Haqsız zəifin yanında durub onu zorlu edənlər…

19.01.2021 - 10:44

Beynəlxalq siyasətlə maraqlanan hər kəs bilir ki, ABŞ-la Rusiya arasında uzun illərin intriqası var, bəzən açıq düşmənçilik səciyyəsi alır, bəzən münasibətlər bir qədər ilıqlaşır, bununla belə, çəkişmə davam edir.

ABŞ-la Fransa arasında da “vam alovlu intriqa” mövcuddur. Bunun tarixi kökləri dərindədir. Müasir dövrdə isə Fransa nə İngiltərəni, nə də ABŞ-ı “böyük qardaş” rolunda görməkdən məmnun deyil, sammitlərdə, beynəlxalq konvensiyaların imzalanması prosedurunda bu iki dövlətə qarşı dirəşir. Elə onlar da Fransanın dikbaşlığını həzm etmirlər.

ABŞ-la İranın münasibətlərini geniş şərh etməyə ehtiyac yoxdur. Tərəflər müharibə həddindədir, tez-tez bir-birinə qarşı “vur-vurum” təhdidi sovururlar.

İranla Fransanın münasibətləri bu günlərdə son dərəcə pozulub. Konfliktin səbəbi fransalı dövlət adamının İranı nüvə proqramını inkişaf etdirməkdə suçlaması və İranın “ağır sözlü” xarici işlər naziri Zərifin Fransaya sərt cavab verməsidir.

Rusiya ilə Fransanın, İranla Rusiyanın münasibətləri də dostcasına deyil, zaman-zaman gərginləşirlər. Bəzən Rusiya və İran təbii müttəfiqlik büsatına girsələr də, hər ikisi öz marağından bir millimetr geri durmurlar, sadəcə, bir çox yerlərdə açıq ixtilafa getmirlər.

İndi bu bir-birilə düşmən və qeyri-dost münasibətlərdə olan böyük dövlətləri birləşdirən nöqtəyə baxaq: kiçik Ermənistan.

Rusiyanın son 150-200 ildə erməniləri necə himayə etməsi hər kəsə bəllidir. Bu xalqa Qafqazda dövləti Rusiya qurub verib.

100 il əvvəl erməniləri qızışdırıb öz hərbi-siyasi avantürasına qurban verən Fransa əhdinə çox da naxələf çıxmayıb, sonradan ermənilərin Avropadakı əsas himayədarına çevrilib, minlərlə erməni məhz Fransaya sığınıb. İndinin özündə Fransa ermənipərəstlkdə iri addımlarla irəliləyərək Rusiyanı ötməkdədir.

ABŞ da onların ardınca gəlir. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Qarabağ münaqişəsində arbitrlik edən bu üç dövlət sanki “kim erməniləri daha çox dəstəkləyər” yarışına giriblər. Bu gedişlə ABŞ-ın yeni prezidenti Baydenin iqtidar komandası həm Rusiyaya, həm də Fransaya “erməniləri elə yox, belə dəstəkləyərlər” nümunəsi göstərəcək. Artıq bunun ilk işartıları var. Bayden özü işə başlamamış erməni Ayk Hacınazaryanı və Ceff Marutyanı Ağ Evdə mühüm vəzifələrə təyin edib. Ardı gələcək.

Adları çəkilən o biri dövlətlərdən fərqli olaraq İranın ermənilərlə sıx işbirliyində olması, əlbəttə, dini təəssübkeşlikdən irəli gəlmir. Elə olsaydı, prinsipcə, İran Azərbaycanın, öz din-məzhəb qardaşının tərəfini tutar, onun əhalisini qətliamdan və ərazi işğalından qoruyardı. Ancaq tərsinə oldu. İranın “erməni sevgisi”nin səbəbləri aydındır, yüz dəfələrlə yazılıb, hər kəsə bəllidir.

Bəlli olmayan odur ki, bir-birilə düşmən olan, ən azı dost olmayan bu dövlətlər regionda, dünyada, az qala hər məsələdə çəkişmədə olduqları halda, necə olur ki, yalnız və yalnız erməni məsələsində ortaq məxrəcə gəlirlər, ermənilərə münasibətdə müttəfiq olurlar? Əsrimizin ən müəmmalı məsələlərindən biri də budur.

Necə olur ki, Fransa Qarabağdakı erməni separatizmini dəstəkləyir, amma Yəməndəki husi separatizmini boğan Səudiyyə Ərəbistanına silah verərək İranın regional maraqlarına qarşı çıxır.

Adları çəkilən dövlətlərin heç biri İspaniyadan dinc şəkildə, silaha əl atmadan qopub müstəqil dövlət olmağa çalışan Kataloniyanın “haqq işi”nə dəstək vermir, əksinə, qarşı çıxırlar, amma Qafqazda, balaca bir bölgədə ikinci erməni dövlətinin qurulması ideyasını müdafiə edirlər.

Xristian yezidlərin Suriyada təzyiqə məruz qaldığı zaman dünyanı ayağa qaldıran, bölgəyə silahlı müdaxilə edən Avropa dövlətləri 44 günlük müharibədə raket mərmisi düşmüş kilsəyə görə Azərbaycan prezidentinə 47 sual verdilər, amma raket atəşi nəticəsində Bərdə, Gəncə, Tərtər, Naftalan, Füzuli, Beyləqan və başqa rayonların 100-ə qədər dinc sakininin qətlinə görə Ermənistan dövlətinə irad bildirmədilər.

Bu qarmaqarışıq dünyada və dönəmdə bizə uyğun olan odur ki, bir-birilə boğuşan, çəkişən böyük dövlətlərin biri (istəniləni) də bizim tərəfimizdə olsun, hamısı erməniləri dəstəkləməsin. O zaman balans yaranar və haqq-ədalət (eləcə də beynəlxalq hüquq) bizim tərəfimizdə olduğu üçün qarı düşmənin öhdəsindən daha yaxşı gələrik. Yoxsa böyük dövlətlər haqsızın yanında durmaqla onu zorlu etməyə çalışırlar və münaqişə şiddətlənir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031