Abutalıbov Bakını ölüm pərdəsinə bürüyür – ARAŞDIRMA

16.04.2015 - 00:09

Yasamal sakinləri Xətaidə baş verən yanğından qorxuya düşüblər; Poliuretan materialla üzlənən binalarda həyəcan var, amma Bakı meriyası işini davam etdirir

bakiicrahak“Bu günlərdə Xətai rayonu, Zığ şossesində 9 mərtəbəli yaşayış binasında yanğının baş verməsi və alovun sürətlə yayılması bizi çox narahat edib. Ev sahiblərinin gözü qarşısında mənzilləri yanıb kül oldu, binanın poliuretan materialla üzlənməsi səbəbindən alovu tez bir zamanda söndürmək mümkün olmadı. Biz də bu taleyi yaşayacağımızdan narahatıq. Çünki bizim bina da bu günlərdə poliuretanla üzlənib. Mən isə evimi yenicə təmir etmişəm”.

Bu sözləri qəzetimizə bildirən Qədir Abbasov Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Yasamal rayonu, Mətbuat prospektində poliuretan materialla üzlənilən yaşayış binasının sakinidir.
Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinin sakinləri də binalarının üzlənməsindən narahat olduqlarını deyərək, hər anı qorxu-təlaş içində yaşadıqlarını bildirdilər.

“Xətai rayonundakı məlum hadisədən gözümüz qorxub. Narazılıqlar olsa da, Yasamalda qonşu binaların poliuretanla üzlənməsi davam edir. Biz maraqlanmışıq ki, poliuretan istiyə davamlı deyil. Yayda biz evdə bişəcəyik. Poliuretan qışda evi soyuq, yayda isti saxlayır. Bizim qonşu uzun müddətdir inşaat sahəsində çalışıb. O dedi ki, xarici ölkələrdə yaşayış binasının fasadlarına bu üzlükdən istifadə etməzlər. Mən internetdə araşdırdım ki, Türkiyədə binaların fasadlarına alüminium üzlüklər vurulur. Ona görə ki, yanğına, təbii hadisələrə davamlı olsun. Amma bizim binalara keyfiyyətsiz, əmlak və həyat üçün təhlükəli materiallar vururlar”-deyə Arzuman Yəhyayev bildirdi.

“Polimer günəş şuası nəticəsində insan orqanizmini zəhərləyir”

İnşaat materialları üzrə texniki elmlər namizədi Rafiq Salahov bildirib ki, yaşayış binası üçün üzlüklər iki formada hazırlanır: “Təbii süxurlardan və tullantılardan. Təbii süxurlardan alınan üzlüklər keyfiyyətli olur və bütün tələblərə cavab verir. Xətaidə yanan binanın üzlükləri polimerlər əsasında hazırlanıb. Bu üzlük polimerlə gipsin qarışığından hazırlanır. Düzdür, şəhərə xüsusi gözəllik verir, amma yanmağa meyllidir”.
Ekspert bildirdi ki, mənzillərdə gördüyümüz plastik pəncərələr də insan orqanizmi üçün zərərlidir: “Polimer günəş şüası nəticəsində insan orqanizmini zəhərləyir. Polimer tullantılardan hazırlanan materiallar radiasiyalıdır. Odur ki, belə üzlüklər yaşayış binaları üçün faydalı deyil”.

 “Bakıda binalara vurulan üzlüklər inşaat materialı deyil”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov isə “Bizim Yol”a bildirdi ki, yaşayış binalarına yalnız təbii süxurlardan hazırlanan üzlüklər vurulmalıdır: “Bakı bu gün ən gözəl şəhərlərdən biridir. Binalarının fasadlarının yenilənməsi nəticəsində şəhər estetik baxımdan gözəlləşir, göz oxşayır. Binaların üzlükləri yeniləşdirilir. Yeni memarlıq kompozisiyası yaradılır. Bunlar binaların istismar müddətini uzadır”.

Mütəxəssisin sözlərinə görə, yaşayış binalarına vurulan üzlüklərin əksəriyyəti təbii süxurlardan hazırlanıb: “Materiallar xüsusi laboratoriyalarda ekoloji, tibbi və təhlükəsizlik baxımdan yoxlanılır. Üzlüklər diaqnostika edilir. Üzlüklər gərək istilik keçirsin, rəngi uzun müddət dəyişməsin. Ümumiyyətlə, üzlük ətraf mühitə qarşı dözümlü olmalıdır. Tibbi və ekoloji baxımdan tələblərə cavab verməlidir.

Bakıda binalara vurulan üzlüklər inşaat materialı deyil, bu üzlüklər inşaat konustruksiyasıdır. Tələblərə görə, yaşayış binası üçün nəzərdə tutulmuş üzlüklər tullantılardan hazırlanmamalıdır”.
Sakinlər həmçinin soruşurdular ki, Zığ şossesi 16 ünvanda 9 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində evsiz qalan sakinlər mənzillə təmin olunacaqmı?
Yasamallılar Xətai sakinlərinin aqibətini düşünürlər. Çünki onlar da binalarının yanacağı qorxusu ilə yaşayırlar.

“Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyəti ortaya çıxır…”

Sakinləri maraqlandıran bu məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışa müraciət etdik: “Məndə olan məlumata görə, Xətaidə binanın yanmasına səbəb elektrik qığılcımı olub. Əgər yanğın qəsdlə törədilibsə, külli miqdarda ziyan dəydiyi üçün qəsdlə əmlakı məhv etməyə görə Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə cinayət işinə başlanılacaq.

Əgər yanğın ehtiyatsızlıq üzündən baş veribsə, Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə cinayət işi başlanmalıdır. Dəymiş ziyan həmin şəxsdən tələb oluna bilər.
Əgər müəyyənləşsə ki, hadisə hər hansı bir şəxsin konkret cinayət əməli əsasında baş verib, onda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 186.2 maddəsi ilə cinayət işi başlanmalı və dəymiş zərər də həmin şəxsdən tələb edilə bilər. Amma bu çətin olacaq. Çünki hər hansı bir fəhlənin əməli nəticəsində bina yanıbsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunsa belə, ziyanın ondan tələb edilməsi qeyri-mümkün olacaq. Çünki sakinlərə külli miqdarda ziyan dəyib. Onun bu ziyanı ödəmək üçün pulu, əmlakı olmayacaq”.

Hüquqşünas bildirdi ki, hadisənin hansı səbəbdən baş verməsi istintaq zamanı müəyyən ediləcək: “Öncədən hadisənin baş vermə səbəbi araşdırılıb müəyyən edilməlidir. Əgər müəyyən edilsə ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib, o zaman “İcbari sığortalar haqqında” qanunun tələbləri yada düşür. Ölkə qanunvericiliyinə görə, daşınmaz əmlakın sığortası icbari, yəni məcburidir.
Əgər evlər sığortalanıbsa və həmin ev Bakı şəhərində yerləşdiyinə görə, mənzil sahibinə 25 min manat dəyərində sığorta ödənişi həyata keçirilməlidir. Yanan binada mənzillərin sığortası yoxdursa, ev sahiblərinə sığorta ödənişi həyata keçirilməyəcək.
Ola bilsin ki, bu məsələ ictimailəşdiyinə görə, həmin bina dövlət tərəfindən təmir edilərək sakinlərin istifadəsinə verilsin. Məlum hadisə ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinin bu məsələdə müəyyən məsuliyyəti ortaya çıxıb.
Ümumiyyətlə, fövqəladə hadisələrdən keç kim sığortalanmayıb. Mən təklif edirəm ki, “İcbari sığortalar haqqında” qanunun tələblərinə əməl edərək, vətəndaşlar mənzillərini sığortalasınlar. Ola bilsin ki, bu hadisədən sonra hökumət tərəfindən qanunun kütləvi şəkildə reallaşması da gündəmə gəlsin”.

Qanunda nə yazılıb?

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Mülki Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Ramid İBRAHİMOV, “Bizim Yol”

Short URL: http://www.cumhuriyyet.net/?p=22665

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728