Elman Rüstəmovu “bitirirlər”
Baş bankirin bəzi yaxınları, xüsusi ilə biznes imperiyasında «kilid nöqtələr»dən biri olan Həşim Hüseynovun bu gedişlə bağlı xüsusi tədarük görməsi haqda da müəyyən informasiyalar var
Aprel ayında səlahiyyət müddəti bitəcək Mərkəzi Bankın sədri Elman Rüstəmova yenidən etimad göstərilib-göstərilməyəcəyi təkcə bank sektorunun deyil, həm də cəmiyyətin yaxından izlədiyi prosesə çevrilib. Verilən məlumata görə, bu ay səlahiyyət müddəti bitəcək Elman Rüstəmovun yenidən Mərkəzi Bankın sədri təyinatı ilə bağlı hakim dairələrdə ciddi fikir ayrılığı var: «Əleyhdarları 1995-ci ildən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Elman Rüstəmovla yolların ayrılmasını vacib hesab edirlər. Xüususi ilə Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda valyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarından sonra hakimiyyətə yönələn mənfi rəylərdən sonra rəqibləri onun gedişinin məqsədəuyğun olmasının üzərində israrlı dayanırlar. Ancaq Elman Rüstəmovun hakim dairələrdə ciddi dəstəkçiləri də var. Onlar baş bankirin peşəkarlıqdan daha çox, bir neçə faktora görə vəzifəsində saxlanılmasının tərəfdarıdırlar. Ən əsası isə hələ Azərbaycan manatı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir dönəmdə onlar Elman Rüstəmovun vəzifədə saxlanılmasını, ən son anda isə bütün suçu onun üzərinə yönəltməklə vəzifədən alınmasını məqbul sayırlar».
Məlumata görə, Elman Rüstəmovun yaxın çevrəsi də aprelin əvvəlində gözlənilən qərarla bağlı həddən artıq əndişəlidirlər:«Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin istefasından sonra Elman Rüstəmov və yaxın çevrəsi həyəcanlıdırlar. Onlar hər an Elman Rüstəmovun da yola salınacağını gözləyirlər. Hətta Elman Rüstəmovun bəzi yaxınları, xüsusi ilə biznes imperiyasında «kilid nöqtələr»dən biri olan Həşim Hüseynovun bu gedişlə bağlı xüsusi tədarük görməsi haqda da müəyyən informasiyalar var».
Həşim Hüseynovun kimliyinə gəlincə, müsahibimiz bu barədə hələlik ətraflı danışmaq istəməyib. Yalnız onu deyib ki, həmin şəxs Elman Rüstəmovun yaxın ətrafında və biznes imperiyasında əsas füqurlardan biri olmaqla, «Azəriqaz» İB, «Azərsu» ASC kimi iri dövlət şirkətlərinin nəhəng layihələrində çox böyük məbləğli tenderlərdə “dəyişilməz qalib”lər arasında olur: «Bu adam, onun şirkətləri, sahibi olduğu daşınar və daşınmaz əmlaklar haqda sizə ətraflı məlumat verərəm. Deyə bilərəm ki, «kölgə»də gizlənən bu iş adamı çox böyük sərvətlərə sahib olmaqla, Mərkəzi Bankın 21 fevral qərarı ərəfəsində bir neçə «əməliyyat»la yadda qalıb. İndisə o, Elman Rüstəmovun vəzifəsini itirəcəyindən bərk narahat olmağa başlayıb. Onun hətta bu təhlükəni nəzərə alaraq, digər nüfuzlu məmurların «qanadı»nın altına sığınmağa hazır olması haqqında da ciddi iddialar var. Əgər Elman Rüstəmovun “vurulma» qərarı reallaşarsa, o zaman onun “gəmisi”ni ilk tərk edənlərin başında da sözügedən iş adamı gələcək…”.
Mia.az
Short URL: http://www.cumhuriyyet.net/?p=20244