Türk generalları azadlıqda – “Balyoz” davası bitdi

01.04.2015 - 16:47

“Camaat”-AKP cütlüyünün Türkiyə ordusuna qarşı əməliyyatı dayandırıldı – 236 nəfər bəraət aldı

rrTürkiyə Konstitusiya Məhkəməsi son illərin ən səs-küylü istintaqlarından olan “Balyoz” işi ilə bağlı 236 şübhəlinin hamısına bəraət verib. Bu, Türkiyənin yaxın tarixində verilən ən miqyaslı bəraət hökmüdür. Bununla da 2010-cu il iyunun 19-da İstanbul Ağır Cinayətlər Məhkəməsində başlanan istintaq üzrə həbs edilənlərin hamısı bəraət almış oldu.

Ölkənin bir çox yüksək rütbəli zabitlərinin, ictimai-siyasi xadimlərinin şübhəli şəxs olaraq cəlb edildiyi “Balyoz” işi – I ordu generalı Çetin Doğanın rəhbərliyi ilə Türkiyədə dövlət çevrilişinə hazırlıq – ilə bağlı son qərarda göstərilir ki, 236 şübhəlidən heç birinin suçu sübuta yetirilməyib. 

Qərar səslənən zaman keçmiş “Balyoz” şübhəliləri Hava Qüvvələri komandiri General Halil İbrahim Fırtına, Dəniz Qüvvətləri komandiri, admiral Özden Örnek, I Ordu komandiri general Çetin Doğan, MHP millət vəkili, general Engin Alan, general Ergin Sayqun, general Bilgin Balanlı və polkovnik Dursun Çiçeklə yanaşı daha 141 şübhəli məhkəmə zalında olub. Qərarın elan edilməsindən sonra məhkəmə zalında uzun müddət alqış sədaları kəsilməyib.
Ehtiyatda olan general Ahmet Yavuz da bəraət alanlar sırasındadır. Yavuz ədalətin qələbə çalmasından məmnunluğunu romalıların sözləri ilə ifadə edib: “Qədim Romada deyirdilər ki, göy yarılsa da həqiqət yerini tapacaq. Bu gün o gündür”. Türkiyə mediası yazır ki, 236 nəfərə bəraət verilməsi prosesi cəmi 1 saat çəkib.
General Ergin Sayğun məhkəmədən sonra mediaya açıqlamasında bildirib ki, bu günə gəlinənə qədər Türkiyənin bir çox dəyərli şəxsinə, onların ailələrinə ağır işgəncələr verilib: “Ədalət yerini aldı. İnşallah bunu edənlər cəzalarını alacaqlar. Bu iş başlayandan bəri bir söz fikrimdə ilişib qalıb – Türkiyə yoğun bağırsaqlarını təmizləyir. Bizə bu sözü layiq görənlərə üzüntülərimizi bildirmək istəyirəm”.
Admiral Abdullah Cab Erenoğlu “Balyoz”u Türkiyənin milli təhlükəsizliyini təhdid altına almaq istəyənlərin əməli adlandırıb: “Ən qısa zamanda Türkiyənin milli təhlükəsizliyini təhlükə altına qoyan güclərə qarşı cinayət işi açılmalıdır. Bizim yaşadığımız ağır işgəncələrə baxmayaraq olayları “hüquq” adlandıraraq susanları da bu istintaqa cəlb etmək gərəkdir”.
General Süha Tanyeri yaşananları Türkiyə Silahlı Qüvvələrinə qarşı əməliyyat adlandırıb: “Türkiyə dövlətinin mövcud olması üçün fədakarlıq edən bir çox dəyərli isim, zabit bu istintaqla ağır həqarətlərə məruz qaldı. İllərlə ədaləti bəklədik. Bu gün o ədalət yerini bulub. Bundan çox məmnunuq. Sıra Türkiyə ordusuna, Türkiyə dövlətinə qarşı tələ quranlarındır. Onlar layiqli cəzalarını çəkməlidirlər”.
Polkovnik Dursun Çiçek Türkiyənin dövlət sistemində ədalətin öz yerini alacağına ümid etdiyini deyib: “İllərdir Türkiyədə hüquq, ədalət arayırıq. Ağır sınaqlardan, məhrumiyyətlərdən keçdik. Canımızı qurban etməyə hazır olduğumuz Vətənə, Türkiyə dövlətinə qarşı çalışdığımızı deyib bizə böhtan atdılar. Nəhayət biz ədaləti tapa bildik. Ölkədə ədalət prinsipinin yam bərqərar olması üçün mücadiləmizi davam etdirəcəyik”.
Polkovnik Ali Çengiz Şirin “Balyoz” istintaqını dünya tarixinin ən ədalətsiz məhkəmə prosesləri ilə müqayisə edib: “Tarixdən Sokrat və Dreyfus üzərində qurulan məhkəmələrin ən ədalətsiz, hüquqa həqarət proseslər olduğunu bilirik. Türkiyə ictimaiyyətinin “Balyoz davası” adlandırdığı, ölkənin ən ləyaqətli insanlarının incidildiyi bu iş də həmin ədalətsiz məhkəmələrlə bir sıradadır. Bu, əsrin ən böyük iftira davasıdır. Bu, milli orduya qarşı tələdir. Göz qamaşdıracaq dərəcədə uğurlu istiqbalların qaraldıldığı, beşikdəki körpələrin atasız böyüməsinə, ana və atalarımızın zamansız öldürülməsi davasıdır. Bu, polkovnik Murat Özenalpla, polkovnik Ali Tatarın şəhid edildiyi davadır. Hər ikisi mənim silah arxadaşlarımdır. Hər ikisini rəhmətlə anıram. Tarixi şan və şöhrətlə dolu min illik türk donanması heç bir dönəmdə belə bir ziyan görməyib. O hakimlər bizim haqqımızda illərlə həbs qərarları çıxaranda vicdanları sızlamadı. Bu insanların hələ də hüquq adına qərarlar çıxardığına təəccüb edirəm. Bu şəxslər bir an öncə cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Türkiyə mediası yazır ki, Türk Silahlı Qüvvələrinə qarşı bu ağır zərbənin müəllifi Fətullah Gülən camaatıdır. “Balyoz”u gerçəkləşdirmək məhz onların uzun illər Türkiyənin məhkəmə-hüquq sisteminə yerləşdirdiyi kadrların sayəsində mümkün olub. Bu işdə Gülən camaatına ən böyük dəstəyi AKP iqtidarı verib.  Münasibətlərin sıx dönəmində “camaatçı”ların dövlət və hökumət aparatının ən üst mərtəbələrində yerləşdirilməsinə məhz AKP yaşıl işıq yandırıb. “Paralel yapı”nın AKP iqtidarına qarşı düzənlədiyi 17-25 dekabr 2013-cü il əməliyyatından sonra iki düşərgə arasında bağlar tamamilə qırılıb və hakimiyyətdə qalmağı bacaran AKP bundan sonra “camaat”a qarşı genişmiqyaslı kampaniya başladıb, bir çox önəmli fiqurlar həbs edilib, vəzifədən uzaqlaşdırılıb. Onların bir hissəsi həbs təhlükəsinə görə leqal və qeyri-leqal yolla Türkiyədən gedib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinə qarşı əməliyyatlar haqqında danışarkən “məni də aldadıblar” ifadəsini işlədib.
Aygün Muradxanlı, musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=20675

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728