İKİNCİ İLİ TAMAM OLAN QANLI SAVAŞ… – Rusiyanın planları, Avropanın xəsisliyi və ABŞ-nin geostrateji maraqları

22.02.2024 - 14:48

Vaşinqton Ukraynanın faciəsi üzərində hansı məqsədlərini reallaşdırmağa çalışır?

Ukraynaya edilən hərbi yardım 2022-ci illə müqayisədə 90% azalıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün iki ili tamam olur. Bu müharibədə kimin qalib gələcəyini söyləmək hələ də çətindir.

İki ilin yekununda qarşımızda duran mənzərəni necə təsvir etmək olar? Müharibədən öncə Rusiya ordusu üçün Ukraynanın uzunmüddətli dirəniş göstərməsi mümkünsüz görünürdü. Belə hesab olunurdu ki, Rusiya ən geci iki-üç ay ərzində məsələni öz xeyrinə həll edə biləcək. Amma zamanla bir sıra həqiqətlər aşkara çıxdı və bəlli oldu ki, Rusiya ordusunun gücü xeyli şişirdilib.

Bu iki il ərzində Rusiya ordusu texnoloji cəhətdən geriliyini və döyüş qabiliyyətinin aşağı səviyyədə olmasını canlı qüvvənin sayı hesabına kompensasiya edib. Canlı qüvvə üstünlüyünün köməyi ilə ruslar operativ nailiyyətlər əldə etməsələr də, hər halda müəyyən əraziləri tutublar. Rusiyanın qarşısına qoyduğu məqsədə çatmasına mane olan əsas faktor Ukrayna xalqının, ordusunun döyüş bacarığı ilə yanaşı, sözsüz ki, Qərbin silah və maliyyə yardımıdır.

Şübhəsiz ki, Ukraynanın bu günə kimi müharibədə məğlub olmamasının səbəbi ABŞ və Avropadan göndərilən hərbi texnikaya və maliyyə vəsaitlərinə bağlıdır. Ancaq Ukraynaya göndərilən hərbi avadanlıqların, mərmilərin və müxtəlif təyinatlı ləvazimatların sayı Rusiya ordusunu sarsıtmaq üçün yetərli deyil. Hələ üstəlik, 2023-cü ilin avqustundan etibarən hərbi kömək kəskin azalıb.

Almaniyanın “Kil İqtisadiyyat İnstitutu”nun hesabatında deyilir ki, 2023-cü ilin avqust-dekabr ayları arasında Ukraynaya edilən hərbi yardım 2022-ci ilin anoloji dövrü ilə müqayisədə 90% azalıb. Qeyd etmək gərəkdir ki, 2023-cü ilin dekabrından indiyədək də heç bir ciddi yardım olunmayıb.

“Ramştayn formatı” adlı beynəlxalq koalisiya Ukraynaya veriləcək yardımların oraya daxil olan ölkələrlə koordinasıyalı şəkildə həyata keçirilməsini nəzərdə tuturdu. Hansı silahların necə və hansı müddətə çatdırılmasına kimi bütün detallar hesablanmalıydı. Bu yardımlar strateji planlamaya daxil edilməliydi.

Ancaq görürük ki, hər şey sanki partizan hərəkatına yardım edilirmiş kimi həyata keçirilir, pərakəndəlik hökm sürür. ”Ramştayn formatı”nda görüşlər artıq bir ildir ki, keçirilmir. Digər yandan, Almaniya və Fransa vəd etdikləri mərmilərin yalnız 30 fiaizini göndəriblər.

Müharibə başlayandan indiyədək Qərbin böyük güclərindən fərqli olaraq, nisbətən kiçik dövlətlər daha aktiv davranırlar. Məsələn, Danimarka öz döyüş arsenalında olan bütün artilleriya sistemlərini Ukraynaya verəcək. Kanadanın Müdafiə naziri Uilyam Bleyer isə bildirib ki, onun ölkəsi Ukraynaya 70 milyon dollar dəyərində 800 ədəd “SkyRanger R70” Pilotsuz Uçuş Aparatları göndərəcək. İsveç hökuməti də Ukraynaya 700 milyon dollar dəyərində müxtəif növ silahlar yollayacağını bəyan edib.

Göründüyü kimi, yardımlar kəsilməsə də, onların intensivliyi və həcmi azalıb. Xüsusən də mərmi çatışmazlığı Ukrayna ordusunun müdafiə qabiliyyətini zəiflədib. Elə ona görə də ruslar dörd aylıq hücumdan sonra Avdeyevka şəhərini ələ keçirə bildilər.

Yuxarıda qeyd edildiyi kimi, Rusiya özü dövlət olaraq, texnoloji cəhətdən nə qədər geridədirsə, elə ordusu da buna müvafiq səviyyədədir. Lakin Qərb Rusiyanın məğlub olmasında istəkli görünmür. Yoxsa, bu iki il ərzində Ukraynanı yüksək səviyyədə silahlandırsaydı, məsələ artıq xeyli əvvəl bitmişdi. Bunun bariz nümunəsi kimi son bir həftədə Ukrayna ordusunun Rusiyanın yeddi ən müasir qırıcısını məhv etməsini göstərmək olar. Çox böyük ehtimalla bunun səbəbi Amerikanın xüsusi AWAKS radiolakasiya sistemlərinin fəaliyyətə keçməsi ilə bağlıdır.

Ukrayna Hava Hücumundan Müdafiə sistemləri düşmən təyyarələrinin və raketlərinin uçuş trayektoriyası barədə məlumatları lokal radiolokasiyadan yox, birbaşa AWAKS-dan aldığı üçün bu cür uğur qazanıblar.

Rusiyanın qarşıdakı planları

Rusiya təbliğatının böyük qələbə kimi təqdim etdiyi Avdeyevka şəhərinin alınması əslində, rus ordusunun zəif tərəflərini əyani olaraq üzə çıxardı. Müxtəlif mənbələrin ortaq hesablaması göstərir ki, Rusiya Avdeyevka şəhərinin alınması zamanı 17 min ölü, 30 min yaralı olmaqla 47 min döyüşçüsünü itirib. Bu döyüşlər nəticəsində 364 tank, 247 artilleriya sistemi, 748 zirehli maşın məhv edilib. Deməli, belə görünür ki, Rusiya üçün 17 min əsgərin öldürülməsi və 30 min nəfərin yaralanması elə də böyük faciə sayılmır…

Avdeyevka uğrunda gedən döyüşlər fonunda Kreml rəhbərliyi ABŞ başda olmaqla Qərb dünyasının Ukraynaya qələbə üçün lazım olan səviyyədə silah vermədiyini yaxşı gördü. Elə bu səbəbdən də ruslar Ukrayna ordusunu yerləşdiyi ərazilərdən tədricən sıxışdırıb çıxarmaq taktikasını tutublar. İki illik praktika göstərir ki, çətinlik və böyük itkilərlə də olsa, belə taktika müəyyən nəticə verir. Bundan sonrakı mərhələdə isə çox güman ki, Rusiya Donetsk vilayətinin yerdə qalan digər böyük şəhərləri – Konstantinovakanı, Kramatorsku, Slavyanskı və Zaporojye vilayətinin bəzi ərazilərini işğal etməyə girişəcək.

Vladimir Putin müharibəyə pul əsirgəməyəcək. Müharibənin əvvəllərində rusların çoxsaylı əsgər itkisinə diqqət yetirən ukraynalılar düşünürdülər ki, bu cür davam edərsə, Rusiya müharibəyə baxışını dəyişəcək. Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı da Rusiya ordusunun itkiləri ilə bağlı məsələdə yanıldığını etiraf etmişdi. O, deyib ki, 150 mindən artıq əsgəri öldürülən bir ordunun müharibə strategiyasında dəyişikliklər etmək məcburiyyətində qalacağını düşünüb.

Amma həm Avropada, həm də Ukraynada İkinci Dünya Müharibəsindəki “ət maşını marşalı” Georgi Jukovun taktikasını gərək unutmasınlar. Rusiyanı dünyanın hər hansı bir ölkəsi ilə müqayisə etmək səhvdir. Rusiya yavaş-yavaş elə bir ölkəyə çevriləcək ki, onun növbəti bir il ərzində 150 min ölü, 300 min yaralı verməsi ölkə daxilində normal hal kimi qarşılanacaq. Artıq buna hazırlıq da gedir. Navalnı ətrafında dönən hadisələr gələcəyin necə olacağına işarədir.

Əgər proseslər indiki şərtlər daxilində gedəcəksə, Rusiyanın müharibəni maliyyələşdirmək imkanı tükənməyəcək. Çünki Qərb Rusiyaya qarşı qoyduğu iqtisadi sanksiyaların pozulmasına göz yumur. ”Forbes” analitikləri hesablayıblar ki, hazırda Rusiya gün ərzində müharibəyə 300 milyon dollar xərcləyir. Bu pulların qazanılmasında isə Qərbin də özünəməxsus yeri var.

Avropanın mövqeyi

Qərb mətbuatına nəzər yetirəndə elə təsəvvür yaranır ki, Avropa dövlətləri sanki sadəlövhdürlər. Onlar “soyuq müharibə”dən sonra ikiqütblü dünyanın tarixə qovuşduğunu və hər şeyin geridə qaldığını düşünüblərmiş və buna görə də silahlanmaya əhəmiyyətsiz bir məşğuliyyət kimi baxıblar.

Belə bir dünyagörüşü avropalıları “tənbəlləşdirib” və onlar NATO-nun bütün yükünü ABŞ-nin üstünə yıxıblar. Amma buna baxmayaraq, Avropanın aparıcı dövlətlərinin silah sənayesi var və lazımi miqdarda istənilən ən müasir hərbi texnikanı istehsal etmək imkanına malikdirlər. Avropa qarşısına məqsəd qoysaydı, bu iki il ərzində Ukraynanı indikindən dəfələrlə artıq silahla təchiz edə, gücləndirə bilərdi. Lakin etmirlər, çünki arxa planda öz geostrateji maraqlarını hər şeydən üstün tuturlar.

Avropa Birliyi Amerikanın maraqlarına zidd siyasət aparmayacaq. Belə ki, ABŞ ilə Avropa arasında qarşılıqlı ticarət razılaşması var və “köhnə qitə” bunu qətiyyən pozmaq istəməz, çünki əks təqdirdə iqtisadi problemlərlə üzləşə bilər.

ABŞ-nin geostrateji marağı

Ukrayna müharibəsilə bağlı ABŞ-nin hansı geostrateji və qlobal iqtisadi planlarının, maraqlarının olması daha mühüm rol oynayır. Amerika SSRİ ilə apardığı “soyuq müharibə”ni yeni variantda təkrarlamaq istəyərmi? Burada amerikalılar üçün təhlükə nə ola bilər ki? SSRİ-ni “böyrü üstə qoyan” ABŞ texnoloji “cırtdan” sayılan Rusiyadan öz istəkləri naminə istifadə edə bilməzmi?

Əlbəttə ki, edər. Ona görə də Avropanı və eləcə də Rusiyanı öz orbitində daha möhkəm saxlmaq üçün Ukraynada gedən müharibə Vaşinqtonun işinə yaraya bilər. Əgər prosesə bu kontekstdən yanaşsaq, o zaman iki ssenari ilə qarşılaşarıq.

Birincisi, əgər Rusiya təhlükəsi yoxdursa, o zaman Avropa ölkələri şərq tərəfdən onlara heç bir təhdid gəlməyəcəyini düşünəcəklər. Onda NATO-nun aktuallığı da sual altına alınar. Bu hərbi alyans Sovet İttifaqına və o cümlədən də Varşava Müqaviləsi Təşkilatına qarşı vahid güc yaradılması üçün qurulub. Amma SSRİ artıq 33 ildir ki, yoxdur. İndi NATO-nun Avropa üzvlərinin əksəriyyəti büdcələrinin az qala bir faizini də hərbi xərclərə ayırmırlar. Çünki SSRİ dağılandan sonra hamı demək olar ki, rahatlayıb və belə hesab ediblər ki, təhlükə sovuşub. Deməli, Rusiyanı böyük güc və dəhşətli təhlükə kimi təqdim etməkdən ötrü, onun həqiqi qorxuya çevrilməsi vacibdir. Ona görə də Rusiya ordusunun Ukraynaya soxulması Avropa ölkələrini narahat etməlidir. Hər şeyin real görünməsi üçün Rusiya Ukraynada müəyyən ərazi zəbt etməlidir. Rusiya bu müharibədə böyük üstünlük qazanarsa, NATO-nun, ən başlıcası isə buradakı əsas qüvvə olan ABŞ-nin aktuallığı “soyuq müharibə” dönəmindəki kimi bir daha arta bilər.

 

 

İkincisi, Rusiya Ukraynada zəiflədilir və elə səviyyəyə salınır ki, taqətdən düşür. Eyni zamanda, Ukrayna ehtiyac içində çabalayır. Burada yenə də ABŞ ön plana çıxıb, tərəflərə müharibəni dayndırmağı təklif edə bilər. Müharibəni dayandırmaq üçün ABŞ Ukraynya çoxlu sayda “MGM-140 ATACMS” və “F-16” qırıcıları yollayaraq Rusiyanı dayanmağa məcbur edə bilər. Amma buna baxmayaraq, Rusiyanı bütün Avropa ölkələrinin gözündə əzəmətli güc obrazında göstərməyə çalışacaqlar. Sonrakı mərhlədə isə Qərbin təbliğat maşını Kremlin Şərqi Avropa ölkələrini işğal etmək və İkinci Dünya Müharibəsindən sonrakı dönəmlərdəki kimi həmin ölkələri öz nüfuz dairəsinə qaytarmaq niyyətində olması fikrini körükləyə bilər.

Bir sözlə, müharibə davam edir və bu savaşda əsas maraq sahibləri hələ ki, öz istəklərinə tam nail olmayıblar. Bunun nə vaxt baş verəcəyi isə bəlli deyil və təəssüf ki, bundan ən çox əziyyət çəkən isə Ukrayna xalqıdır.

Vaqif Nəsibov, Hurriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930