Pakistanda qurulan yeni geopolitik ittifaq

12.07.2024 - 16:01

Pakistana rəsmi səfər edən Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması və göstərilən münasibət Azərbaycanda ciddi maraq və müzakirələrə səbəb olub. Azərbaycan və Pakistan arasında münasibətlər hər zaman yüksək səviyyədə olsa da, xüsusilə də son illərdə daha da inkişaf edir. Bunun isə bir sıra səbəbləri var. 

Dünyada ikinci ən böyük müsəlman ölkəsi olmaqla yanaşı, Pakistan eyni zamanda nüvə silahına malik yeganə müsəlman ölkəsi ünvanını özündə saxlayır. Pakistan müsəlman aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi önəm verən ölkələrin önündə gedir. Bu, həm də bir zərurətdir, çünki yarandığı gündən Hindistanla ərazi münaqişəsi və müharibələr yaşayan Pakistan islam aləmində müharibə və münaqişələrin ədalətli həlli üçün ciddi cəhdlər edir, xüsusən də müsəlman ölkələrə dəstəyini əsirgəmir.

Azərbaycan müstəqilliyini qazandıqdan dərhal sonra, 1991-ci ilin 12 dekabrında Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb. Bu məsələdə Pakistanı yalnız Türkiyə qabaqlaya bilib.

Yeri gəlmişkən, 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Pakistan həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Hətta Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb.

Azərbaycan da necə deyərlər, İslamabadın bu hərəkətini cavabsız qoymayıb, beynəlxalq təşkilatlarda Kəşmir probleminin ədalətli həlli üçün dəstəyini əsirgəməyib.

Regionun ən böyük milli dövlətlərindən biri olan Pakistan Hindistanla münaqişə, o cümlədən, Əfqanıstan müharibəsi səbəbi ilə böyük hərbi qüvvə saxlayır, hərbi sahədə ciddi inkişafa nail olub. 1990-cı illərdən Pakistan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq əlaqələri olub və yeni yaranmaqda olan Azərbaycan ordusunun formalaşmasında pakistanlı hərbçilər öz dəstəklərini əsirgəməyib.

44 günlük müharibə zamanı Pakistan Azərbaycanı dəstəkləyib, Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etməsini alqışlayıb. Müharibədən az sonra Azərbaycana səfər edən Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir” demişdi. Bəli, bu sözlər generalın dilindən deyilsə də, ümumilikdə Pakistanın Azərbaycanla münasibətlərinə işıq tutan bir cümlədir.

Xüsusən də müharibədən sonra regionda Türkiyə-Pakistan-Azərbaycan “üçbucağı” formalaşmağa başlayıb. Liderlər, parlament, hərbi və diplomatik heyətləri arasında üçtərəfli görüşlər və sənədlər imzalanıb, qeyri-rəsmi bir ittifaq formalaşıb.

İndi isə xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Pakistan-Azərbaycan əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Bir tərəfdən, Hindistan-Ermənistan yaxınlaşması Pakistan və Azərbaycanı daha da yaxınlaşdırır, digər tərəfdən, son illərdə Qərblə münasibətlərində ciddi soyuqluq yaşayan Pakistan son illərdə üzünü Çin və Rusiyaya doğru çevirib.

Xüsusən də sürətlə güclənən Çin Hindistan qarşısında Pakistan üçün əlverişli müttəfiqdir. Güclənən Hindistan həm Çini, həm də Pakistanı eyni dərəcədə təhdid edir.

Pakistanın “Şərq Bloku”na yönəlməsi onu eyni siyasi xətti izləyən Türkiyə və Azərbaycanla daha da yaxınlaşdırır. Bu mənada Azərbaycan prezidenti Pakistana yalnız dost müsəlman ölkəsinin lideri və ya regional tərəfdaş ölkə başçısı kimi deyil, həm də Pakistanla eyni geopolitik xətdə hərəkət edən müttəfiq, dost ölkə sifəti ilə gedib.

Yeri gəlmişkən, Pakistan və Azərbaycan münasibətlərinin arxasında tarixi-mənəvi başlar da dayanır. Pakistanda, həm də klassik deyimlə, hind coğrafiyası müsəlmanları arasında böyük sayda türkmən tayfaları var. Qaraqoyunlular, Qızılbaşlar, Əfşarlar və sair türkmən tayfa birlikləri Hind coğrafiyasına islamı yaymaqla birlikdə uzun illər bu coğrafiyada müxtəlif dövlətlər quraraq fəaliyyət göstəriblər. Bu gün də Pakistan dövlətində bir çox ali rütbəli dövlət liderləri, generallar, ictimai-siyasi, mədəniyyət xadimləri arasında Azərbaycan əsilli, türkmən tayfalarından olan şəxslər var.

Pakistanın 3-cü prezidenti, general Yəhya Xan Qızılbaş, Pakistan kəşfiyyat xidmətinin rəhbəri və prezident katibliyin rəisi olmuş Ağa Şövkət Əli, hüquqşünas, insan hüquqları müdafiəçisi və Pakistan Qadın Fəaliyyət Forumunun qurucu üzvü Şahtac xanım Qızılbaş, Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Sayed Babar Əli, general Hüseyn Mehdi, Pakistanın Baş naziri, maliyyə naziri və Fransadakı səfiri işləmiş Müzəffər Əli Qızılbaş və digər onlarla yüksək post tutmuş şəxsiyyətləri nəsəb etibarı ilə türkmən-qızılbaş, bir qismi isə Azərbaycan torpaqlarından köçmüş ailələrin nümayəndələri olub. Bu mənada Pakistan-Azərbaycan münasibətlərinin həm də mənəvi tərəfi var, bu, heç də digər faktorlardan zəif deyil.

Başqa sözlə, bu gün Pakistan-Azərbaycan əlaqələri təbii səbəblərdən inkişaf edir və iki ölkəni yaxınlaşdıran bir çox amillər vardır. Əlbəttə, burada son illərdə Azərbaycanın artan diplomatik fəallığı və siyasi nüfuzunun da ciddi rol oynadığı danılmazdır.

Kənan Rövşənoğlu, Globalinfo.az 

Short URL: http://www.cumhuriyyet.net/?p=202862

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031