlıdır. İkincisi, iş əsnasında da müəyyən problemlər yaşana bilər. Çünki orada həyata keçiriləcək monitorinqin missiyasını, mənim fikrimcə, Türkiyə fərqli görür, Rusiya da bir başqa cür fərqli görür. Bu baxımdan da müəyyən problemlər yaşana bilər. Amma sonda yəqin ki, tərəflər bunu tarazlayıb balanslaşdıra biləcəklər”.

Razi Nurullayev qeyd etdi ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan üçün daha böyük əhəmiyyət daşıyır: “Ruslar onsuz da Qarabağda sülhməramlı olaraq yerləşiblər. Ona görə də əslində belə baxanda, ruslar üçün Monitorinq Mərkəzinin əhəmiyyəti yoxdur. Əslində Rusiya Monitorinq Mərkəzini istəmirdi. Rusiya özü-özünümü müşahidə edəcək? Çünki Rusiya tərəfi sülhməramlı missiyası yerinə yetirir. Əslində türklər Monitorinq Mərkəzində tək olmasın deyə, Rusiya eyni sayda rus hərbçisinin də Monitorinq Mərkəzində olmasını istədi. Sanki türklərə nəzarət üçün bunu istəyirlər. Amma Monitorinq Mərkəzinin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti ondadır ki, 10 noyabrda imzalanan razılaşmanın müddəaları yerinə yetirilsin. Bu müddəaların ən vaciblərindən biri erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasıdır. Türkiyə hərbçiləri məhz bu məsələ ilə bağlı ciddi monitorinq aparacaq. Eyni zamanda Laçın dəhlizindən Qarabağa kimlər gəlir, niyə gəlir, hansı texnikalar gəlir kimi məsələlərin də hamısına ciddi nəzarət olunacaq. Laçın dəhlizinə də türklər nəzarət edə biləcək, ərazidə uçuş aparatları uçacaq. Rusiya sülhməramlılarının orada əslində fəaliyyətinin nədən ibarət olduğu barədə də məlumatlar toplanacaq. Bütün bunları nəzərə aldıqda görürük ki, Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlaması Azərbaycan üçün çox əhəmiyyətlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159993

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031