Musavatın Milli Şuradan getməsinin pərdəarxası

12.01.2014 - 17:22

Siyasiqısqanclıq, yoxsa hakimiyyətlə iş birliyi: Hakimiyyətin muxalifət
birliyinə vurmaq istədiyi zərbəni Musavat vurdu və ya onun əli ilə vurdu

Sön günlərin əsas müzakirə mövzularından biri Musavat
partiyasının Demokratik Qüvvələrin Milli Şurasından getməsi ilə bağlıdır.
Hazırda bu gedişə müxtəlif aspektlərdən baxış var. Bəziləri musavatçıların bu qərarını
satqınlıq, bəziləri isə demokratiyanın təzahürü olmaqla partiyanın daxili işi
kimi baxır və qiymətləndirir. Əslində nə baş verir? Doğrudanmı bu gedişin elmi,
tarixi məntiqi əsasları var? Doğrudanmı müxalifətin birliyindən sapmaq Musavat
partiyasının illər uzunu elan etdiyi musavatçılıq prinsiplərinə, Rəsulzadə
Elçibəy ideyalarına uyğun idi? Doğrudanmı Rəsulzadə və Elçibəy sağ olsaydı
eyni, oxşar addımı atardılar?

İsa Qəmbərin
25 illik uğurları və xarizması

Suallara cavab verməzdən öncə yaxın tariximizə
ekskursiya edək. Subyektiv yanaşmadan çıxış edib demək olar ki, İsa Qəmbərin
son 25 illik Azərbaycan tarixində əldə etdiyi bir sıra ugurlar içində- xalq hərəkatının
öncüllərindən olması, Zori Balayana yazdığı cavab məqaləsi, AXC- də yüksəlişi,
Elçibəyin ən yaxın silahdaşlarından biri kimi 1992- 93- cü illərdə Ali Sovetin
sədri olması, Musavat partiyasını bərpa edilməsində iştirak edib quruma başqan
seçilməsi və s. kimi tarixi ugurlar içində əldə etdiyi ən böyük ugur və Azərbaycan
ictimai- siyasi sferasında özünü təsdiqləmə dövrü Milli hakimiyyətin devrilməsi
dövrünə təsadüf edir; 1993- cü ilin Gəncə qiyamından sonra hakimiyyətə gəlmiş,
qılıncının “dalı və qabağı kəsən” Heydər Əliyevin Ali Sovetin sədri olarkən
bütün növ təzyiqlərə, şantajlara, həbs və ölüm təhlükəsinə baxmayaraq İsa Qəmbərin
parlamentdə etdiyi cəsarətli tarixi çıxış, keçmiş KQB generalına verdiyi
tutarlı və kəskin cavablar idi. Düzdür, bu çıxışdan sonra o elə parlament
binasındaca həbs olunsa da çox böyük etimad və hörmət qazandı. Elçibəyin Bakıda
olmadığı müddətdə bu etimad və hörmət onu Azərbaycan müxalifətinin 2- ci şəxsi
simasında saxladı, onu qorudu və irəli apardı. Sonrakı dönəmlərdə İsa Qəmbərin
artan nufuzu ilə müqayisə də onun iddiaları da artdı. Bu iddialar 1998- ci il
prezident seçkiləri dövründə özünün pik nöqtəsinə çatdı. Ambisiyalarından bir
addım da önə gedən Musavat başqanı o qəddər iddialı oldu ki, hətta müəllimi və
prezidenti saydığı Elçibəyin də həmin il prezident seçkilərində iştirakına mane
oldu və ona güzəştə getmədi. Məhz onun prezidentlik iddiası müxalifətin 1998-
cı ildə seçkilərdə iştirakdan məhrum etdi. Nəticədə birləşə və seçkilərdə vahid
namizədlə iştirak edə bilməyən müxalifət Etibar Məmmədovun timsalında Heydər
Əliyevin seçki saxtakarlığına məğlub oldu.

Birinci səbəb: siyasi qısqanclıq

İllər öncə baş vermiş tarixi olaylara nəzər
salmamız heç də təsadüfi deyil. İsa Qəmbərin öz partiya üzvləri ilə Milli
Şuradan istefa verməsinə səbəb axtararkən zənnimizcə onun ötən 25 illik fəaliyyətinə
baxmaq lazımdır. Yəni söhbət ondan gedir ki, əsrin Вј- ni siyasi fəaliyyətlə məşğul
olub prezidentlik iddiası ilə yaşayan, həmişə öndə və xalqın gözü qarşısında
olmaq istəyən bir siyasi xadimin öz məqsədlərinə nail olmadan arxa plana itələnməsi
onun üçün siyasi intihara bərabər olar. Hazırda İsa Qəmbər özünü bu vəziyyətə
yaxın bir durumda hiss edir. Belə ki, 2013- cü il seçkilərində aday olacağını
hamıdan tez- hələ yanvar ayında elan edib müxalifətin əsas namizədi (ifadə ona
məxsusdur- red.) olmaq istəyən Musavat başqanının planları gözlənilmədən Rüstəm
İbrahimbəyovun kinorejissorluğu ilə alt- üst edildi. Müxalifətin geniş birliyinin-
Milli Şuranın yaranması, öncə Rüstəm İbrahimbəyovun, daha sonra isə Cəmil Həsənlinin
Milli Şuranın sədri, sonra isə
prezidentliyə vahid namizəd seçilməsi, minlərlə insanın kütləvi aksiyalarda,
mitinqlərdə “Rüstəm bəy”, “Cəmil bəy” deyə hayqırması, İsa Qəmbərin arxa plana
keçməsi, kölgədə qalması və nəhayət çarəsiz durumda iştirakçılar arasında
prezidentliyə namizədi alqışlaması heç şübhəsiz Musavat başqanı üçün diskomfort
yaradırdı. Bu gün artıq ölkə müxalifətinin tək lideri Cəmil Həsənlidir. C. Həsənli
yerli və beynəlxalq ictimaiyyətin qəbul etdiyi, pencəyini çiyninə atıb, nəvələrini
yanına alıb xalqın içinə çıxa biləcək qədər sadəliyi, cəsarəti və böyüklüyü
olan bir liderdir. O təkcə 2013- cü il seçkilərinin nəticələrinə görə yox, həm
də təcrübəsinə və xalq tərəfindən sevilib qəbul olunduğuna görə liderdir. Çox
güman ki, onun özünəməxsus liderliyi hələ uzun müddət imkan verəcək ki, o bu vəzifəni
davam etdirsin. Əksinə Milli Şuraya olan hücumların kökündə həm də Cəmil Həsənlinin
nüfuz faktırı dayanır. Yəni onu bu status və nüfuzdan məhrum etmək cəhdi durur.
Təəssüf doğuran haldır ki, Milli Şuranın zəiflədilməsi və dağıdılması məsələsində
hakimiyyətlə Musavat partiyasının son qərarı üst- üstə düşür. Yuxarıda deyilənləri
ümumiləşdirib o nəticəyə gəlmək olar ki, İsa Qəmbərin Milli Şuradan getməsinin əsas
səbəblərindən biri heç şübhəsiz onun son 25 ildə olduğu status və məqamdan geri
itələnməsi, başqa sözlə müxalifətin lideri vəzifəsindən məhrum edilməsidir. Bu
yanaşmanı bir arqumentlə də gücləndirmək olar; 3 ildir ki, İsa Qəmbərə
partiyada və cəmiyyətdə layiqli yer tapılmadığından Musavat partiyasının
qurultayı keçirilmir. Əgər Musavat başqanı Milli Şuranın sədri və ya həmsədri
seçilsəydi qurumdan getməzdi və ardınca da Musavatın qurultayı keçirilərdi.

Zənnimizcə, İsa Qəmbərin son illər cəmiyyətdə və
müxalif düşərgədə öz dayaqlarını müəyyən qədər itirməsi, 2013- cü ildə
demokratik qüvvələrin nümayəndəsi kimi seçkilərdə iştirak edə bilməməsinin səbəbini
başqalarında yox, onun son 10 ildə yürütdüyü siyasətində axtarmaq daha düzgün
olardı.

İkinci səbəb:
hakimiyyətlə iş birliyi

Musavat partiyasının Milli Şuradan getməsinin əsas
səbəbi kimi bu qərara səs verənlərin hakimiyyətlə iş birliyində olmasına dair
iddialar hal- hazırda ölkə gündəmində əsas yer alan mövzulardan biridir. Xüsusən,
AXCP- nın bir sıra funksionerləri bildirir ki, bu qərarı dəstəkləyən və ona səs
verən bəzi musavat liderlərinə 2015- ci ildə parlamentə düşmək üçün hakimiyyət
tərəfindən vəd verilib. Əlbəttə əlimizdə bu barədə fakt olmadığından hər hansı
iddia irəli sürmək çətindir. Amma görünən odur ki, Musavat partiyasının fəallarından
olan Rauf Arifoğlu və onun rəhbəri olduğu “Yeni Musavat” qəzeti hər addımda ilk
gündən müxalifətin birliyini- Milli Şuranı hər dürlü formada nəinki tənqid edib
aşağılayıb, hətta başda Rüstəm İbrahimbəyov olmaqla qurum üzvlərini təhqir etməkdən
belə çəkinməyib. Musavat partiyasının bu qurumdan getməsini isə “Milli Şuranın
fatəsi verildi” kimi aşağılayıcı və ələ salmaq kimi mövqe bildirib. Kiçik
araşdırma aparsaq məlum olar ki, hətta hökümət qəzetlərinin və informasiya
portallarının tənqid etmədiyi, ələ salıb aşağılamadığı bir halda belə “Yeni
Musavat” qəzeti Milli Şuranı, onun liderlərinə qarşı daim bu hərəkəti edib və
qurumun nufuzuna zərbə vurmaq, onun dağılması üçün hər növ qeyri- etik
metodlara əl atıb. Böhtan dolu yazılar, dezinformasiyalar dərc edib. Milli
Şuraya qarşı sərgilədiyi bu dağıdıcı münasibətdən tutmuş İlham Əliyevin
hüzurunda ayağa qalxıb ona “cənab prezident” deyə müraciət edərək Bakının gözəlləşməsindən,
öz qəzet biznesində yaranan təhlükələrdən danışan, amma bir kəlmə də olsun heç
olmasa həbsdə olan işçisi və həmkarı “Tofiq Yaqublunu niyə həbs etmisiniz?” demək
cəsarətini özündə tapmayan baş redkatorun bütün addımlarını mudafiə edən İsa Qəmbərin
hərəkətləri onu hakimiyyətlə iş birliyində suçlayanlara tutarlı fakt verib.
Eyni zamanda bəzi Musavat funksionerlərinin son zamanlar hakimiyyəti bir yana
qoyub, saxtakar, iğalçı Əliyev rejimi haqqında bir kəlmə danışmadan Milli
Şuranı hədəf seçməsi yuxarıda qeyd olunan tezisi gücləndirir. Musavat
partiyasının Milli Şuradan getməsinin hakimiyyətlə iş birliyi ilə bağlı olub
olmamasının yaxın zamanlarda şahidi olacayıq.

Zərbə kimə dəydi?

Hazırda əsas müzakirə mövzularından biri budur. Bir
çox sualların cavabı hələki açıq qalsa dabir şeyin şahidiyik və qəti əminik ki, Musavat partiyasının Milli
Şuradan getməsi quruma arxadan vurulan çox ciddi zərbədir. Hakimiyyətin muxalifət
birliyinə vurmaq istədiyi zərbəni Musavat vurdu və ya onun əli ilə vurdu. Bu zərbə
təkcə müxalifətin birliyinə və xalqın mübarizə əzminə yox, eyni zamanda
Musavatın həm də özünə, çoxsaylı sıravi mübariz üzvlərinə vurduğu mənəvi zərbədir.
Bu zərbənin bədəlini başda İsa Qəmbər olmaqla pariyanın Divanında Milli Şura əleyhinə
səs verənlər və onları dəstəkləyənlər ödəməli olacaq.

Kurşad Kaya

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3316

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31