Dövlət Komitəsində dələduzluq – Aparat rəhbəri 100 minlərlə dollara vəzifə satırmış
Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. Vəkil Adəm Məmmədov “Azadlıq”a bildirib ki, AQUPDK-nin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun onun barəsində səsləndirdiyi fikir tamamilə yalandır. O, bu məsələ ilə bağlı adı çəkilən Komitədə olmayıb. Adəm Məmmədov onu da bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs israrla iddiasını müdafiə edir.
Şikayətçi bildirib ki, pulu Səfər İmanov onun gözünün qarşısında komitənin sədri Hicran Hüseynovaya verib. Bu barədə müvəkkildə tutarlı dəlillər var. Hətta Səfər İmanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var. Vəkil həmçinin qeyd edib ki, sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər ona eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə bu faktları da açıqlayacaq.
Vəkilin sözlərinə görə, şikayətçi öz ərizəsində Səfər İmanovla Hicran Hüseynovanın yaxın qohum olmasını da qeyd edib.
***
Bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar. “Çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”, – deyə vəkil Adəm Məmmədov bildirib.
Söhbət Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdan gedir. Vəkil APA-ya deyib ki, S.İmanov həmin 170 min dollarlıq dələduzluğu 2012-ci ildə törədib. Lakin bu, onun yeganə dələduzluğu deyil. Başqa iki nəfər də vəkilə S.İmanov tərəfindən aldadıldıqları barədə müraciət edib: “Həmin şəxslər də işə düzəlmək adı ilə Səfər İmanova müxtəlif məbləğdə pul verdiklərini bildirirlər. Növbəti müraciətlərlə bağlı da aidiyyəti qurumlara müraciət edəcəyik”.
Komitədən isə APA-ya bildirilib ki, S. İmanov vəzifədə olduğu müddət ərzində iki dəfə töhmət alıb. Bu il fevralın əvvəlində Komitədə S. İmanovdan şikayət edən ailə qəbul edilib. Ailənin şikayəti əsasında Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=53800