Oliqarxların dövlətdən oğurladıqlarını necə qaytarmaq olar – təklif

11.02.2021 - 10:25

Ekspert Ziya Məmmədov, Heydər Əsədov və Etibar Pirverdiyevdən alınacaq pulların xərc istiqamətlərini göstərdi; Əkrəm Həsənov: “İri məmurların dövlətlə razılaşmasına şərait yaradılmalı, oğurladıqlarını könüllü geri verməlidirlər”

Son 20 ildə Azərbaycanda yüksək vəzifələrdə olan şəxslərin demək olar ki, hamısı postundan oliqarx kimi ayrılıb. Onlar dövlət vəsaitlərinin ən müxtəlif yollarla mənimsənilməsi nəticəsində külli miqdarda varidat toplaya biliblər.

Təsadüfi deyil ki, indinin özündə də vəzifədə olan məmurların hamısının övladlarının, yaxın ailə üzvlərinin dünyanın ən müxtəlif ölkələrində yüz milyonlarla dollarlıq əmlakı, biznesi var. Bir çox məmur balaları, xanımları varidatlarını gizlətməyərək dəbdəbəli əşyalarını açıq-aşkar nümayiş etdirməkdən belə çəkinmirlər.

Uzun illər boyu talançılıq o həddə olub ki, hakimiyyətdə, dövlət idarəetməsində, eyni zamanda iri dövlət şirkətlərindən yalnız yüksək deyil, orta ranqlı vəzifəni tutan hər kəsin milyoner statusunda olmasını rahatlıqla söyləmək mümkündür. Son illərdə aparılan həbslər zamanı aşkarlanan qanunsuz toplanmış sərvətlərin dəyəri də bunu sübut edir. Məsələn, ötən illərdə həbs olunan rayon icra hakimiyyəti başçılarında aşkarlanan pullar, biznes, eyni zamanda əldə etdikləri qanunsuz gəlirin həcmi (həftədə 100 min manata yaxın) göstərir ki, bu vəzifəni 3-5 il icra edən hər kəs topladığı varidatla rahatca milyoner sayıla bilər. Daha yüksək vəzifəlilərin bir çoxu isə hətta milyarder statusunu da “haqq edirlər”.

2019-cu ildən yüksək vəzifəli şəxslərə qarşı başladılan korrupsiya ittihamlı həbslər indi də davam etməkdədir. 2021-ci ilin əvvəlindən etibarən proses daha yüksək pillələri əhatə etməyə başlayıb. İlk dəfə olaraq 3 il əvvəl vəzifədən alınmış sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, onun dövründə nazirliyin aparat rəhbəri işləmiş Əjdər Ol həbs ediliblər. Onlar məhz vəzifədə olduqları müddətdə yol verilən qanunsuzluqlara görə saxlanılıblar.

Qeyd edək ki, həbs olunan məmurların qanunsuz əldə etdikləri varidatın bir qismi məhkəmə proseslərindən sonra müsadirə olunaraq dövlətə verilir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən, məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.

Əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir. Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.

Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.

Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.

Maliyyə Nazirliyindən aldığımız məlumata görə, 2015-2019-cu illərdən bu yarımmaddə üzrə dövlət büdcəsinə 34 milyon 31 min manat daxil olub. Bu, həbs olunan şəxslərin topladığı var-dövlətlə müqayisədə çox cüzi bir məbləğdir.

İndi məmurların hətta vəzifədən uzaqlaşandan sonra korrupsiya əməlinə görə həbs olunması ictimaiyyətdə yüksək vəzifə tutan bütün sabiq və indiki məmurların topladıqları varidatın dövlətin nəfinə milliləşdiriləcəyinə dair məlumatların yayılmasına səbəb olub. Cəmiyyətin əksər təbəqələri hesab edirlər ki, işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinin mühüm hissəsi məhz bu yolla əldə ediləcək vəsaitlər hesabına maliyyələşdirilməlidir.

Osman Gündüz ile ilgili görsel sonucu

Osman Gündüz

Məsələn, Milli İnternet Forumun prezidenti Osman Gündüz bir neçə keçmiş məmurla bağlı maraqlı təkliflə çıxış edir. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ölkə Prezidentinin nəzərdə tutduğu “ağıllı şəhər” və “ağıllı kənd”lərin qurulmasında sabiqlərin vəsaitlərindən istifadə olunmalıdır: “Azərbaycanda son 10-15 ildə elə İT layihələr olub ki, icrasına başlayan anda iflas olub. Məsələn, Azərbaycanın ən uğursuz və ən böyük, 100 milyon dollar dəyəri olan İT layihələrindən biri Ziya Məmmədovun adı ilə bağlıdır. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi və Koreyanın ”SK C&C” şirkəti ilə müqavilə imzalanıb.

Ekspert Ziya Məmmədov ile ilgili görsel sonucu

Layihənin ilkin dəyəri 77 milyon dollar olub, sonradan isə 19 milyon dollar da əlavə edilib . 2009-cu ildə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təməli qoyulubmuş , 2011-ci ildə guya başa çatdırılıb. Bu nəhənglikdə layihə qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilmədi, alayarımçıq infrastruktur dağıdıldı, monitorlar və informasiya sistemləri, trafikin intellektual idarəetməsi və qabaqcadan məlumatlandırma sistemi işləmədi və qısa müddətdə layihə iflas oldu. Fikrimcə, Ziya müəllim indi heç olmasa işğaldan azad olunan ərazilərdə bu cür infrastrukturun qurulmasına dəstək verə bilərdi”.

Ekspert deyir ki, digər bir məsələ hazırda Qarabağda qurulacaq alternativ, bərpa olunan enerji təminatı ilə bağlı “yaşıl zona” layihələri və “rəqəmsal aqrar sektor” üçün maliyyə mənbələrinin tapılmasıdır: “Fikrimcə, keçmiş məmurlar Etibar Pirverdiyev və Heydər Əsədov da bu sahədə təcrübəlidir və köməklik göstərə bilərlər.

Etibar Pirverdiyevin ile ilgili görsel sonucu

Etibar Pirverdiyevin  rəhbərliyi ilə  58 milyon dollar vəsaitlə ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə idarə etməyə imkan verən SCADA informasiya sistemi qurulmuşdu. 2018-ci ildə baş verən enerji qəzasında məlum oldu ki, belə bir sistem yoxmuş. Hazırda büdcədən “Azərenerji”yə xeyli vəsait ayrılıb və bu sistem yenidən qurulur. Bu baxımdan düşünürəm ki, Etibar Pirverdiyev  işğaldan azad olan ərazilərdə “yaşıl zona”nın qurulmasına xeyli köməklik göstərə bilərdi.

Heydər Əsədovun ile ilgili görsel sonucu

“Ağıllı şəhər”  və “ağıllı kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur. Bu baxımdan güman ki, burada əsasən aqrar sahənin, kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək. Xatırlayıram ki, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi zamanı – 2015-2016-cı illərdə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Nazirlik bunu “Caspel” şirkətinə həvalə etmişdi. Avropa İttifaqı da dəstək verirdi.

İnam Kərimov nazir təyin olunanda məlum oldu ki, əslində belə bir informasiya sistemi faktiki olaraq mövcud deyilmiş. Hazırda büdcədən yenidən vəsait ayrılıb və ASAN Elektron Kənd Təsərrüfatı Sisteminin yenidən qurulması ilə məşğuldur. Bu baxımdan, Heydər Əsədov da işğaldan azad olan ərazilərdə “ağıllı bağların”, “kənd təsərrüfatının intellektual idarəetmə sisteminin” qurulmasına xeyli töhfə verə bilər”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

 Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, milliləşdirmə hər hansı şəxsin əmlakının dövlət tərəfindən ədalətli qiymətə alınmasıdır: “Dövlət nəfinə əmlakın alınmasının ən bariz nümunəsi sovet dövründə yaşanıb. Bir çox hallarda bu proses əvəzi ödənmədən həyata keçirilib. Ona görə də indi cəmiyyətdə oliqarxların əmlakının milliləşməsi təklifləri səsləndirilir. Əslində bu təklif milliləşdirmə deyil, müsadirə anlayışına daha çox uyğun gəlir. Uzun illər boyu dövlətdən oğurlayan məmurlara münasibətdə məhz bu addım atılmalıdır. Özü də bu zaman həmin şəxslərə qarşı cinayət işi də açılmalıdır. Hansı ki, son illərdə həbs olunan icra başçıları, digər məmurlara qarşı məhz belə edilib – cinayət işi də açılıb. Müsadirə olunan əmlaklar hesabına dövlət büdcəsinə təmin olunan gəlirlər hələ ki cüzi məbləğlərlə ifadə olunur. Amma hər kəsə aydındır ki, 2015-ci ildən bəri həbs olunan məmurların varidatı bəlkə də milyardlarla manatla ölçüləcək həddədir”.

Ə.Həsənov qeyd edir ki, xarici ölkələrdə fəaliyyətində qanunsuzluq aşkarlanan şəxslər dövlət orqanları ilə razılaşmaya getmək imkanı olur: “Qanunvericilik imkan verir ki, ittiham olunan şəxslər cəzalarını yüngülləşdirmək, yaxud cinayət məsuliyyətinə cəlb olunmamaq üçün əmlaklarının bir hissəsini dövlətə təslim edirlər. Bu halda həmin şəxslərlə dövlət arasında əqd bağlanır. Belə təcrübə ən aparıcı ölkələrdə belə mövcuddur. Hətta qonşu Gürcüstanda Mixail Saakaşvili hakimiyyətə gələndə çoxsaylı şəxslərlə bağlı belə addım atıldı: onlar korrupsiya yolu ilə topladıqları var-dövlətin mühüm bir hissəsini dövlətə verdilər, həbs olunmadılar. Azərbaycanda bu praktikanın tətbiqinə imkan verəcək hüquqi baza təkmil deyil. Bilirsiniz, məqsəd o olmamalıdır ki, kimsə mütləq həbs edilsin: əsas dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılmasıdır. Kimlərsə bunu  edərlərsə, onlar cinayət təqibindən azad edilməlidirlər. Sonra həmin şəxslər Ziya Məmmədov kimi, gedib kənddə heyvandarlıqla məşğul ola bilərlər”…

Hüquqşünas hesab edir ki, orta və aşağı ranqlı məmurlar üçün maliyyə amnistiyası elan edilməlidir: “Əqd bağlama irilərlə aparılmalıdır. Orta və kiçik ranqlılar üçünsə maliyyə amnistiyası elan edilməli, qanunsuz əldə etdiklərinin mühüm bir hissəsi əllərindən alınmalıdır”…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161135

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728