Hüquq müdafiəçiləri Səlim Müslümovu müdafiə edəcəkmi – açıqlama

09.02.2021 - 10:24

Ötən həftə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı sosial şəbəkələrdə müxtəlif səpkili müzakirələr gedir. Bunlardan biri də hüquq müdafiəçilərinin onun həbs səbəbləri ilə maraqlanıb-maraqlanmaları, onun müdafiəsinin mümkün olub-olmadığı ilə bağlıdır.

Hər kəsə məlumdur ki, rüşvət və korrupsiya ittihamları ilə həbs edilən şəxslərə qarşı ictimaiyyətdə münasibət olduqca sərtdir. Belə şəxsləri isə müdafiə edənlərin hansı qınaqlarla, tənqidlərlə üzləşəcəklərini təxmin etmək elə də çətin deyil. Bunu nəzərə alsaq, kiminsə özünü “oda atmaq” fikrində olmadığını düşünmək olar.

Bununla belə, belə suallar da var ki, hüquq müdafiəçiləri Səlim Müslümovu müdafiə etməyə, şikayəti olarsa, baxmağa, müraciəti olarsa, cavablandırmağa hazırdılarmı? Korrupsiya, rüşvət ittihamı ilə həbs edilən şəxslərin hüquqları nədən ibarətdir? Onları müdafiə etmək qəbahətdirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələyə belə münasibət bildirdi: “Əvvəla, onu qeyd edim ki, kimliyindən asılı olmayaraq bizə, yəni Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupuna, yaxud da ayrı-ayrılıqda birimizə vətəndaş saxlanılmasından, qanunsuz həbsindən və hüquq normalarının pozulmasından müraciət olunursa, təbii ki, biz onu araşdırıb, lazımi qurumlarla bununla bağlı əlaqə saxlayırıq. Rüşvət və korrupsiya ilə tutulmuş adamların da istintaq, eləcə də məhkəmə zamanı hüquqları pozulursa, bununla məşğul oluruq. Çünki o da vətəndaşdır, müraciət etmək hüququ var. Bütün hallarda müraciətlərə baxırıq. Amma ”gedək istintaq hərəkətlərinə müdaxilə edək” kimi hallar məqsədəuyğun deyil.

Çingiz Qənizadə ile ilgili görsel sonucu

Çingiz Qənizadə: “Cəmiyyətdə rüşvət və korrupsiya ittihamları ilə tutulanlara qarşı çox yüksək aqressiya var”

Doğrudur, cəmiyyətdə rüşvət və korrupsiya ittihamları ilə tutulanlara qarşı çox yüksək aqressiya var. Çünki uzun müddət idi ki, məmurların hərəkətlərindən çox ciddi narazılıq müşahidə olunurdu. Əhali belə həbsləri alqışlayır. Ola bilsin ki, kimlərsə buna müdaxilə edib, siyasiləşdirmək istəsin. Bununla guya onlara kömək edirlər. Bu da başa düşüləndir. Çünki ayrı-ayrı hüquq fəaliyyəti ilə məşğul olan, yaxud ayrı-ayrı Qeyri-Hökumət Təşkilatları var ki, onlar belə məmurların tutulmasından istifadə edib, onlarla sövdələşməyə gedir, sizləri Avropa Məhkəməsinə, yaxud başqa yerlərə çıxacağıq kimi oyunlar oynayırlar. Bunlar da yolverilməzdir. Hesab edirəm ki, qanun hamı üçün eyni olmalıdır. Hansı cinayəti törətməsindən asılı olmayaraq, qanun hər kəs üçün eyni yazılıb. Heç kimin qanunla olan hüquqları pozulmamalıdır”.

Sahib Məmmədov: ile ilgili görsel sonucu

Sahib Məmmədov: “Cəzalandırılan şəxsləri müdafiə etmək qəbahət deyil”

Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov istənilən şəxsin müdafiə hüququnun olduğunu söylədi: “Cinayətdə ittiham olunan, təqsirləndirilən və sonradan təqsirli bilinib cəzalandırılan şəxslərin hüquqlarını müdafiə etmək qəbahət deyil. Bu kimliyindən asılı olmayaraq belədir. Amma baxır hansı hüquqlarını müdafiə edəsən. Fikirlərimi şəxslər üzərində qurmaq istəmirəm. İstənilən şəxsin müdafiə hüququ var. Bunların hər biri qanunvericiliklə müəyyən edilib. Cinayət Prosessual Məcəlləsində vəkillik və vəkil fəaliyyəti haqqında qanunda, digər qanunvericilikdə göstərilib ki, cinayətdə şübhəli bilinən, təqsirləndirilən, təqsirli bilinən şəxslərin müdafiə hüququ onlara həmin andan başlayır, yəni ittiham elan edildiyi andan. Bu baxımdan onların peşəkar hüquqi yardım almaq hüququ var. Kiminsə buna vəsaiti çatmırsa, dövlətin ona peşəkar hüquqi yardım etmək öhdəliyi var. Hüquq müdafiəçilərinə gəlincə, dünyada belədir ki, istənilən şəxsə qarşı işgəncə halı, saxlanılma şəraiti ilə bağlı problem varsa, kimliyindən asılı olmayaraq bu fəaliyyətlə məşğul olanlar həmin şəxsləri müdafiə etməlidirlər. Heç bir halda insan ləyaqətini alçaldan, insana işgəncə verilən hallara yol verilməməlidir, yəni həbs edilən şəxsə qarşı. Hüquq müdafiəçiləri işgəncə vermiş şəxsləri, yaxud qəddarlıq edənləri, dövləti cinayətə yol verənləri açıq müdafiə etmirlər. Onlara qarşı işgəncə halları, pis rəftar olarsa, belə olan halda bu istiqamətlər üzrə onları müdafiə edirlər. Qatı cinayətkarın işgəncələrdən müdafiə hüququ var. Ləyaqətinin alçaldılmasını qorumalıdır. Bu hüquqlar çərçivəsində istənilən şəxsi müdafiə etmək olar. Həbs edilən məşhur şəxslərə gəlincə, deyim ki, həbs edilən varlılarla bağlı klassik hüquq müdafiəçiləri bu prinsiplərə əməl edirlər. Amma yeni nəsil ”hüquq müdafiəçiləri” çıxıblar. Bunlar varlı, məşhur olsun, fərq etmir, onları müdafiə edirlər, həm pul üçün bunu edirlər, həm də siyasi məqsədlər naminə, yəni Azərbaycana qarşı bir basqı yaratmaq üçün bunu edirlər. Fikirlərimdə onları nəzərdə tutmuram. Əsl, peşəkar hüquq müdafiəçilərindən danışıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160912

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31