Baş nazirin quru sərhədlərin bağlanma izahı: “İmza atmışam, bağlamışam”

17.03.2024 - 12:29

“2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.

Bunu martın 15-də Milli Məclisdə deputatların sərhədlərin bağlı saxlanması ilə bağlı iradlarına cavab verərkən Baş nazir Əli Əsədov deyib.

Baş nazirin dediklərindən belə çıxır ki, o, qanunun ona verdiyi səlahiyyətlərdən özü istədiyi vaxt, istədiyi kimi, özü də nə xalqın, nə parlamentin, nə də başqa kimsənin mövqeyini nəzərə almadan, heç kimlə hesablaşmadan istifadə edə bilər. Əgər belədirsə, “bağlamışam, əcəb eləmişəm” də desəydi, daha düzgün olardı…

Əvvəla, normal dövlətlərin normal hökumətləri bütün dünyada sərhədlər açıq ikən öz quru sərhədlərini 4 il bağlı saxlamazdı, əgər saxlasaydılar belə, bunu çıxıb normal şəkildə cəmiyyətə, parlamentə izah edərdilər, ortadakı gərginliyi, narazılığı aradan qaldırardılar. Ancaq göründüyü kimi, bizim hökumətin başçısı buna lüzum görmür və “mən bağlamışam” deməklə kifayətlənir. Doğrudanmı xalqla, parlamentlə bu dildə danışmaq olar və bu, düzgün kommunikasiya üsuludur? Görünür, Azərbaycanda “COVİD” pandemiyası çoxdan bitsə də, hökumət yeni “mənəm-mənəmlik” sindromuna yoluxub. Hansı ki, Azərbaycan hökuməti öz varlığı etibarilə siyasi yox, daha çox texnokrat mahiyyətə malikdir.

Bu baxımdan Baş nazirin kifayət qədər ciddi siyasi, iqtisadi, hətta strateji yükü olan sərhədlər mövzusunda öz üzərinə az qala siyasi lider kimi məsuliyyət götürməsi anlaşılan deyil. Yox, əgər götürürsə, o zaman bu addımın izahını da verməlidir. Ancaq Əsədovun çıxışında heç bir izaha rast gəlmədik…

Baş nazir yalnız onu bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Ancaq nədənsə, 2023-cü ilin göstəricisini açıqlamayıb. Yəqin ona görə ki, ötən il ÜDM artımı rəsmi statistikaya görə cəmi 1.1 faiz olub. Biz ölkə olaraq bu göstərici üzrə keçmiş SSRİ məkanında ən sonuncu yerdəyik. Yaxşı olardı ki, Baş nazir “mən bağlamışam” deyərkən, bunun da izahını verəydi və nəhayət, bu qapanmanın səbəblərini açıqlayaydı.

Rəsmi izahat olmadığından, daha doğrusu, bunun artıq çoxdan bitmiş pandemiya ilə əlaqələndirilməsi üzündən (ÜST bir ildən artıqdır pandemiyanın bitdiyini bəyan edib) əhali, mətbuat, ekspertlər və s. müxtəlif versiyalar, mülahizələr irəli sürürlər. Ən çox səsləndirilən versiyalar isə təhlükəsizlik və məmur-oliqarx biznesinin maraqları ilə bağlıdır.

Təhlükəsizlik məsələsinə baxsaq, regionda söz sahibinə çevrilmiş, güclü ordusu, sərt hüquq-mühafizə sistemi, kifayət qədər yeni texnologiyalarla təmin olunmuş sərhəd və peşəkar təhlükəsizlik xidməti orqanları, güc strukturları olan Azərbaycan kimi bir dövlətin öz təhlükəsizliyini sərhədlərin bağlı saxlanması yolu ilə təmin etməsi iddiası, yumşaq desək, inandırıcı görünmür və ölkəmizə qətiyyən yaraşmır.

Yuxarıda sadaladıqlarımızın heç yarısına da malik olmayan qonşu Gürcüstan və Ermənistan quru sərhədlərini çoxdan açdığı halda, bizim bağlı saxlamağımız ən azından anlaşılmazdır. Yox, əgər bizim təhlükəsizliklə bağlı bilmədiyimiz hansısa başqa strateji nüanslar varsa (hətta bunun detallarını açıqlamasalar belə), heç olmasa bunu bildirsinlər. Söhbət Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən gedirsə, bunu da Azərbaycan vətəndaşının bilmək hüququ var. Yəni, hökumət xalqın, parlamentin qarşısında hesabatlılığını göstərməlidir, yoxsa qanun buna icazə verir deyə (Bunun özü də mübahisəli mövzudur) istədiyi qərarı verməsi nə dərəcədə düzgündür? Bu məntiqlə, məsələn, istənilən nüvə dövləti başçısının “qırmız düymə”ni basmaq hüququ varsa, deməli kefi istədiyi vaxt onu basa bilər?

Quru sərhədlərinin bağlı saxlanmasının məmur-oliqarx biznesinə, yaxud iqtisadiyyata, daxili bazara qazanc gətirməsinə gəlincə, bu da mübahisəlidir. İndiyə qədər heç bir ölkə quru sərhədlərini bağlamaqla öz iqtisadiyyatının çiçəklənməsinə nail olmayıb, əksinə, bunun zərərini görüb. Elə Azərbaycanda ÜDM artımının 1 faiz civarında olması da bunu göztərir.

Bəli, məsələn “Azal”-ın müştəriləri doğrudan da xeyli artıb. Lakin bu, yüz milyonlarla, milyardlarla ölçülə biləcək gəlir deyil axı. Bunu üçün bu boyda “həngaməyə” ehtiyac ola bilməz. Azərbaycan vətəndaşı ən çox səfər etdiyi Türkiyəyə və Avropa ölkələrinə onsuz da quru yolla yox, təyyarə ilə gedirdi. Rusiya və İrana gedənlər isə müharibə və digər səbəblərdən zatən dəfələrlə azalıb. Qalır Gürcüstan, oraya da təyyarə reyslərini 2-3 dəfə artırmaqla elə bir böyük qazanc əldə edildiyini söyləmək olmaz. Məmur-oliqarxların daxili turizm biznesinin, yaxud inhisarçıların gəlir artımının təmin edilməsinə gəlincə, bu sahədə müəyyən artım təmin edilsə də, yenə hansısa külli miqdarda gəlirlərdən söhbət gedə bilməz, çünki zatən bunun üçün əhalinin real gəlirləri artmalı idi. Bu isə yoxdur. Yəni, sərhədlərin məmur oliqarxiyasının varlanması üçün qapalı saxlanması iddialarını tam inkar etmək doğru olmasa belə, bu variant da müəmmalıdır…

Nəhayət, Azərbaycan “COP-29” da daxil olmaqla, bir neçə böyük beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Yəni, biz Rusiya kimi qapanmaq yox, dünyaya açılmaq strategiyasına üstünlük veririk. O zaman, dünyaya açılan bir dövlətin öz quru sərhədlərini bağlı saxlaması hansı məntiqə uyğun gəlir və ölkəmizin beynəlxalq imicinə daha bir zərbə vurmurmu?

Görünür, hökumətin quru sərhədlərin bağlı saxlanmasının əhalinin sosial, iqtisadi, ən əsası isə mənəvi durumuna, əhval-ruhiyyəsinə ziyan vurduğundan, gərginlik yaratdığından xəbəri yoxdur. Yoxdursa, sosial şəbəkələrə, mətbuata, ayrı-ayrı siyasətçilərin, iqtisadçıların, hətta psixoloqların çıxışlarına diqqət yetirmələri lazımdır.

Yox, əgər xəbəri varsa, şübhə etmirik ki, var, o halda xalqımız kimi, biz də hörmətli Baş nazirimizin bu inadkarlığına məntiqi izah tapmaqda çətinlik çəkirik. Belə olduqda bir daha soruşmaq ehtiyacı yaranır: Məqsədiniz nədir, hörmətli Əli müəllim? Açıq danışın. Azərbaycan dilində fikrinizi izah etməkdə çətinlik çəkirsinizsə, eybi yox, yaxşı danışa bildiyiniz dildə danışın, başa düşərik. Amma danışın.

Cəlal Məmmədov 

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930