Hesablama Palatasından şok hesabat: icra başçıları Bakıya niyə çağırılıb?

22.01.2016 - 09:55

icrabakıHesablama Palatası Səbail Rayon Icra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrini açıqlayıb. Palatadan Trend-ə verilən məlumata görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında Səbail Rayon Icra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Auditor N.Həsənov mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.
Auditor qeyd edib ki, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib.
Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb.

***

Aznews.az-ın xəbərinə görə isə Hesablama Palatası Xaçmaz Rayon Icra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində də nöqsanlara yol verildiyini aşkar edib.
Auditor N.Həsənov Xaçmaz Rayon Icra Hakimiyyəti (IH) tərəfindən bir sıra nöqsanlara yol verildiyi qeyd edilərək bildirib ki, yeni layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanılıb, bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmayıb, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. IH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.
Auditor inşa edilən məktəblərdə şagirdlərin layihə-smeta sənədlərində qeyd edilmiş və faktiki sayı arasında fərqlərin olduğunu, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını, bu faktorların isə büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb.
Auditor bina və qurğuların tikintisinə sərf edilmiş vəsait xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini, əsaslı vəsait qoyuluşların uçotunun Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib.

***

APA-nın məlumatına görə, Mingəçevir Şəhər Icra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin də nəticələri müzakirə edilib.
Auditor N.Həsənov Hesablama Palatasının 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş tövsiyələrin Mingəçevir Şəhər Icra Hakimiyyətinin (IH) struktur vahidləri tərəfindən tam təmin edilmədiyini kollegiya üzvlərinin diqqətinə çatdırıb, hazırkı auditlə əhatə olunan dövrdə isə mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib. Abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib.
Kommunal xidmətlərini həyata keçirən IH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilmiş, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib.

***

Bu arada istiqlal.az saytı məlumat yayıb ki, dünən icra başçıları təcili Bakıya çağrılıb və Prezident Administrasiyası rəhbərliyinin iştirakı ilə fövqəladə toplantı keçirilib. Məlumata görə, toplantıda devalvasiyadan sonrakı durum müzakirə olunacaq və yeni reallıqlarla bağlı icra başçıları təlimatlandırılacaq. “Regonlardakı mütəmadi xarakter alan devalvasiya əleyhinə etiraz aksiyaları hakimiyyətin üst qatında ciddi narahatlıq yaradıb. Ona görə də hakimiyyət qabaqlayıcı tədbirlər görməyə qərar verib”, – deyə məlumatı verən mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda iqtisadi və sosial reallıqlar dəyişdiyindən yeni təlimatlara ehtiyac yaranıb: “Əvəllki idarəetmə metodlar indiki şəraitə yararlı deyil. Standartları dəyişmək vaxtıdır. Indi icra hakimiyyəti daha çox əhali ilə ünsiyyətdə olmalı və şikayətlərə həssas yanaşmalıdırlar. Toplantının məqsədi də bu durumu icra başçılarına izah etməkdir”.
Yaxınlarda bir necə icra başçısının işdən çıxarılmasını istisna etməyən mənbə bildirir ki, təkcə kadrlar yox, idarəetmə qaydaları da dəyişməlidir. Yada salaq ki, son həftədə Lənkəran, Beyləqan, Siyəzən, Quba, Ucar və başqa rayonlarda devalvasiya əleyhinə etiraz aksiyaları keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728