Məşhur Qərb saytı Ağdamdan yazdı: Cənnətə gedənlər cəhənnəmlə qarşılaşdılar… – FOTOLAR

06.02.2021 - 15:55

Ağdam-dünyanın ən gözəl məkanı: Cənnətə gedənlər cəhənnəmlə qarşılaşdı

Qərb mediasında Azərbaycanla bağlı həqiqətlər öz əksini az-az tapır. Səbəbi də bəllidir. Xristian həmrəyliyi prinsipini rəhbər tutan jurnalistlər çox vaxt açıq, bəzənsə lap həyasız formada ermənilərə tərəf çıxırlar. “Yeni Müsavat” olaraq bu kimi yanaşmaların onlarla nümunəsi haqqında fərqli materiallar təqdim etmişik. Ancaq Qərb mediasında həqiqətə ayna tutan ciddi yazarlar da az deyil. Bu dəfə onlardan biri haqqında söhbət açacağıq.

Söhbət “nationalgeographic.com” saytından gedir. 1888-ci ildə Vaşinqtonda yaranan “National Geographic Society” (Milli Coğrafiya Cəmiyyəti) ABŞ-ın ən böyük elmi və tədris təşkilatlarından biridir. Beynəlxalq imic baxımından xüsusi çəkisi var. Və belə bir mərkəzdə gedən “I don’t even know if my home still exists” (Evim yerində qalır, ya qalmır? Hətta heç bunu da bilmirəm) adlı məqalə həcm baxımından çox genişdir. Ancaq yazı son dərəcə maraqlı olduğundan birnəfəsə oxunur. Həmin məqalənin diqqətçəkən yerlərini sizlərlə bölüşəcəm. Bir önəmli məqamı da vurğulayım. Məqalə Rena Effendi (Rəna Əfəndi) tərəfindən qələmə alınıb. Məqalə foto-sessiya ilə birlikdə təqdim olunur. Qeyd edək ki, 1977-ci ildə Bakıda doğulan Rəna Əfəndi fotoqraf və quruluşçu rəssamdır. Azərbaycan Dillər Universitetini bitirib. Beynəlxalq səviyyədə tanınan nəşrlərdə fotoları və məqalələri yer alıb. Bir neçə beynəlxalq mükafata layiq görülüb.

 

Beynəlxalq media məkanında erməni əsilli jurnalistlər çoxdur. Təbii ki, onlar daha çox Ermənistanın maraqlarından çıxış edirlər.

Ancaq son illərdə Azərbaycan kökənli yazarlar da beynəlxalq mediaya yol tapa biliblər. Əminəm ki, bundan sonra bu tendensiya daha da güclənəcək və Rəna Əfəndi kimi yazarlarımızın sayı artacaq…

Rəna Əfəndi yazır ki, Birinci Qarabağ Müharibəsi zamanı 1 milyondan çox insan öz yurd-yuvasından didərgin düşüb.

“Biz hər şeyi arxada buraxıb getdik. Hətta pulu və sənədləri belə. Fərqinə varmaqdıq ki, bir daha o evə geri dönməyəcəyik”, İradə Quliyeva adlı Azərbaycan vətəndaşı belə deyir. O, 1992-cı ildə öz ailəsi ilə birlikdə Ağdam rayonunun Qasımlı kəndini tərk etmək zorunda qalıb.

İradə xanım və onun əri İmran Qasımlı kəndinin işğalından bir neçə həftə əvvəl baş verənləri yaxşı xatırlayırlar. Qonşu Xocalı qəsəbəsindən qaçıb gələn bir ailəyə sığınacaq vermişdilər. “Yarım çılpaq, yarasından qan daman insanları gördük”, İmran keçmişləri yada salır. “Bir uşaq heç nəfəs də almırdı, demək olar ki, soyuqdan donmuşdu”. Erməni silahlı birləşmələri Xocalıdan qaçan mülki şəxslərə atəş açaraq yüzlərlə kişi, qadın və uşağı öldürmüşdülər. Daha sonra “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar tərəfindən bu olay qınandı. Erməni silahlılarından qaçan onlarla insan meşələrdə donaraq, öldü. “Xocalı ermənilər tərəfindən ələ keçiriləndən sonra başa düşdük ki, eyni aqibəti yaşayacağıq”, İmran müsahibəsində belə deyir.

Quliyevlər ailəsi də bir çox azərbaycanlılar kimi öz ev-eşiyini tərk etməli olub. Onlar Bakıda Sovet dönəmindən qalma sanatoriyada məskunlaşdılar. Bu ailənin gələcəyə elə bir ümidi qalmamışdı, nə vaxtsa geri dönəcəklərinə inanmırdılar.

Aişə adlı başqa bir xanım isə jurnalistə deyir ki, mən Araz Baxşəliyevlə evlənmək istəmirdim. Çünki o, hərbçi idi, mən onu itirə biləcəyimdən qorxurdum. Biz nişanlandıq və 3 ay sonra o, İkinci Qarabağ Müharibəsində şəhid oldu.

Yenidən İradə xanımın başına gələnlərə dönən jurnalist yazır ki, noyabrın 20-də İradə xanım sevincindən televizorun ekranını öpdü. O gün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan Ağdam rayonunu Azərbaycana qaytardı. “Mənə elə gəldi ki, sinəmin üstündə gəzdirdiyim ağırlığı götürüb kənara atdılar”, İradə xanım öz hisslərini belə anladır.

Rəna Əfəndi yazır ki, Ağdama gəlmək üçün onlarla birlikdə Bakıdan çıxdıq. İradə xanım sağlamlıq baxımından uzaq səfərə qoşulmaq gücündə deyildi. İmran, onun oğlu Rəşad, Rəşadın xanımı və iki qızı bir araya gəldi. Rəşad valideynləri ilə birlikdə Ağdamdan çıxanda 12 yaşında imiş. Onun övladları Bakıda anadan olub və yalnız atalarının vətənini televiziyada görüblər. Doqquz yaşlı Fidan yaman həyəcanlı görünür: “Ağdam Yer üzünün ən gözəl yeridir. Atam belə deyir. Bunun doğru olduğunu bilirəm”.

Jurnalist bildirir ki, işğaldan azad olan ərazilərə dönmək təhlükəlidir. Çünki hər yerə mina döşənib. Ərazini minalardan təmizləyən heyətə rəhbərlik edən Xalid Zülfüqarov deyir ki, işin tam başa çatması üçün 10 il vaxt lazımdır: “Biz hansı ərazilərin minalandığını, hansı ərazilərin isə təmiz olduğunu bilmirik. Ona görə də hər tərəf təhlükəli sayılır, bütün ərazini qarış-qarış nəzərdən keçiririk”.

Dünyanın ən yaşlı çinar ağacının böyüdüyü şəhər meydanında yerləşən hərbi nəzarət məntəqəsində gələnləri saxlayırlar. Zabit bildirir ki, ərazi hələ minalardan təmizlənməyib. İmran kişi məsul şəxslərə yalvar-yaxar edir: “Bütün bu yolu evimi görmək üçün gəldim. Mən yaşlı bir adamam, bir də nə vaxtsa belə imkanım ola, olmaya. Evimi görmədən ölmək istəmirəm”.
Yüksək rütbəli zabitin icazəsindən sonra onların əraziyə daxil olmasına icazə verilir. Onları müşayiət etmək üçün hərbçi ayrılıb. Onu da deyiblər ki, asfalt yoldan heç bir halda kənara çıxmayın. Hər yerə mina basdırılıb.

“Quliyevlərin doğma kəndi olan Qasımlının kənarındakı qəbiristanlığın yaxınlığında dayandıq”, jurnalist yazır: “Orada Quliyevlər ailəsinin çoxdan dəfn olunmuş üzvülərinin qəbirləri var. İmran və Rəşad yolun kənarında durub uzaqdan məzar daşlarına boylandılar. Mina təhlükəsindən dolayı qəbiristanlığa daxil olub doğmalarına ehtiram göstərə bilmədilər”.

Quliyevləri və jurnalisti müşayiət edən hərbçi deyir ki, biz Ağdama daxil olduqdan sonra yaşlı erməni ər-arvad bizə yaxınlaşdı. Onlar dedilər ki, kənddəki evimizi tərk etməli olduq. Orada bizə məxsus olan bəzi şeylər qalıb. İcazə verin, gedib onları götürək. İmkan yaratdıq, getdilər. Xeyli gözlədik. Sonra gördük ki, hərəsi əlində bir yeşik nar tutaraq, gəlir…

Bu nar söhbəti kimlərə isə qəribə gələ bilər. Deyim ki, bu yaxınlarda Xalid Kazımlı İsveçrədə yaşayan bəndənizə Mincivan narı göndərmək istəyirdi. O da Qarabağlı olduğuna görə yaxşı bilir ki, bizim tərəflərin narının dadı bir başqadır.

O da yadımdadır ki, bir erməni xarici jurnalistə gileylənmişdi ki, Qarabağda yetişdirdiyim üzümü aparıb Ermənistanda əkdim. Çünki bizim üzümə Ermənistanda ciddi tələbat var. Amma üzümün məhsulu ortaya çıxanda məlum oldu ki, bu üzüm Qarabağdakı üzümdən dad baxımından xeyli fərlidir. Halbuki hər iki üzümün növü eyni idi. Torpaq amili ciddi məsələdir…

Jurnalist yazır ki, axırda İmran kişi öz evini tapdı. Ancaq kol-kosun içində itib-batan dağıntının qırağında evin sadəcə bir divarı qalıb. “Bura Hiroşimanı xatırladır”. (1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Hiroşima şəhərinə atom bombası atıb)
İmran oğluna qonşuluqdakı ərazini göstərir. Deyir ki, bura bibinizin evi idi. İmran kişinin yaddaşında bu dağılmış evlərin divarları hələ də bütövdür. Gördüklərini telefonunun kamerasına köçürən Rəşad isə deyir: “Bu dəfələrlə yıxıldığım tut ağacıdır. Bax, ata, bizim qara qayamız hələ də buradadır! ” Rəşad xarabalıqların arasındakı iri bir daş parçasını göstərərək, qışqırır: “Ata, bu, suya atıladığım körpüdür, xatırlayırsan?”

Rəşad həyəcanla danışır, o, əhvalı qarışmış İmran kişinin fikrini yayındırmağa çalışır. Yaşlı adam səssizcə yeriyirdi, qarşılaşdığı gerçəklik onu məyus etmişdi. “Atama görə narahat idim, onun fikrini dağıtmaq üçün zarafatlar edirdim. Atamın ürəyi çox zəifdir”, Rəşad düşdüyü vəziyyəti belə izah edir. “Evimiz dağılıb, ancaq bütün uşaqlıq xatirələrim geri döndü”.

Rəşad ailənin bostanındakı ağacdan nar qopararaq qızı Günelə verir. “Gəlin bağçamızdan dərdiyimiz ilk meyvəni yeyək”, o, təklif edir…

Batan günəş xarabalığa çevrilmiş şəhərə qızılı işıq saçır, ailə istəksiz şəkildə maşını Bakıya gedən uzun yola tərəf döndərir…
O vaxt uşaq olan Günay Həmidova və ailəsi Ağdamdan didərgin düşüb. İndi Ağdam yenidən Azərbaycana qayıdıb. Ancaq bu qayıdış Günay Həmidovaya baha başa gəlib. Belə ki, onun əri İkinci Qarabağ savaşında şəhid olub.

O, Mingəçevirdə yerləşən Sovet dönəmindən qalma turist düşərgəsində yaşayır. İki uşağı ilə dul qalan gənc ana öncə valideynləri ilə birlikdə yaşayıb. O, ailə qurduqdan sonra isə onsuz da balaca olan otağı yarı bölüblər: “Otaq yayda isti, qışda soyuq olur”, Günayın atası gileylənir. O da Ağdama dönmək ümidi ilə yaşayır: “Hökumət bizim şəhəri yenidən inşa edəndən sonra geri dönəcəyik. Mən heç bilmirəm ki, mənim evim durur, yoxsa dağılıb”. O, ah çəkir.

Müharibə başlayanda Günay və uşaqları ərinin yanında olmaq üçün cəbhəyə yaxın əraziyə köçüblər. Döyüşlərin birində ağır qəlpə yaraları alan əri beş gün sonra şəhid olub. Üç yaşlı oğlu tez-tez atasının çərçivəyə salınmış şəkli ilə danışır. “Mən ona şəkil ilə danışmasına icazə verdim”, Günay deyir, çərçivənin yanına qoyulmuş ərinin saatına sığal çəkirmiş kimi toxunur. ” Bu saat o zaman dayandı ki… Saat ərimin şəhid olduğu vaxtı göstərir … Ümid edirəm ki, oğlumuz da cəsur böyüyəcək və atası kimi hərbi xidmətdə olacaq”, deyən ana oğlunu qıvrım saçlarına sığal çəkir…

Elbəyi Həsənli, Sürix
People displaced by the Nagorno-Karabakh conflict return to see what’s left of land they lost (nationalgeographic.com)




https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160718

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930