QHT Şurasından qalan problemlər: Agentlik onları həll edə biləcəkmi?

20.04.2021 - 17:14

 

QHT Şurasından qalan problemlər: Agentlik onları həll edə biləcəkmi?

 

III sektorda “Soros sindromu”

Azərbaycanda qeyri-hökumət təşkilatları platforması normal şərtlər altında formalaşmayıb. 90-cı illərin əvvəllərində totalitar Sovet sistemindən açıq cəmiyyətə xaotik keçid tendensiyası III sektora da möhür vurub. Bu sektor beynəlxalq standartlara deyil, siyasi mərkəzlərin istək və arzularına, dünyagörüşlərinə uyğun olaraq formalaşdırılıb.

90-cı illərdə aktiv olan QHT və medianın böyük kəsimi vətəndaş cəmiyyəti institutu olmaqdan daha çox hansısa partiyanın, siyasi mərkəzin peyki kimi görünüb. Adları qarşısında bəlli bir epitet vardı: “bu QHT AXCP-nin, o təşkilat Müsavatındır” deyə bölgü yaranmışdı. Yəni, hansısa güc mərkəzinin əlində alət olmaq, peyk funksiyasını icra etmək bir növ QHT və media üçün mahiyyətə çevrilmişdi.

Mövcud boşluq xarici güc mərkəzləri üçün də əlverişli idi. Qərbin demokratik təsisatları adıyla ölkəyə gələn institutlardan bir qismi III sektora töhvə vermək yerinə bu sektor vasitəsiylə Azərbaycanı nəzarətdə saxlamaq üçün mexanizmlər formalaşdırır, öz işlərini qururdu. Bu baxımdan Azərbaycanda QHT sektoruna ən böyük zərbəni bilavasitə Soros Fondu və “Sorosabənzər” digər Qərb institutları vurublar. Fond ölkədə QHT-lərin siyasiləşdirilməsi, öz mahiyyətindən və fəaliyyət fəlsəfəsindən uzaqlaşdırılaraq siyasi alət kimi istifadə olunması təcrübəsini yaradıb.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu – yəni Soros Fondu Azərbaycanda 1996-cı ilin sonlarından fəaliyyət göstərib. Fond özü rəsmən elan edib ki, fəaliyyəti dayanana qədər (2011-ci il) Azərbaycanda “demokratik inkişafa”, o cümlədən, media və QHT sektoruna yönəlik proqramlara orta hesabla hər il 3 milyon dollar vəsait xərcləyib, qrant ayırıb. Cəm halda 15 il üçün təqribən 55 milyon dollar vəsait edir. Mahiyyətcə böyük vəsait deyil. Amma bu kiçik vəsaitlə Azərbaycan informasiya məkanında və QHT sektorunda nələr ediblər? Bircə nümunə verməklə təsəvvür formalaşdıraq: 90-cı illərdə, 2000-ci illərin əvvəllərində “Sorosabənzərlərin” yönləndirməsi ilə küçəyə çıxıb Azərbaycan polisinə daş atan “Azərbaycan jurnalistləri”ni, “QHT təmsiçiləri”ni, yəqin ki, əksəriyyət xatırlayır.

III sektorun missiyası böyükdür, funksiyası çoxşaxəlidir. Bu sektor dövlət-hakimiyyət orqanları üzərində ictimai nəzarət missiyasını həyata keçirməlidir; ictimai maraq kəsb edən problemləri müəyyənləşdirməli, həlli üçün təkliflər hazırlayıb dövlət və hakimiyət qurumlarına təqdim etməli, icrasına nail olmalıdır. Amma bu missiyanı yerinə yetirməyin yolu müvafiq qurumlarla dialoqdan keçir. “Soros sindromunun” isə mahiyyəti budur ki, hökumət, dövlət strukturları ilə dialoq yolunu seçib ictimai problemlərin həllinə yardım etməli olan III sektor, əksinə, konfrontasiyaya meylləndirilir, ortada ziddiyyətlər yaradılırdı.

Soros Fondunun yaratdığı bu sindrom Azərbaycanın III sektorunda uzun müddət hakim olub, yalnız ölkədə milli donor institutlarının formalaşdırılması ilə əhəhmiyyətli dərəcədə təsirdən salınıb.

QHT Şurasının həll etmədiyi problemlər

QHT sektorunun yad təsirlərdən xilas edilməsi, milliləşdirilməsi, öz missiyasına qaytarılması üçün töhfə vermiş qurumlar sırasında QHT-lərə Dövlət Dəstəyi Şurası ön cərgədə dayanıb. Yaradılış baxımından (2007-ci il) milli donor institutları sırasında ilk olan QHT Şurası ölkədə sonradan yaradılan donor institutları üçün örnək/təcrübə formalaşdırıb, yeni bir platformaya çevrilib.

QHT Şurasının dəstəyi ilə QHT sektoru milliləşib, peşəkarlaşıb, inkişaf edib. Bu, danılmaz bir həqiqətdir. Amma problemlərin tamamilə aradan qaldırılmasını tam təmin edə bilibmi? Təəssüf ki, bu məqamda nikbin danışmaq imkansızdır.

QHT-lərin problemləri çoxdur, həll edilmələri zəruridir. Jurnalist təşkilatının təmsilçisi qismində QHT-lərin problemlərini bilirəm, daha doğrusu, bu problemləri yaşayıram. Onların hamısını sadalamaq imkansız olsa da, nümunələr verməklə təsəvvür formalaşdıraq.

• Ölkədə 3000-dən çox QHT var. Bunlardan neçəsi institutlaşa bilib? Təəssüf ki, 1 faizin özü də mübahisəlidir. QHT Şurası QHT-lərin peşəkarlaşdırılmasına töhfə verib, amma QHT-lərin institutlaşmasını təmin etməyib. Ehsan paylayırmış kimi ildə 1-2 dəfə eyni məbləğdə vəsaiti qrant adıyla bütün QHT-lər arasında bərabər şəkildə bölmək çıxış yolu deyil. Bacarığı, imkanları, potensialı olan QHT-lərə fərqli münasibət olmalı, fərqli müstəvidə iş qurulmalıdır. QHT Şurası bu prinsipi tətbiq edə bilmədi. Şura QHT-lərlə deyil, layihələrlə işlədi.

• Beynəlxalq standartlara uyğun iş qura bilmiş, beynəlxalq təşkilatlarla əməkdaşlığa nail olmuş milli QHT-lərin sayı minimum səviyyədədir. Onları bir neçə barmaqla saymaq olar. QHT Şurası bu QHT-lərlə sistemli iş qura bilmədi. Hansı ki, yaşadığımız günlərdə buna çox ciddi şəkildə ehtiyac var. 44 günlük müharibə bu sahədəki boşluqları çılpaqlığı ilə göstərdi.

• QHT-lər üçün peşəkar kadr hazırlığına töhfə verilməlidir. Acı da olsa, həqiqətdir: Soros Fondu öz təmayülünə uyğun gələn QHT-lər üçün tədris-təlim proqramını qura bilib. Bunu sistemli şəkildə, institusional formada həyata keçirir. QHT Şurası isə bu sahədə milli QHT-lərə töhfə verə bilmədi.

Nümunələrin sayını artırmaq olar, amma gərək yoxdur, durum ortadadır. Təhlillər onu göstərir ki, yarandığı dövrdə dövlətin ictimai sektorla əməkdaşlığı üçün mütərəqqi mexanizm olan QHT Şurasının səlahiyyətləri, funksiyonallığı, hüquqi statusu cəmiyyətin mövcud çağırışlarına tam cavab vermir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilər

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə Fərman imzalayıb. Agentliyin Nizamnaməsindən görünür ki, onun hüquqi statusu konkretdir. Həm də Şuradan daha çoxdur. QHT Şurasının hüquqi statusu isə qeyri-müəyyən idi. Şura nə mərkəzi icra hakimiyyəti orqanı, nə qeyri- kommersiya qurumu, nə də publik hüquqi şəxs deyildi. Bu baxımdan çevik manevrlər edə, vətəndaş cəmiyyəti institutlarının tələblərinə operativ reaksiya verə bilmirdi.

Agentlik QHT-lərin maliyyə resurslarının şaxələndirilməsi üçün yeni mexanizmlər tətbiq etmək səlahiyyətinə malikdir; publik hüquqi şəxs qismində kənar mənbələrdən əlavə fondlar cəlb edə bilər.

Agentliyə ictimai nəzarətin təşviq edilməsi və ictimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində səlahiyyət verilir. Bu da QHT-lərin daha üstün statusunu təmin edir, onları hansısa qurumun əlavəsi olmaq durumundan çıxarır, nəzarətedici quruma çevirir. Bu, QHT-lərlə yanaşı, bütün cəmiyyət üçün faydalıdır, idarəetmədə şəffaflıq və hesabatlılıq əmsalının artmasına ciddi töhfə verəcək.

Agentlik qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırmaq öhdəliyi daşıyır. Həmşinin, bu sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək baxımından məsul tutulur.

Ümid etmək olar ki, qeyd edilən dəyişikliklərin həyata keçirilməsi ilə Azərbaycan QHT sektorunu yeni bir müstəviyə çıxarmaq, modern tələblərə uyğunlaşdırmaq mümkün olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162518

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031