Şuşa Bəyannaməsinin ardınca Moskva Bəyannaməsi – İrəvana daha bir şok!
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiyaya rəsmi səfərə gedib. Kremlin yaydığı məlumata görə, sabah səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı ilə danışıqlar aparacaq və yekunda ölkələrimiz arasında Müttəfiqlik münasibətləri haqda Bəyannamə imzalanacaq. Beləliklə, həmin sənədlə Bakı-Moskva əlaqələri faktiki müttəfiqlik səviyyəsinə qalxmış olacaq.
“Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır. Bundan əlavə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağa dair imzaladıqları 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin ediləcək”. Kremlin rəsmi məlumatında belə deyilir.
Əslində, belə bir sənədin imzalanmasında qeyri-adi heç nə yoxdur. Çünki Moskva hələ Serj Sərkisyan dönəmində “iki stul” siyasəti aparan İrəvanla 50 illiyə strateji müttəfiqlik müqaviləsi imzalasa da, Güney Qafqazda Rusiyanın ən etibarlı tərəfdaşı, ən səmimi müttəfiqi de-fakto elə Azərbaycandır, “nala-mıxa” vuran Ermənistan yox.
Lakin Bakı bununla Moskva ilə əlaqələrə xüsusi önəm verdiyinə təsdiqləməklə yanaşı, balanslı xarici siyasət kursuna sadiqliyini də göstərmiş olacaq. Eyni zamanda, Rusiyanın Qərb, NATO sarıdan Azərbaycanın “payına” düşən geosiyasi narahatlığı böyük ölçüdə gündəmdən çıxacaq. Qarşılığında isə Bakının xarici siyasət kursu bir az daha çevik xarakter ala bilər.
Ən əsası, Qarabağ anklavının yekun taleyi ilə bağlı Azərbaycanın məlum narahatlıqları, ələlxüsus, oradakı qanunsuz erməni birləşmələri ilə bağlı hələ də açıq qalan məsələnin həlli (kapitulyasiya aktının reallaşmayan 4-cü bəndi) yaxınlaşa bilər. Təbii ki, Azərbaycanın xeyrinə. Bu və digər səbəbdən Bəyannamənin ən çox İrəvanda güclü qıcıq yaradacağı şübhəsizdir.
Məslə həm də ondadır ki, Ermənistan, onun Rusiyadakı lobbisi, Rusiya KİV-lərində kök salan ermənilər daim Bakı ilə Moskva, Ankara ilə Moskva arasında konfliktin olmasına, düşmənçiliyə çalışıblar. Amma Şuşa Bəyannaməsinin ardınca imzalanacaq Moskva Bəyannaməsi onların bu arzularını uzun müddətə gözündə qoyacaq. Paralel surətdə İrəvan 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərlə öz üzərinə götürdüyü öhdəliklərin icrasını istədiyi qədər uzada bilməyəcək. Rəsmi məlumatdan göründüyü kimi, bunun anonsu artıq verilib.
MOSKVA GÖRÜŞÜNÜN GİZLİNLƏRİ: Prezident İlham Əliyev hansı mövqedən çıxış edib?
Sözsüz ki, sənədə dəqiq qiyməti Bəyannamənin mətni dərc ediləndən sonra vermək mümkün olacaq. Ancaq indidən bir şeyi əminliklə söyləmək olar: nəzərə alsaq ki, Bakı bu cür sənədləri mütləq öz yaxın və uzaq perspektiv hədəflərini ciddiyə alaraq atır, o zaman ehtimal eləmək olar ki, Moskva Bəyannaməsinin Qarabağ ətrafındakı situasiyaya ilkin müsbət nəticələrini çox gözləmək lazım gəlməyəcək.
Onu da unutmaq olmaz ki, İlham Əliyevin Moskvaya rəsmi səfəri və Bəyannaməmin imzalanması Qarabağ anklavında erməni separatçı-kriminal ünsürlərin təzədən fəallaşması və hətta terrorçu fəaliyyətə hazırlaşması, hansısa “hərbi təlimlər” planlanması fonunda reallaşacaq. Bu isə bilavasitə Rusiya sülhməramlı qüvvələrin məsuliyyət zonasıdır. Yəni Azərbaycanda ümumən Rusiyaya etimad məsələsidir.
Doğrudur, 1 nömrəli müttəfiqimiz Türkiyə NATO üzvüdür. Həm də Alyansda ikinci böyük hərbi gücdür. Ancaq bu da var ki, Rusiya 44 günlük müharibədən sonra bu reallıqla həmişəlik barışıb. Ağdamda onların ortaq Monitorinq Mərkəzi də var. Başqa yandan, Rusiya NATO-nun ikinci gücü olan Türkiyə ilə çox yaxşı münasibətlərdədir.
Bu baxımdan da Moskva Bəyannaməsi Şuşa Bəyannaməsini hansısa şəkildə “neytrallaşdırılması” cəhdi kimi deyil, onun davamı kimi qiymətləndirilə bilər. Bu isə Bakı-Ankara-Moskva “üçbucağı”nın yeni və işlək məzmun qazanması deməkdir…
Mənbə: Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=170932