Xocalı soyqırımın törədən ermənilər gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar

Bu gün Xocalı soyqırımının 24-cü ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü.
Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb.
Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.
Milli Məclis hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edir. Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş ermənilər vaxt gələcək ki, məhkəmə qarşısında cavab verməli olacaqlar.
Heç nə unudulmur, heç nə yaddan çıxmır!


