Düşmənə növbəti göz dağı: Azərbaycan – Türkiyə münasibətləri yeni mərhələdə

20.02.2021 - 11:15

Bakı və Ankara arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir; Türkiyədə keçirilən Forum çərçivəsində imzalanan 11 sənəd “Bir millət, iki dövlət” üçün yeni üfüqlər açır…

Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycan arasında əlaqələr yeni mərhələyə adlayır, bunu son günlərin intensiv əlaqələri, qarşılıqlı səfərlər və imzalanan sənədlər də təsdiqləyir. Fevralın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Həmin gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb. Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır. Forum zamanı Azərbaycanın Qarabağ müharibəsindəki böyük zəfərindən də bəhs edilib, eyni zamanda kapitulyasiya aktından sonra əldə olunan razılaşmalara əsasən, kommunikasiyaların bərpası istiqamətində atılacaq addımlardan danışılıb. Türkiyənin ticarət naziri Ruhsar Pekcan Forumda çıxışı zamanı deyib ki, Naxçıvan dəhlizi Türkiyə üçün çox əhəmiyyətlidir və əsas məqsəd Bakının logistika mərkəzinə çevrilməsidir. Ekspertlərimiz də hesab edir ki, hökumətlərimiz səviyyəsində keçirilən toplantı, imzalanan sənədlər mühüm əhəmiyyət kəsb edir.

Ceyhun Məmmədov ile ilgili görsel sonucu

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Türkiyə arasında əlaqələr atıq strateji xarakter alıb və sürətlə inkişaf edir: “Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. İki qardaş ölkə arasında imzalanan 11 saziş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın baş nazirini qəbul etməsi, fikir mübadiləsi aparması, Türkiyə-Azərbaycan Biznes Forumunun təşkili bu fikri bir daha təsdiq edir. Atılan addımlar eyni zamanda bu əlaqələrin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə, iki ölkənin bir-birinə daha da yaxınlaşacağını söyləməyə əsas verir. Vətən Müharibəsi zamanı, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında olub, ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərib. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə ediblər. Azərbaycan bu dəstəyi həmişə yüksək qiymətləndirir”.

C.Məmmədov qeyd etdi ki, həm Azərbaycan həm də, Türkiyə Naxçıvan dəhlizinə xüsusi önəm verir: “Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin həyata keçirilməsi bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı logistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz”.

Deputat qeyd etdi ki, bu reallığı Ermənistan tərəfi də ciddi nəzərə almalıdır: “Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq, iqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə gətirəcək. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda, ”dəmir yumruq” yenə işə düşəcək”.

Politoloq Elçin Mirzəbəyli də hesab edir ki, Türkiyə və Azərbaycan arasında imzalanmış sənədlər mühüm əhəmiyyətə malikdir. Ekspertimiz imzalanan sazişlərin detalları barədə də oxucularımıza məlumat verdi: “Ankarada Azərbaycanın baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumunun keçirilməsi iki ölkənin hökumətləri arasında 2020-ci il fevralın 25-də imzalanmış Prefersial Ticarət Sazişinin icrası istiqamətində atılan önəmli bir addımdır. Qeyd edim ki, sözügedən sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb ki, bu da Azərbaycan iqtisadiyyatının diversifikasiyası, kiçik və orta biznesin ixrac qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Əli Əsədov və Fuad Oktayın rəhbərliyi ilə keçirilən biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, digər rəsmi şəxslər və iş adamları iştirak ediblər. Forum çərçivəsində imzalanan 11 sənəd iki qardaş ölkə arasındakı iqtisadi münasibətlərin yeni və daha dinamik bir mərhələyə daşınması üçün geniş imkanlar açır”.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli 

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri tarixin ən mühüm, ən önəmli dövrünü yaşayır: “Bu gün hörmətli prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən iki qardaş ölkənin vahid bir iqtisadi-siyasi platforma üzərindən gələcəyə doğru irəliləməsi üçün atdıqları addımlar o qədər böyük strateji əhəmiyyət daşıyır ki, onillər, bəlkə də yüzillər boyu Türkiyə və Azərbaycan türklərinin, eləcə də bizimlə eyni dövlətlərin sərhədləri çərçivəsində yaşayan, ortaq mədəniyyəti, taleyi, Vətəni paylaşdığımız digər xalqların – canbir, yurdbir qardaşlarımızın da müstəsna rol oynayacaq”.

Qeyd edək ki, Ankarada mühüm müzakirlər aparıldığı gün Azərbaycan dövləti qardaşlığımızın möhkəmləndirilməsi istiqamətində daha bir addım atıb. Fevralın 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiq edib. Qanun Azərbaycan vətəndaşlarının üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur. Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunub.

Əlavə edək ki, bu həftə Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin də Türkiyə Respublikasına rəsmi səfəri reallaşıb. Nümayəndə heyətinin qardaş ölkənin Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşü keçirilib, vacib məsələlər müzakirə edilib. Onu da xatırladaq ki, əməkdaşlıq üçün yeni üfüqlər açan iqtisadi təmaslara məhz “İki dövlətin bir ordusu”nun Qarsdakı hərbi təlimlərindən sonra başlanıldı. Göründüyü kimi, bütün istiqamətlərdə əlaqələr yüksələn xətlə davam etdirilir. Bütün bunlar Qarabağ və “Ağrı” həsrətində olan düşmənə göz dağıdır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930