Əhməd Əhmədzadəyə siyasi xəyanət ittihamı

05.06.2015 - 16:08

Keçmiş Partiya Komitəsinin məmurunun önəmli müxalifət partiyasına maliyyə yardımı etdiyi üzə çıxıb

ehmed_ehmedzadeBu gün yerli ekspertlərin bir çoxu açıq şəkildə bəyan edirlər ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti şəffaf olmadığından sözügedən qurumda külli miqdarda yeyinti halına yol verilir. Məsələn, mütəxəssislərin hesablamalarına görə, 2004-2011-ci illərdə dövlət büdcəsindən (2010-cu ildə ayrılan əlavə vəsaitlər nəzərə alınmır) adıçəkilən ASC-yə 1,1 mlrd manat (2004-cu ildə 39,4 mln AZN, 2005-ci ildə 48,6 mln, 2006-cı ildə 67,3 mln, 2007-ci ildə 141,1 mln, 2008-ci ildə 153,3 mln, 2009-cu ildə 199,2 mln, 2010-cu ildə 205,8 mln və 2011-ci ildə 219,2 mln) vəsait ayrılıb.
Söz yox ki, bütün bu vəsaitlərdən sonra ölkədə su balansı normal vəziyyətdə saxlanmalı idi. Lakin son illərin acı təcrübəsi bir daha təsdiqlədi ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC və ona rəhbərlik edən Əhməd Əhmədzadə vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Ola bilər ki, bu məqamda kimlərsə bizimlə razılaşmasın. O zaman məhz bu suala məntiqli cavab tapmağa çalışın: Əgər həqiqətən də ASC-yə ayrılmış 1,1 mlrd manat aidiyyəti üzrə xərclənibsə, onda bəs, hanı işin keyfiyyəti?..

Fəhləlikdən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr postuna gedən yol

Məhz bu məqamda, Əhməd Əhmədzadə barəsində qısa da olsa bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik. Beləliklə, 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuş Əhməd Cuma oglu Əhmədzadə 1961-ci ildə Qaxmuğal kənd orta məktəbini, 1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib və mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili alıb, 1978-1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK-nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1981-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Qaxda külli ixtiyar sahibi kimdir?

Aldığımız məlumatlara görə, Əhməd Əhmədzadənin ölkənin şimal-qərb rayonlarında, daha dəqiq desək, Zaqatala, Balakən, əsasən Qaxda qiyməti milyonlarla manat ölçülən villaları, nəhəng biznes obyektləri var. Bu barədə məlumat verən mənbənin bildirdiyinə görə, bu gün qaxlılar öz aralarında mütəmadi olaraq bu kəlməni işlədirlər: Əhmədzadələr Qaxın sahibləridir. rayonda ən iri restoranlar, istirahət mərkəzləri, mağaza və dükanlar məhz onlara aiddir.
Əslən Qazax rayonundan olan Qax rayon İcra Hakimiyyətinin keçmiş başçısı Abbas Göyüşovun rəhbərliyi dövründə rayonun əhalisinin hərtərəfli sıxıntı çəkdiyini deyən mənbənin sözlərinə görə, bu gün də təxminən, eyni vəziyyət hökm sürür. Belə ki, hələ də əhalinin içməli su ilə tam təmin olunması istiqamətində ciddi işlər görülməyib. Taxılçılıqda məhsuldarlıq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb: “Bildiyiniz kimi, Qax həm də abidələr yurdudur. Lakin mövcud tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində önəmli tədbirlər həyata keçirilmir. Zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti məhz Əhməd Əhmədzadənin kurasiyasındadır”.

Rayondakı turizm obyektlərilə Əhməd Əhmədzadəni nə birləşdirir?

Bu gün Qaxda 53 bələdiyyənin fəaliyyət göstərdiyini deyən mənbənin sözlərinə görə, onların böyük əksəriyyətində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinə yaxın olan adamlar təmsil olunur. Mənbə rayonda mövcud olan turizm obyektləri barədə cumhuriyyet.az-a məlumat verərkən bunları dedi: “Şəfa” istirahət və müalicə pansionatının rəhbəri Saadov İftixar Rəfael oğludur. Pansionat 130 yerlikdir. Pansionatda istirahət yollayış əsasında təmin edilir. Yollayışın qiyməti 540 manatdır. “Yaşıl Park” istirahət mərkəzi isə 2005-ci ildə istismara verilib. İlisu kəndində yerləşir və bura Allahverdiyev Rəsul Aydın oğlu rəhbərlik edir. »İlisu» Pansionatının rəhbəri isə Nizami Haşımovdur. “Ulu dağ” istirahət kompleksi də 2005-ci ildə istismara verilib. Buranın rəhbəri isə Əhmədov Zabit Mahmud oğludur. “Eden” Park hotel də İlisu kəndində yerləşir. 2008-ci ildə fəaliyyətə başlayıb. rəhbəri Bayramov Hüseyn Mətləb oğludur. Qaxbaş kəndində yerləşən 5 ulduzlu “El resort” beş ulduzlu otel isə Malik Şabanovun rəhbərliyi altında fəaliyyət göstərir. Həmçinin, bu gün Qaxbaş kəndi ərazisində “Migidana” restoranı, rayonun Ü.Hacıbəyov küçəsində “Gülnur” və V.Eyvazov küçəsində “Qafqaz” restoranları fəaliyyət göstərir. Və bunların hamısı Əhməd Əhmədzadəyə və onun ətrafına yaxın olan şəxslərdir. Odur ki, bu gün Qax rayonu bütünlüklə Əhməd Əhməzadənin şəxsi mülkiyyətinə çevrilib.
Hələ bu harasıdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinin Qaxın müxtəlif yerlərində bir neçə əzəmətli villası var. Bundan başqa, hazırda Əhməd Əhmədzadənin yaxınlarının bir çoxu rayonda mövcud olan bütün sektorlarda – səhiyyə, təhsil və digər bir sıra önəmli sahələrdə rəhbər vəzifələrdə çalışırlar…”

Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə imkan vermir?

Diqqət yetirmisinizsə, son vaxtlar Əhməd Əhmədzadə ilə bağlı yeni və eyni zamanda, olduqca ilginc məlumatlar dolaşmaqdadır. Qeyd olunur ki, »Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədrinin səhhətində ciddi problem yaranıb. Bildirilir ki, bir müddət əvvəl beyin insultu keçirən Əhməd Əhmədzadəni həkimlər ölümdən qaytarıb. Hazırda onun vəziyyətinin o qədər də yaxşı olmadığını deyən mənbənin sözlərinə görə, həkimlərin qənaətincə, Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə imkan vermir. Bu baxımdan, onun yaxın vaxtlarda vəzifədən azad olunacağı ehtimal olunur. Mənbənin sözlərinə görə, artıq məsələ ilə bağlı yuxarı dairələr də məlumatlandırılıb.
Məsələ ilə bağlı əldə etdiyimiz digər bir məlumatda isə birmənalı şəkildə bildirilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə bu il baş tutacaq kadr islahatları çərçivəsində istefaya göndəriləcək. Amma Əhmədzadə haqda verilən siyasi qərar onun səhhəti və ya ölkənin melorasiya sistemində baş verən korrupsiya ilə bağlı deyil.
xaric2Bu barədə cumhuriyyet.az-a məlumat verən mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin öz postuna əlvida deməsinə əsas səbəb onun hakimiyyət daxilindəki siyasi xəyanətidir. Belə ki, adıçəkilən məmurun müxalifətlə ciddi işbirliyi ortaya çıxıb. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə Əhmədzadə ölkənin nüfuzlu müxalif partiyalarından birinə maliyyə yardımı göstərir: “AXC hakimiyyəti dönəmində Əhmədzadəyə toxunulmayıb və indi bunun əvəzi qaytarılır. Uzun illərdir ki, bu əlaqələr mövcuddur. Əhmədzadə sözügedən maliyyə yardımını şəxs adına, onunla həmyerli olması bəhanəsi ilə etsə də bu dəstəyin siyasi anlamı çox sərtdir”. Mənbəmiz konkret adlar və ünvanlar çəksə də biz müxalif düşərgədə yeni siyasi qalmaqal yaratmamaq üçün bu adları çəkmirik. Amma hakimiyyətin yuxarı eşalonuna artıq bu əlaqalər bəllidi və Əhmədzadə haqda konkret siyasi qərar verilib.

İlqar Ağayev, cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031