“Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur” – Sabir Rüstəmxanlı

13.08.2022 - 16:45

“Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbiyyatı yaratmır, ədəbiyyatı qələm sahibləri yaradır. Yazıçılar Birliyinin 1000-dən artıq üzvü var. Son vaxtlar birliyi tənqid edib, amma üzv olmaq istəyənlərin sayı da artıb”.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Modern.az-a deputat, Xalq şairi Sabir Rüstəmxanlı AYB-nin fəaliyyəti və növbəti qurultayda yazıçı Anarın namizədliyi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, AYB-yə bəzən sovet dönəmindən qalmış köhnə qurum kimi baxanlar var:

“Bir vaxtlar deyirdilər ki, birlik ləğv olunsun, dövlət büdcəsindən çıxarılsın. Elə bilirlər ki, Yazıçılar Birliyi zavoddur, istehsal etdiyi nəyinsə hesabına yaşayacaq. Əksinə yazarlara və Yazıçılar Birliyinə ciddi dövlət dəstəyi göstərilməlidir. Yazıçılar Birliyinin dağıdılmasını yox, onun gücləndirilməsini tələb etməliyik. Ədəbiyyata ideologiya kimi baxmamalıyıq, milli taleyə xidmət edən iş kimi baxmaq lazımdır. Buna görə də birliyə ciddi dövlət dəstəyi lazımdır”.

S.Rüstəmxanlı vurğulayıb ki, Yazıçılar Birliyində ölkəmizin görkəmli nümayəndələri təmsil olunurlar:

“Onların fəaliyyəti xüsusi dəyərləndirilməlidir. Orta əsrlərdə olan ədəbiyyat məclisləri indi də təşkil olunur. Birlik olmasaydı, hamı yalquzaq kimi “mağarasına” çəkilərdi. Düzdür, yazıçı işi təklənməyi sevir, amma yazıçıların bir yerə yığılıb işlərindən danışmaları son dərəcə vacib məsələdir. Bütün bu sadaladıqlarım birliyin fəaliyyətindən xəbər verir”.

Deputatın sözlərinə görə, yazıçı Anarın uzun illər AYB-yə rəhbərlik etməsi bəzi insanlarda narazılıq yaradır:

“Anar yaxşı işləyirsə, Yazıçılar Birliyinin nüfuzunu artırırsa, niyə sədr olmasın ki? Vəzifə dəyişmək xatirinə nəsə etmək olmaz. Mən şəxsən Anarın fəaliyyətindən razıyam. Öz imkanı və Yazıçılar Birliyinin imkanı daxilində yazır. Elə bir ədəbi sima yoxdur ki, Anar onun haqqında nəsə yazmasın. O bizim ədəbiyyatımızın nadir simalarından biridir. Onu sındırmaq, haqqında nalayiq sözlər işlətmək düzgün deyil. Hər kəsin xidmətinə qiymət verməyi bacarmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır. AYB-nin hazırki sədri, Xalq yazıçısı Anarın növbəti dəfə postunda qalmaq üçün namizəd olacağı bildirilir.

Anar 1987-ci ildən AYB-nin sədridir. Hazırda 84 yaşı var.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180634

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930