Laçın dəhlizindəki üçrəngli bayrağımız və “sadəlövh” sülhməramlı

20.02.2021 - 11:17

Laçın dəhlizindən hazırlanan videoreportajda Azərbaycan-Ermənistan sərhədində asılmış bayrağımızı qürurla seyr etdim. Düzdür, Azərbaycan bayrağını ermənilər epizodik verdilər, şərhsiz-filansız, yalnız reportajın sonunda, üstəlik də Rusiya bayrağının yanında. Amma olsun, əsas odur ki, kimsə bayrağımıza dil uzada bilmir, hətta dəhlizdə, yalnız rusiyalı hərbçilərin olduğu şəraitdə…

Bir çoxumuz tələsirik, 30 il işğalda olan, 44 günə azad etdiyimiz torpaqlarda bütün işlərin dərhal yerli-yataqlı olmasını arzulayırıq. Bəziləri də tarixi işlərin üzərinə kölgə salmağa, qaralamağa cəhd göstərir, belələri ən sərt tənqidləri haqq edirlər, təəssüf ki. Dövlətimizə, ordumuza inanırıq. Əminik ki, mövcud problemlər də aradan qaldırılacaq, mərhələ-mərhələ. Ancaq dövlət başçısının dediklərini də unutmayaq: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Qarabağın qaytarlılacağına şübhə ilə yanaşanlar, ümidləri öldürməyə çalışanlar indi də Rusiya sülhməramlılarının təsir dairəsində olan ərazilərlə bağlı eyni fikirləri tirajlamaqdan usanmırlar. Ancaq erməni mətbuatını, Ermənistandakı siyasi partiya mənsublarını, ekspertlərini izləsələr, əsl reallığı görərlər. Əllərini nəinki “artsax”dan, hətta Zəngəzurdan üzüblər! Zəngəzur istiqamətində sərhədboyunca delimitasiya və demarkasiya prosesi davam etdikcə, ermənilərin təşvişi də artır. Hətta sovet dövründə, 20-30-cu illərdə, ondan sonra Azərbaycandan zorla qoparılıb, Ermənistana pay verilmiş ərazilərin də geri qaytarıla biləcəyi ətrafında müzakirələr gedir, təkcə Qazaxın, Sədərəyin işğal olunmuş kəndləri deyil, Naxçıvanın kəndləri, Mehri ərazisi…Belə olan təqdirdə içimizdəkilər niyə şübhə toxumu səpməyə çalışır, məqsəd-məram nədir?

Məncə, doğrusu budur: cəhənnəm yolunu seçənlərin durumunu zövqlə izləyək, ancaq ehtiyatı da əldən verməyək! Tarixdən biz də dərs almalıyıq və unutmamalıyıq: 1918-ci ilin 29 mayında Azərbaycan Xalq Cümhuriyyəti digər bütün ərazilərə iddialarından əl çəkmələri şərti ilə (!) İrəvanı ermənilərə güzəştə getməyi qərara almışdı. Ancaq erməni sözünün üstündə durmadı və qısa müddətdə daha 10 min kv.km qopardılar bizdən. Bu dəfə də ermənilərin nə imzası, nə də vədinə inanmamalıyıq, “Dəmir yumruq” təbii ki, daim hazır olacaq.

Bəli, tarixi zəfər qazanmışıq, düşmənin başına od ələmişik, ordu deyilən bir şeyləri qalmayıb. Amma axı, bunu da bilirik ki, 1828-ci ildə erməniləri Azərbaycan torpaqlarına köçürüb, əhalisinin 75 faizi türklərdən ibarət olan İrəvanda, ətraf ərazilərdə yerləşdirən, 90 il sonra bu ərazidə “erməni dövləti” yaradan güclər daha bir əsr keçdikdən sonra fikirlərindən vaz keçməyiblər, “erməni maşası” hələ də onlar üçün vacib alətlər sırasındadır. 10 noyabr 2020-ci ildə Nikol Paşinyan kapitulyasiya aktına imza atıb, məğlubiyyətini etiraf etsə də, “ocağ”ın körükçüləri açıq və gizlincə bədnam qonşularımızı yenidən ayağa qaldırmağa çalışırlar, normal həyata dönüb, dinc-yanaşı yaşamaq üçün yox, nifaq toxumu əkib-becərmək üçün. Ona görə də çox diqqətli olmalıyıq. Həm də daxildə, milli birliyimizi daha möhkəm qorumaqla düşmənin, onun havadarlarının məkrli planlarını dağıda bilərik. 44 günlük Vətən Müharibəsində məhz belə oldu! İndiki Ermənistan 90-cı illərin Azərbaycanına çox bənzəyir, didirlər bir-birini. Təkcə bu həftə ərzində onlarla şəxs müxtəlif ittihamlarla həbs edilib. Onlardan birinin Cəbrayılda döyüşmüş Mehri “meri” olması gözəl xəbərlərdən biridir.

Amma açığı, Rusiya hərbçilərinin Laçın dəhlizindəki şlaqbaumun arxasında saxladığı erməni yük və minik maşınlarının sürücülərini ədəb-ərkana salamlayıb, “maşında qadağan olunmuş döyüş sursatı və silah yoxdur ki” sualını verməsi və inkar cavabı alandan sonra “yaxşı yol” deməsi normal sayıla bilməz. Ruslar erməniyə bu qədərmi inanır? Saxlanc yerində silah aparmadıqlarını sadəcə soruşmaqla iş bitmir. Elə bu gün xəbər yayıldı ki, Ermənistanda silah qaçaqmalçısı yaxalanıb, azı 45 avtomatla birgə. Erməninin Xankəndiyə silah-susat aparmadığına, yaxud Azərbaycan ərazisinə daxil olanların Azərbaycanda barəsində cinayət işi qaldırılan 62 terrorçu kimi hansısa təxribat üçün gəlmədiyinə kim zəmanət verə bilər?

Laçında Azərbaycanın sərhəd xidmətinin və gömrük xidmətinin keçid buraxılış məntəqəsinin yaradılması olduqca zəruridir, heç şübhəsiz Azərbaycan dövləti bu istiqamətdə səylər göstərir. Prezident əbəs yerə Laçında bayrağımızı ucaltmadı, Güləbird SES-in açılışına getmədi. Bayrağımızı sərhədimizin girişində asan igid oğullar bir gün özləri də Laçının giriş qapısında var olacaqlar. Bununla da Qarabağdakı separatçı-terrorçu qrupların kitabı bağlanacaq. Səbirlə gözləyək…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161551

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31