Avropa Parlamentinin deputatı Rusiya casusudur?
Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanok Rusiya vətəndaşları, eləcə də Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ilə aktiv yazışmalar aparıb, onlara öz fəaliyyəti ilə bağlı hesabatlar göndərib.
“AzPolitika.info” xəbər verir ki, bu iddia ilə “Bellingcat” və “The Insider” dərgiləri çıxış edib. Onlar belə bir qənaətə eston, latviyalı və isveçli jurnalistlərin iştirakı ilə aparılan araşdırma nəticəsində gəliblər.
Araşdırma müəllifləri iddia edirlər ki, rusiyayönlü mövqe tutan Jdanok FTX ilə əməkdaşlıq edir.
Araşdırma Jdanokun sındırılmış elektron hesabından əldə olunan məktublara əsaslanır. Müəlliflər onun “kuratorunu” Dmitri Gladei adlandırırlar. Onların dediyinə görə, o, FTX-nın Sankt-Peterburq şöbəsinin əməkdaşıdır. Jurnalistlər çoxsaylı məlumat bazalarına, o cümlədən, dövlət sirlərinin saxlandığı informasiya bankına istinadla onun Rusiya xüsusi xidmətinin əməkdaşı olduğunu bildirirlər.
Müəlliflər Jdanokun 2005-i ildən etibarən Estoniyada planlaşdırılan hadisələrlə bağlı kuratoru Qladeyə sənədlər göndərdiyini açıqlayıblar. Yazışmalara görə, Jdanok Avropada və Moskvada Gladeylə müntəzəm görüşüb. Bir qayda olaraq yazışmaların məzmunu Jdanokun Avropadakı fəaliyyəti haqqında hekayələrindən ibarətdir.
O, adətən Baltikyanı ölkələrin hakimiyyət orqanlarını Rusiyaya və bu ölkələrin rusdilli sakinlərinə qarşı siyasətlərinə görə tənqid edib. Məktublarda həmçinin vəsaitin ayrılması xahişi də yer alıb. Məsələn, 2010-cu ildə Qələbə Günü üçün “Müqəddəs Georgi” lentləri və digər atributların alınması üçün təxminən 6 min dollar pul istəyib.
“The Insider” ilə söhbətində Jdanok Qladeyi yaxşı dost adlandırıb, lakin onun FTX zabiti olduğundan xəbərsiz olduğunu iddia edib.
Araşdırmada qeyd olunur ki, 2013-cü ildən sonra Jdanok Gladeyin əvəzinə şərti adı Sergey Krasin olan şəxsə məzmunca oxşar hesabatlar göndərib. Müəlliflər FTX zabiti Sergey Beltyukovun bu ad altında gizləndiyini iddia edir. Həmçinin qedy olunur ki, Avropa Parlamentinin deputatı FTX-nin digər əməkdaşı Artyom Kureyevə Şengen vizası verilməsini istəyib.
Jdanok “The Insider və Bellingcat”ın araşdırmasının əsaslandığı email yazışmalarının həqiqi olduğunu inkar etməyib, lakin bu məktublara girişin qanunsuz olaraq əldə edildiyini qeyd edərək, onların məzmununu şərh etməkdən boyun qaçırıb. Latviyanın Dövlət Təhlükəsizlik Xidməti isə Jdanokun 2016-cı ildən sonra göndərdiyi məktubları mümkün qanun pozuntularına görə araşdıra biləcəyini açıqlayıb.
Avropa Parlamentinin üzvü Jdanokun mandatı bu il başa çatır. O, daha əvvəl Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən imtina etdiyi üçün Avropa Yaşıllar Fraksiyasından xaric edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=198148