ABŞ-da kritik Qarabağ danışıqları: Əliyevlə Sərkisyanın görüşünə Putinin də qatıla bilər

03.08.2015 - 10:58

Pentaqonda kritik Qarabağ danışıqları – gerisayım başlayır…; Əliyevlə Sərkisyanın Amerika görüşünə Putinin də qatılacağı iddiası ciddiləşir; ABŞ sülhməramlılar məsələsində təşəbbüsü Rusiyaya verə bilər, ancaq hansı geosiyasi güzəştin qarşılığında – rəsmi Bakıya “hesab makinası” lazımdır…

rrÖtən həftəsonu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada, Ermənistanın müdafiə nazirinin 1-ci müavini David Tonoyan isə Vaşinqtonda səfərdə oldular. İlk baxışda təəccüblü görünən belə səfər marşrutlarında əslində qeyri-adi bir şey yoxdur, çünki vaxtaşırı bu cür kontrast xarakterli təmaslar baş verir.

Ancaq nəzərə alsaq ki, son vaxtlar Moskva Güney Qafqazdakı yeganə forpostu Ermənistanda hələ də davam edən etirazlarda israrla “Qərb izi” axtarır, o zaman erməni generalının böyük bir nümayəndə heyəti ilə ABŞ-da (Pentaqon və Dövlət Departamentində) müzakirələr və məsləhətləşmələr aparması, sözsüz ki, Kremlin diqqətindən yayına bilməz.

Rəsmi açıqlamalara görə, Pentaqonda və Amerikanın xarici siyasət strukturlarındakı görüşlər zamanı Qarabağ məsələsi əsas diqqət mərkəzində olub. Ermənistan müdafiə nazirinin 1-ci müavini bildirib ki, ABŞ Qarabağ münaqişəsi zonasında sakitliyin qalmasında maraqlıdır və müvafiq mexanizmlərin tətbiqi ilə buna yardımçı olmağa hazırdır. Müzakirələr zamanı atəşkəsi qorumağın mexanizmlərinin də nəzərdən keçirildiyi bildirilir.

“Həm Pentaqonda, həm də Dövlət Departamentində yekdil fikir o oldu ki, preventiv tədbirləri gücləndirmək lazımdır” – deyib Tonoyan və belə tədbirlər qismində iki mexanizmin mümkün sayıldığını qeyd edib: “Sərhədyanı insidentlərin monitorinqi üçün beynəlxalq müşahidəçilərə mandat verilməsi və beynəlxalq müşahidəçilərin himayəsi altında dedektorlar sisteminin qurulması. Bu – çox ciddi tədbirdir, o, hansısa addımı atmazdan öncə möhkəm fikirləşməyə məcbur edir”.

***

Erməni hərbi rəsmisinin açıqlaması, onun ABŞ səfəri bir daha göstərir ki, işğalçı tərəf bütövlükdə Azərbaycanın müharibəyə başlaya biləcəyindən yana əndişə içindədir, odur ki, sərhəd insidentləri ilə bağlı daha ciddi mexanizmlərin tətbiqinə, perspektivdə isə işğal altındakı ərazilərlə Azərbaycanın yerdə qalan ərazisi arasında sülhməramlı qüvvələrin yerləşdirilməsinə can atır.

Təbii ki, belə perspektiv Azərbaycanı qane eləmir, çünki o halda Dağlıq Qarabağın işğalının rəsmiləşməsi sürətlənərdi. Bölgəyə sülhməramlılar yerləşdiriləcəksə də, bu, işğal müddətində yalnız Azərbaycan-Ermənistan sərhədi boyu mümkün ola bilər. Hələ onu demirik ki, məsələ ilə bağlı Rusiya ilə Qərb arasında ciddi fikir ayrılığı var. Ancaq yenə də əsas söz sahibi Dağlıq Qarabağın yuridik tərkib hissəsi olduğu Azərbaycandır.

***
Məlumdur ki, ABŞ sentyabrda – BMT-nin Baş Məclisinin yubiley sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini Nyu-Yorkda görüşdürməyi planlaşdırır. Sessiyada Rusiya prezidenti Vladimir Putinin də iştirakı və çıxışı gözlənilir. Bəzi müşahidəçilərə görə, Putinin Nyu-York səfəri ABŞ-la Rusiya arasında növbəti yeni mərhələnin başlanğıcı ola bilər və belə bir yaxınlaşma, yaxud ilıqlaşma fonunda mümkündür ki, Qarabağ problemi üzrə 4-5 tərəfli formatda görüş olsun və konfliktlə bağlı hansısa ilkin razılığa gəlinsin.

Söhbət həm də qarşıdurma zonasına beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən gedir – hansına ki, Moskva uzun müddətdir can atır. Heç şübhəsiz, Rusiya neytral zonaya öz qoşunlarını yerləşdirmək, Qarabağ və Azərbaycan arasında yeni sərhədi özü müəyyənləşdirmək, bununla da hərbi cəhətdən Azərbaycana rəsmən geri dönmək arzusundadır.

Amerika buna razı olarmı? Olarsa, nəyin – hansı ciddi geosiyasi güzəştin qarşılığında? Bunu öncə rəsmi Bakı hesablamağı bacarmalıdır. Buradaca qeyd edək ki, ABŞ-la Rusiya arasında Ukrayna, Gürcüstan, Suriya, NATO-nun genişlənməsi mövzularında ciddi fikir ayrılıqları var. Lakin İranın nüvə məsələsindəki anlaşma göstərdi ki, Vaşinqtonla Moskva arasında regional problemlərə dair konsensus imkanları da aradakı gərginliyə rəğmən, hər halda qalır – yetər ki, tərəflərin buna siyasi iradəsi olsun. Söz düşmüşkən, Vladimir Putin İran- “Altılıq” anlaşmasına görə Barak Obamanı təbrik eləmiş, Ağ Ev başçısı isə öz növbəsində prosesə verdiyi töhfəyə görə ona minnətdarlıq etmişdi…

***
Qayıdaq Qarabağ mövzusuna. Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Erməni mətbuatı bu xüsusda yazır (anspress): “Çox ehtimal ki, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın ABŞ-a səfəri ən əvvəl bununla bağlı olub. O, Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşüb. Onların Qarabağda BMT sülhməramlılarının ehtimal edilən yerləşdirilməsi haqqında danışıb-danışmaması haqda rəsmi informasiya yoxdur.

Amma hadisələrin gedişatı və məntiq onu göstərir ki, görüşdə bu mövzu əsas olub. Göründüyü kimi, Qarabağ probleminin nizama salınması Rusiya və ABŞ arasında yeni əməkdaşlığın əlaməti kimi BMT Baş Assambleyasının iclasında imperativ olacaq. Ehtimal edilir ki, Azərbaycanın ərazi bütövlüyü əsasında, müəyyən sərhədlər çərçivəsində Dağlıq Qarabağa hansısa status verilsin. Belə olan təqdirdə Ermənistanın Rusiya, yaxud beynəlxalq sülhməramlılar arasında seçim üçün manevr etməyə imkanı qalmayacaq”.

Rusiyanın və ABŞ-ın sülhməramlıları hansı sərhədlərdə yerləşdirmək barədə Ermənistana verəcəkləri təklifdən, təbii ki, çox şey asılı olacaq. İstisna deyil ki, Tonoyan ABŞ-a həm də bu məsələyə görə gedib. ABŞ-ın sərhədlə bağlı nə təklif etdiyi isə hələlik bəlli deyil. Diqqəti çəkən həm də Tonoyanın səfərinin KTMT başçısı Nikolay Bordyuja və Rusiya hərbi kəşfiyyatının (QRU) başçısı, general İqor Serqyun İrəvana ziyarətindən dərhal sonraya təsadüf etməsidir.

***

Belə görünür, Qarabağ münaqişəsi ətrafında indiki status-kvonun saxlanılması getdikcə çətinləşir. Bəs, onun dəyişməsindən ən çox kim dividend götürəcək? Əsas sual da budur və o, açıq qalır. Onu da nəzərdən qaçırmaq olmaz ki, İrana qarşı sanksiyalar götürüldükdən və Tehran-Qərb münasibətləri sürətlə ilıqlaşmağa üz tutduqdan sonra Azərbaycanın Qərb üçün əvvəlki önəmi azalıb. Yəni Moskva ilə Vaşinqton arasında yeni geosiyasi bazarlıq üçün daha bir motiv yarana bilər.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930