Şəhidlərə toxunmayın!

05.02.2021 - 17:00

Dövlət ağır müharibədən çıxıb, hər şeyə görə onun üzərinə yüklənmək, ondan ummaq, hətta “mənim bibimoğlu şəhid olub, mənə də bir iş verin” demək, doğru yanaşma deyil…

Birinci Qarabağ müharibəsində əziyyət çəkən könüllüləri, şəhidlərimizi xatırlamaqla başlayıram. Günlərin birində dənizkənarında bir neçə nəfər hərbi formada olan yaxşı tanıdığım yerlilərimizi gördüm. Hamısı saqqalı, hamısı üzgün idi.

Şuşanın işğalından sonra dərbədər olmuşdular, bir az da bu dəhşətli məğlubiyyətdən girməyə…səngər axtarırdılar. Onları bu görkəmdə görən uşaqlar ağlayaraq ya analarının üzərinə qaçır, ya da onların qoynuna sığınırdılar. Onlardan çəkinən isə təkcə uşaqlar deyildi…

“28 May” metrosunun yaxınlığında məşhur “Qarabağ” restoranı vardı, orada “limonka”nı ortaya qoyub “bu dəqiqə hamınızı partladacam” deyib ofisiantları qorxudub çölə qaçırmaları, sonra isə qranatın içinə konyak süzüb içmələri o vaxtkı dövrdə Bakıda az qala dillər əzbəri olmuşdu. Yazıq ofisiantlar nə biləydi ki, qranatın zapalını bağlayıb dartmamış o, adi bir dəmirdir. O bir az qəzəbli, bir az da zarafatcıl oğlanların yarıdan çoxu Ağdərə döyüşlərində şəhid oldular…

14.jpg (67 KB)

Müharibənin təzə qızışdığı, artıq könüllü dəstələrin hərəsinin əlində bir avtomat olanda da maraqlı müşahidələrim vardı. Məsələn, şəhərin ən davakar uşaqları postdan qayıdıb avtomatları yanında domino oynayırdılar. İnanın ki, bu oğlanlar yaxşı mənada elə dəli idilər ki, daşların biri səhv qoyulsaydı, gərək burda qan su yerinə axaydı. Onların da bir çoxu şəhidlik zirvəsindədir…

Birinci və ikinci Qarabağ müharibəsində yerlə-göy qədər fərq olduğunu gördük. Mən birinci Qarabağ savaşında sinif yoldaşlarımı, dostlarımı itirmişəm. “Müharibənin fərqi” deyəndə yalnız şəhidlərimizi ayıra bilmərik. Birinci Qarabağ savaşında elə oğlanlarımızı şəhid oldu ki, onların yeri hələ də görünür. Birinci Qarabağ savaşı bizi elə yerdə haqladı ki, heç nə bilmədik-nə ordumuz oldu, nə fərli silahımız, nə vahid komandanımız. Yalnız o igid oğlanların qeyrəti sayəsində siyasi böhran yaşayan ölkəmiz yaxşı silahlanmış, arxasında Rusiya kimi dövlət olan düşmənə müqavimət göstərdi-canı bahasına, qanı bahasına.

Ukrayna kimi dövlət Krımı bir güllə atmadan itirəndə yazmışdım ki, biz Qarabağ savaşında şəhid olmuş oğlanların qiymətini indi daha əziz tutmalıyıq. Çünki erməni işğalına hərdən yalın əllə, ya da quş tüfəngi ilə müqavimət göstərdik. Hər kəndimizdə, şəhərimizdə o “dəli” dediyimiz oğlanlar qabağa çıxdı, bəzilərinin ağız büzdüyü kasıb uşaqları həm də -dəllək oğlu, qəssab oğlu, dərzi oğlu, bənna oğlu, dülgər oğlu…Bəziləri “stroybat”da olmuşdu, amma müharibədə tank sürdülər, düşmənə raket atdılar, snayper oldular…Onları heç vaxt, heç zaman unutmamalıyıq.

183499_04ozvb07kv.jpg (20 KB)

İkinci Qarabağ savaşı XXI əsrin müharibəsi oldu. Yazının girişində xatırlatmanı elə belə vermədim. İndi ordumuz da, əsgərlərimiz də fərqlidir. Onları görən uşaqlar üzərlərinə qaçır, ya da əsgər salamı verirlər. Ölkəmiz vahid komandanlıq altında, müasir silahlarla düşmənin anasını ağlatdı, belini qırdı, birinci Qarabağ savaşındakı şəhidlərimizin də qısasını aldı. Təkcə Şuşa əməliyyatı kifayət edir ki, bu zəfərimiz hərb tarixinə qızıl hərflərlə yazılsın. Dəfələrlə deyildiyi kimi, müharibədə zəfərimizin əsas qəhrəmanları əsgərlərimiz, zabitlərimiz, generallarımız oldu. Onların qanı, canı sayəsində torpaq həsrətimizə son qoyuldu, üzərimizdən “köçkün” adlı ləkə təmizləndi, ölkəmizin, millətimizin sınmış qüruru özünə qayıtdı.
Şəhidlərlə, ümumiyyətlə, zəfərlə bitən savaşımızla bağlı baş verən bəzi hadisələr isə adamı üzür. Qələbənin balası, şəriki çox olur.

İndi bəzi yalançı qəhrəmanlarla da rastlaşırıq- ya müharibə görməyiblər, ya döyüş zonasından kilometrlərlə uzaqda olublar, amma medal davası edirlər, olmayan “qəhrəmanlıqlarından” danışırlar. Bunlar bəlkə də üstündən keçmək də olar. Amma o yalanlar ki, şəhidlərimizin ruhunu incidir, şəhid kimi müqəddəs ada xələl gətirir, bunlarla mübarizə aparmaq lazımdır.

Birinci Qarabağ savaşçıları öz qəhrəmanlıqlarından danışmağı sevmirlər. Çünki o müharibədə nəticə məğlubiyyət idi. Amma indiki zəfərin yalançı şəriklərinin peyda olması həm də sırf psixoloji qələbə sindromu ilə bağlıdır. Hamı qələbədə payı olduğunu düşünür, amma hamı döyüşçü, hamı cəbhədə qəhrəman ola bilməz axı…

unnamed.jpg (61 KB)

Qaradağda şəhid məzarları ilə bağlı yaranmış problem həll olundu. Amma o mövzuda da xeyli spekulyasiyalara rast gəldik. Dövlət ağır müharibədən çıxıb, hər şeyə görə onun üzərinə yüklənmək, ondan ummaq, hətta “mənim bibimoğlu şəhid olub, mənə də bir iş verin” demək, doğru yanaşma deyil. Axı hələ də erməni minalarından şəhidlər veririk, hələ də qar altından itkin düşmüş qardaşlarımızın cansız bədəni tapılır.

Müharibə bitib, amma onun şokları davam edir və edəcək. Biri deyir ki, iki oğlum itkin düşüb, dərhal araşdırmadan dövlətin, onun strukturlarının üzərinə basqı başlayır. Bəziləri əlbəttə ki, narahatlıqlarında səmimidir, amma bunu fürsət bilib şəhid adını, qələbəmizi kölgələməyə həvəsli olanlarda təəssüf ki, var.
Şəhid başımızın tacıdır, hər biri bizim qardaşımız, balamızdır. Bu ad müqəddəsdir, onu kimsə şəxsi maraqları, maddi təminatı üçün alətə çevirə bilməz! Bunu Allah bizə bağışlamaz, şəhidlər bağışlamaz…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930