Ağdamsız 22 il – Qarabağın “ən varlı şəhəri”ni xatırlayanlar belə azalıb

23.07.2015 - 00:19
rrAta-baba yurdu müqəddəs əmanətdir! Onu necə qorumusan, üstündə hansı ürəklə yaşamısan, öz ömründən ona nə calamısan? Onun övladı olmağa layiqsənmi? Vətən oğlu, canım-gözüm qarabağlı, ağdamlı, iyirmi iki ildir Ağdamdan, öz yurdundan, ev-eşiyindən, doğma beşiyindən ayrı salınmısan, əzizlərinin məzarlarına həsrətsən, onu ziyarət edə bilmirsən. Gəlin, papağımızı qoyaq qabağımıza, fikirləşib, qayıdaq iyirmi iki il əvvəlki ağdamlı günlərimizə. Yataqxanadamı, kiminsə evinin bir küncündəmi, lap imkanlımız öz evində əhli-əyalın yoxdusa, özün bir yaxşı çay dəmlə, qoy qabağına. Xəyalında qayıt ötən günlərə. Amma, sən Allah, bu günə də şükür eləmə. Onsuz da bizi çöllərə əsir-yesir edənlərdən biri də “şükürdür”. Onu da deyim ki, onsuz da Ağdamı xatırlaya biləsi olanlar lap az qalıb.
60 minə qədər ağdamlı uşağının doğum şəhadətnaməsinə Bərdə, Yevlax, Ağcabədi, Fin çadır şəhərciyi, Bakı, Gəncə, Sumqayıt, filan yerin yataqxanası və s. yazılıb. Onlar üçün Ağdam sizlərin danışdığınız nağıllarda, söhbətlərdədir. Onlar üçün Şahbulaq, Ablal-Gülablı kəhrizi yoxdur, Qiyaslı, Bağbanlar, Novruzlu bağları, Mərzili örüşləri, Şellinin narı, əzgili, İmarət, Qarağacı qəbiristanlığı, Çörək muzeyi, “Dostluq” kino-teatrının qabağı, Ağdamın məşhur bazarı yoxdur – görməyib, eşidib. “Deyirlər, Qarabağ bir cənnət imiş”. Onlar üçün gördükləri yoxdur, eşitdikləri var.
Eloğlu, yadındamı, küçəniz, eviniz, həyətiniz vardı? O evi tikdirəndə çəkdiyin əziyyətlər yadındamı? Daş üçün Şahbulaq daş karxanasına gedərdin, çalışardın ki, bir dənə də qırıq daş olmasın. Tikinti materialları üçün Ərşad Dadaşovla, Əsgərlə, Tahirlə saatlara çənə vurardın, taxtanı bir-bir seçərdin, necə deyərlər, istərdin ki, ilan boğazından çıxmış kimi düm-düz olsun. Evi tikən ustalarla mübahisə edərdin, xoşuna gəlməyəndə, sökdürüb yenidən tikdirərdin. Çoxunuz da fəhləliyi özünüz edərdiniz ki, xərciniz çox çıxmasın. Özünüzün də, arvad-uşağınızın da əlləri qabar olardı. Amma bu qabarlar sizə ləzzət edərdi. Axı özünüzə dədə-baba yurdunda ev tikdirirdiniz, binə qururdunuz, kişi olurdunuz. Kişinin ata yurdunda gərək öz evi ola.
Həyətinizin dörd bir yanını ev tikdiyiniz daşdan hasara alardınız, həyət yad gözlərdən pünhan olsun deyə. Həyətdəki hər ağacın boyun sevərdiniz. Qonşu uşağı ağacın bir budağını sındırsa, yüz dəfə danışardınız. Yadınızdadı, qonşu ilə aradan hasar çəkdirəndə bir qarış torpaq üçün neçə illərin haqq-salamını necə unudardınız? Uşaqlar küçədə futbol oynayanda danlayardınız. Nədi-nədi, səs-küy oldu, istirahətiniz pozuldu, top həyətinizə düşdü, göy ləkini əzdi, pəncərəyə dəydi, bir şüşə qırıldımı, mərəkə düşərdi. Uşaqların göz yaşlarına məhəl qoymadan topları cırardınız.
Küçənizin yolu bir az xarab olan kimi narahat olardınız. Pul yığıb, o yeri mütləq düzəltməli idiniz. Bəs indi necəsən, eloğlu? Yaşadığın yataqxananın dəhlizində uşaq futbol oynayır, top qırx dəfə qaldığın otağın qapısına dəyir, ətrafı çirkablı sular basır, üfunətdən baş gicəllənir. Bəs buna necə dözürsən?!
İllərlə əziyyət çəkib tikdiyin evi Aşot, Vartan xarabalığa çevirdi. Sökəndə də yüz dəfə danışıb ki, gic müsəlman, tikintiyə də bu qədər sement qatarlar, taxtaya da bu qədər mıx vurarlar? Əkdiyin ağacların meyvəsini Aşotun balası yeyir. Kefi istəyəndə də budağını sındırır, dibindən kəsib atır. Əziyyət çəkib böyütməyib ki?
Yata-yata belimiz, dura-dura ayağımız, nərd, domino oynamaqdan barmaqlarımız yoruldu. Dur bir az Ağdamı gəzək, görək nə var, nə yox? Kim ölüb, kim qalıb? Hər şey var idi, indi heç nə yoxdur…
Bax, bura 50 saylı texniki-peşə məktəbidir. Fazil Nağıyevin məktəbi. Çoxumuz burada oxumuşiq. Əlbəttə, yaxşı oxuyanlarımız, inkanlıkarımız böyük-böyük məktəblərdə oxuyurduq. İndi də yekə-yekə qulluqlardayıq. Bura da kasıb-kusubun əlindən tuturdu, bir peşə öyrədirdi.
Bu da Doğum evi. Çoxumuz burada dünyaya gəlmişik. Sonra da qarşısında durub, övlad yolu gözləmişik. Şükufə həkimə yalvarmışıq ki, “Sən Allah, iki qızım var, mənə bir oğlan ver”‘. Bura umid yeri, Allahın evi kimi baxmışıq. Evimizin ilk sevinc payını, nübar payını burdan aparmışıq. Uşaq xəstələnən kimi də bura gətirmişik. Ədalət həkimin, Şahin həkimin, Qədir həkimin yanına. Onların əli dəyən kimi uşaq sağalardı…
Bu da Hacının apteki. Həkimlər hansı dərmanı yazsaydı, deyərdi, “Hacının aptekində olar”… Amma bu günlərdə aptekinin şəklini Hacıya göstərdim, dedi, “tanımıram”. Yəqin yaddaşı pozulub…
Bura isə Ağdam bazarıdır. Dörd qapısı var. Amma gəl duraq Tələt kişinin aptekinin qabağında, ya da manıslar (musiqiçilər – red.) dayanan yerdə. Burdan hamını görəcəyik. Axı bu gün bazar günüdür. Bu gün hamı bazara gələcək…
Eh, ay gidi dünya, indi bu şax yeriyən kişilərin, yerə-göyə naz eləyən xanımların da çoxu bu dünyada yoxdur, ya da növrağı pozulub, o şax yerişini itirib…
Bazara hamı boş zənbillə girib, dolu zənbillə çıxır. Dünyanın bütün naz-neməti vardı burda. Əgər evdən bazara ət almağa uşaq göndəriblərsə, mütləq ona tapşırırdılar: “Ya bazarın girəcəyində Eldardan al, ya da Səməddən”.
Köhnə kişilər də əti ya Teymur kişidən, ya da Qaradağlı Pənahdan alardılar. Onların satdığı ət halal hesab olunurdu. Çünki özləri halal kişilər idi. Ət alana bircə sual verərdilər: “Nəlik olsun?” Vəssalam! Halal mal da, halal tərəzi də, abır-ismət də, kişillik də Ağdam bazarında idi. Nə qədər qarışıqlıq, sıxlıq olsa da, bir dəfə eşitməzdin ki, “pulum itdi, malım itdi”. Hara qoymusansa, qayıdıb yerində görərdin.
Qarabağın çalıb-oxuyanları yığılardı manıslar bağına. Bu, duzlu-məzəli Məşədi Nəriman, bu da baməzə Abdal Şakir. Hamı yığışardı başına, yəqin nəsə məzəli bir əhvalat danışacaq. Cəlal Əliyev, Barat, “böyük” Aydın, “balaca” Aydın, qarmonçalan Fazil, Ramiz, Çingiz, nağaraçalan Sərdar, Sabir, Sadıq, Məiş, Sovet, Rəhman – hamısı burdadı. Bircə Qədir Rüstəmov yoxdur. O da yəqin hardasa balıq tutur. Ümumiyyətlə, o bura çıxmır. Tünlüklə arası yoxdur…
Bura 1 saylı orta məktəbdir. Süleyman müəllimin məktəbi. Ümumiyyətlə, Ağdamda məktəb sayı ilə tanınmırdı, hamı deyirdi: “Surxay müəllimin məktəbi, Knyaz müəllimin məktəbi, Əli müəllimin məktəbi, Xanış müəllimin məktəbi, Şahmar müəllimin məktəbi” və s. Hər məktəbin də öz ayaması vardı: «bərk gedən» 1 nömrəli, «farmazon» 2 nömrəli, «yanıq» 5 nömrəli, «yetim» 3 nömrəli…
Bu yol M.F.Axundov küçəsindən keçib, Natəvan küçəsindən İmarətə gedir. Futbol olanda, ya da başqa bayramlarda camaat istirahət etmək, dincəlmək üçün ora gedirdi. Futbol olanda yalnız kişilər və oğlanlar, başqa bayramlarda qızlar və qadınlar bura gəlirdilər. Qarabağ xanlığının bünövrəsini qoyan, onu abadlaşdıran, yağı düşməndən qoruyan kişilərin, bir də xan qızı Natəvanın qəbri ordadır. Orada Natəvanın öz əli ilə əkdiyi çinarlar var. İmarət hər bir qarabağlı üçün müqəddəs ziyarətgahı idi. Təkcə oranın düşmən tapdağında olması qeyrətin, kişiliyin, papağın tapdaq altında olmasıdır.
Gəl, bu müqəddəs Allah evinin qarşısında ayaq saxlayaq, ehtiramla baş əyək. Diz çöküb yalvarıb, bizi bağışlasın onu yağı düşmən əlində qoyub, başımızı götürüb qaçdığımıza görə. Bilmirəm, bəlkə də bağışlayar. Allahın özü kimi onun müqəddəs evi də adildi, rəhmlidir, bütün günah etmiş bəndələrini bağışlayandır. Amma biz də sidq-ürəkdən öz günahlarımızı etiraf edək.
Ağdam məscidi… İllərlə qoşa minarələri sanki göylərə ucalıb, bizlərə Tanrıdan mərhəmət və şəfqət diləyir. Sovetlər birliyi dini qadağan etdiyi dövrlərdə də bir gün də olsun, qapılarını ondan mərhəmət və kömək diləyən bəndələrinin üzünə bağlamadı. Hər il qurban olduğumuz müqəddəs imamlarımıza təziyə saxladı. Hər səhər, hər axşam qoşa minarəsindən əzançıların, son illər Hafiz Məmməd ağa Müctəhidzadə oğlunun ecazkar səsı ilə bizləri saflaşdırdı, ruhumuzu təzələdi, insanları xeyirxah əməllərə səslədi.
Elə buradaca bir adamın adını xüsusi hörmətlə qeyd etmək istəyirəm. Ağdam məscidinin axundu, əslən Masallı rayonundan olan molla Barat iyirmi iki ildir ki, Ağdam əhalisi ilə bir yerdədir. Bu sədaqət, bu xeyirxahlıq alşıqa, ən böyük mükafata layiqdir.
Bura isə Ölkəşünaslıq və diyarşünaslıq muzeyidir. Bura diqqətlə bax. Bu bina çox hadisələrin şahidi olub. Xüsusi siyasi idarə bu binada yerləşib. Burdan çox qeyrətli kişilərimizi ermənilərin əli ilə gedər-gəlməzə göndəribiər. İnqilabçı Qara İlyasovu bu binada güllə ilə vurublar, o eyvandan tullanıb qaçıb. Sonra bank olub. Burda pul verib, pul alıblar. Daha sonra Ölkəşünaslıq və diyarşünaslıq muzeyi oldu. Sadəcə olaraq, Yusif bəyin muzeyi. Allah o kişiyə rəhmət eləsin! Doğrudan o, bəy idi. Hamının görməli olduğu işi təkbaşına görürdü. Ağdama, ümumiyyətlə, Qarabağa aid çox qiymətli tarixi sənədləri, əşyaları, məşhur adamların şəxsən istifadə etdiyi qabları, geyimləri, kitabları, əlyazmaları bir-bir tapıb toplamışdı. Üstündə ana balanın üstündə əsən kimi əsirdi. Sonradan hansısa nazir müavininin qardaşı oğlunu onun yerinə qoymaq üçün Yusif bəyin əlindən muzeyi aldılar. Hadisələr başlayıb, ara qarışanda da o muzeyin eksponatlarını hara apardılar, kimə verdilər, bilən olmadı. Qarabağa, Ağdama aid çox qiymətli bir xəzinə yox oldu.
Bu da Ağdamın mərkəzi meydanıdır. Çox hadisələrin canlı şahidi. Bu meydan danışa bilsə, nələri söyləyər, nə sirlər açar, bir Allah bilir. Yaxşı ki, dili yoxdur. Ə.Haqverdiyev adına Dövlət Dram Teatrının qarşısında artist Mamed öz işçiləri ilə dayanıb.
O da ziyalılar bağıdır. Həmin bağı böyük alimimiz Xudu Məmmədov öz əli ilə salmışdı. Hər daşı, dəmir parçası bir canlı kitab, bitkin bir əsər idi. Bağın yanında Ağdamın adı qədər əzəmətli kişilər dayanıb. Hamısının adını çəkmək mümkün deyil. Hamısı sayılıb-seçiləndir. Rayona gələn prokuror, katib, rəislər onlarla razılaşardı. Mamed Əliyev, Abdal Hüseyn, Əli Eyvazov, Surxay Qurbanov, Zülfüqar Səfərəliyev, Kamran Rüstəmov, Qəhrəman Qəhrəmanov, Şiraslan Abbasov, Mirheydər ağa, Seyid Lazım ağa və onlarla başqaları.
O Muxtar Əliyev ki, bir gün eşidir, Stepanakertdə erməni milislər ağdamlı uşaqlarının maşınları erməni dığasının motosikletinə toxunduğu üçün tutub polis idarəsində döyürlər. Muxtar Əliyev milis idarəsinə gedib, rəisi salır şillə-təpiyin altına. Deyir, “Ə, erməni qoduğu, sən ağdamlı uşaqları burda döydürürsən?” Bu hadisə Vilayət Partiya Komitəsi katibinin və İcraiyyə Komitəsi sədrinin gözü qabağında olur. Ona görə də bu hadisəni görüb-eşidən erməni Ağdamdan, ağdamlılardan it kimi qorxurdu. Stepanakertdə elə bir futbol olmurdu ki, dava düşməsin, ermənilər döyülməsin. O kişilərin bir sifarişi Dağlıq Qarabağdakı hər hansısa bir vəzifəli-vəzifəsiz erməni üçün kifayət idi. İlk dəfə ermənilərin üstünə gedən dinc dəstə də bu meydandan yığışıb gedib. İlk şəhidlərimiz Əli ilə Bəxtiyarın da cənazəsi bu meydandan qaldırılıb. Vertolyot qəzasına düşən say-seçmə oğullarımız da son dəfə bu meydanda olub. İsmət Qayıbov, Məmməd Əsədov gedıb ermənilərə qulaqburması verəcəyinə bu meydanda and içdi. Ermənistandan, doğma yurd-yuvasından qovulanlar da, Stepanakertdə, Malıbəylidə, Quşçularda, Xocalıda, Xankəndində evi yandırılanlar da ilk dəfə Ağdama, bu meydana pənah gətirdilər. Bu meydan Ağdamın şad günündə al-əlvan çiçəklərlə, qara günlərində qara boyanmışdı.
Bu da “Dostluq” kino-teatrı. Axşam tərəfi işdən sonra kişilərin çoxu bura toplaşardı, bir-biriylə hal-əhval tutardı. Ölkənin, rayonun, məhəllələrin bütün problemləri burda müzakirə olunur. Hər kəs burada öz tayını tapır. Çay içməyə gedən çayxanaya gedər, kinoya baxmaq istəyən kinoteatra. Kino Fazilin öz fantaziyası ilə yazılardı afişalar. Yaman hind kinosunun bazı idi. Yeni gələn hind kinosu Bakıdakı kino-teatrlardan əvvəl Ağdamda nümayiş etdirilərdi.
Ağdamda hər kəs bir cürə dadlı-düzlü, özünəməxsus məzəli idi. Heç kim bir-birinə bənzəmirdi. İki tum satan vardı: Neji, Bəndi. Biri kinonun arxasında tum satırdı, o biri qabağında. Parad günü Elxanın satdığı qırmızı sudan içib, kojikindən yemədinsə, Fazilin kinosuna baxmadınsa, Surxayın karuselində yellənmədinsə, deməli, bu il paradda olmamısan. Gələn ili gözlə. Uşaqların xüsusi karusel günləri vardı.
Eloğlu, Ağdamdan ayrı düşdüyün 22 ildi. Bunları və buna bənzər hadisələri xatırlayırsanmı? Aydamı, həftədəmi, gündəmi xəyalən bir dəfə evindən çıxıb, bazaramı, kinoyamı, iş yerinəmi pay-piyada yol gedirsənmi?
Qardaşım, bacım, xatırlayırsanmı küçənizi, qonşularınızı, evinizi, həyətinizi? Şəxsən mən qonşunun bizim həyətə keçən ağacının budağının üstündəki yarpaqların düzümünü də, meyvələrinin sayını da, dadını da xatırlayıram. Ağdamın meyvəsinin dadı-tamı da başqa idi. Şellinin narından yer üzündə yox idi. Həmin nar ağacını bır kilometr aşağıda Qasımlı kəndində əkirdin, həmin narı yetişdirmirdi. Qasımlının da əzgilini aparıb Şellidə əkirdin, həmin əzgil olmurdu. Novruzlunun üzümünün yer üzündə tayı-bərabəri yox idi. Şıxbabalının almasının, Mərzilinin tutunun, Qiyaslının gilasının, Bağbanların heyvasının heç yerə bənzəməyən bir tamı vardı. Tanrı Ağdamı yer üzündə bənzərsiz yaratdığı kimi, kəndlərini də bir-birinə bənzərsiz yaratmışdı.
Ağdam tarixən qəhrəman, mərd, qorxmaz oğulları ilə fəxr etmişdir. Heç vaxt kimsənin qarşısında aciz olmamışlar. Ağdamda məhəllədə qadınlar yığışıb oturanda bir-birinə qayıdıb deyəndə ki, “ay qız, düz otur, kişi gəlir”. Cavab verərdilər ki, “ay qız, işində ol, gələn kişi deyil, filankəsin evində işləyən ermənidi». Qadınlarımız da heç vaxt erməniləri kişi yerinə qoymayıblar.
***
Bir dəfə birinə deyirlər ki, könüllü vergini niyə vermirsən? Cavab verir ki, könlüm yoxdur. Çağırıb milis şöbəsinə beş-üç vurandan sonra deyir: belə istəyin, verim də. İndi erməni işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Deməli, beş-üç çəkmək lazımdır.
Bu 22 ildə bircə dəfə yığışıb dördyola gedib, ayağımızı yerə vurub, “ay erməni, qaç, gəldim”, desəydik, erməni çoxdan qaçıb dağın o üzünə keçmişdi. Oturub gözləyirik ki, kimsə gedib Qarabağı alacaq…
Ötən əsrin əvvəllərində Türkiyədə məşhur Çanaqqala savaşından üç gün ərzində 253 min türk şəhid olur. Bir qarı Atatürkə deyir ki, paşam, əmr et, savaş dayansın, cavanlarımız qırılır. Atatürk cavab verir: “O cavanları doğası anamız, bacımız, qarımız var. İstanbulu doğan ana yox”. Həmin qarı gedib nəvəsini gətirir Atatürkün yanına ki, “paşam, al, mərmin qurtaranda qoy topa, at düşmənə”.
Xalqı bu cür tərbiyə etmək lazımdır. İnsanda hər şeydən öndə doğulub boya-başa çatdığı yurda sonsuz sevgi olmalıdır. Axı o yurdda dizin-dizin sürünə-sürünə böyümüşük. Ona canımızda, qanımızda sonsuz sevgi olmalıdır. Nə qədər qürbət ellərdə can girləmək olar? Bir bayatıda deyildiyi kimi:

Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Vətən oğlu, qızı, qaysaq bağlamış yaranın qayğasını qopardığım üçün məni bağışla. O, elə bir yaradır ki, qaysaq bağlamamalıdır. Qopmalıdır, lap yerinə duz da basılmalıdır.
Oyan, türk oğlu, yatdığın yetər! Analar o dünyada da olsa, südünü bizə halal etməyəcək. Yurdu azad etmək bizim övladlıq borcumuzdur. Bala da ananın yad əllərdə qalmasına razı olarmı? Axı ona ana vətən demişik. Vətənimiz yad əllərdədir. Demək, ananız da yad əllərdədir. Gedib, sahibsiz qalan yurdumuza, elimizə, obamıza, halal evimizə, həyətimizə sahib çıxmalıyıq! Bu, bizim övladlıq borcumuzdur.
Ağdam bizi çağırır, gəlin birləşib, bir yerdə onun harayına səs verək! Üzü doğma yurd yerlərinə sarı dönək!

Surxay Əlibəyli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28677

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728