Türkmən dağı təhlükədə: «Təcili dəstək gəlməsə, PKK bu ərazilərdə dövlət quracaq»
Suriyadakı türk komandir Alparslan Çelik Türkiyənin vurduğu Rusiya təyyarəsindən atlayan rus pilotun ölümünə görə təqsirli bilinir. O, hazırda Rusiya təhlükəsizlik qüvvələrinin bir nömrəli hədəfinə çevrilib. A.Çelik Türkmən dağı uğrunda sonuna qədən savaşacığını bəyan edib. Və bildirib ki, Türkmən dağı ələ keçdiyi gün orada kürd deyil, PKK dövləti qurulacaq.
“Ruslardan qorxmuram”
Türkmən dağında şəhid düşən Ibrahim Küçüyün dəfn mərasimində iştirak etmək üçün Istanbula gələn A.Çelik son damla qanına qədər mübarizə aparacığını deyib: “Mən Türkmən dağına Allaha iman edərək getmişəm. Ruslardan qətiyyən qorxmuram. Son damla qanıma qədər mübarizəmi davam etdirəcəm”.
Alparslan Çelik Bayır-bucaqdakı demək olar ki, bütün kəndlərin rusların nəzarətinə keçdiyini bildirib: “Bayır-bucaqda bir çox yerlər rus qırıcılarının zərbələrindən sonra boşaldılıb. Demək olar ki, bütün kəndlərimiz rusların əlinə keçib. Söhbət, Əsəd qüvvələrindən yox, məhz kürdlərdən gedir. Məhz onlar əraziyə hakim olublar. Sərhəd kəndləri istisna olmaqla, bütün ərazilər onların nəzarətindədir. Sərhəd kəndlərimizə də aviazərbələr endirilir. Bu kəndlərdə 15 minə yaxın insan yaşayır. Onlar Türkiyəyə keçmək istəmirlər. Öz torpaqlarında mübarizə aparmaq, lazım gələrsə, vətən uğrunda şəhadətə yüksələmək istəyirlər. Türkmən dağı tamamən ələ keçməyib. Mücadilə davam edir. Bəzi media qurumları dağın tam ələ keçirildiyini yazırlar. Belə deyil. Düzdür, əksər nöqtələr itirilib. Amma hələ də dirəniş göstərən mücahidlərimiz və mülki vətəndaşlarımız var”.
“Silah dəstəyinə ehtiyac var”
A.Çelik silah təminatının da yetərli səviyyədə olmadığını bildirib: “Rusların müasir tipli silahlarına cavab verəcək gücümüz yoxdur. Təbii ki, Türkiyə dəstək verir. Amma havadan müdafiə üçün hərbi texnikamız olmalıdır. Öz gücümüzə qurduğumuz müdafiə sistemi var. Türkiyədən istəyimiz havadan müdafiə üçün dəstək vermələridir.
Rusiya da, Almaniya da PKK-nın Suriya qolu olan PYD-yə silah verir. Biz türkmənlər orada torpağımızı müdafiə edərkən müsəlman dövlətlərindən dəstək ala bilmirik. Dünən Kobani üçün qiyam edən Avropa bu gün bunu Türkmən dağı üçün etmir. Bu sükutun səbəbi PYD-yə açılan Kürd dəhlizidir. Avropa da, ABŞ da bu dəhlizi dəstəkləyir. Bizsə deyirik ki, Türkmən dağı Aralıq dənizinin Çanaqqalasıdır.
“Kürd dəhlizinin qurulmasına izin verməyəcəyik”
Biz var olduqca orada PYD və PKK-nın planlaşdırdığı Kürd dəhlizinə əsla imkan verməyəcəyik. Imkanlarımız bir az geniş olsa, onlara bunun xəyalını qurmağı belə, haram edərik. Iki il əvvəl qarşımızda Suriya ordusu vardı. Heç bir gücü olmayan, dünyanın üçüncü dərəcəli ölkəsinin ordusu idi. Bu gün o ordunun arxasında Rusiya, Iran var. Bunlarla ayaqlaşacaq qədər güclü deyilik. Türkmən dağı ələ keçdiyi gün 950 kilometrlik sərhəd xəttində bir PKK dövləti qurulacaq. Israilin, Amerikanın, Rusiyanın birgə quracağı PKK dövləti. Bu dövlət Türkiyəyədən torpaq almağa çalışır. Türk milləti, türk dövlətləri olaraq buna qarşı birlikdə dirəniş göstərməliyik. Birlikdə mübarizə aparmalıyıq”.
Bayır-bucaq türkmənlərinin mübarizəsinin vətən, namus mübarizəsi olduğunu deyən Alparslan Çelik Türk ictimaiyyətini baş verənlərə səssiz qalmamağa çağırıb: “Türkmənlər analarının, bacılarının, qızlarının namusunu qorumaq üçün mücadilə edirlər. Bu gün Rusiyanın ələ keçirdiyi türkmən kəndlərindən PYD-çilərin səsləri gəlir. Biz canımızdan keçərkən səssiz qalanlar bu günaha ortaq olur. Türk dövləti və Türk millətindən sona qədər dəstək istəyirik”.
Aydın Taş, Ankara
Short URL: http://www.cumhuriyyet.net/?p=52017