“10-15 günə çox böyük təlatümlər yaşanacaq” – Ekspert
24.06.2016 - 12:02

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin “Qafqazinfo”ya müsahibəsi:
– Ötən gün Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunması ilə bağlı əldə olunmuş razılıq barədə səsləndirdiyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən təkzib olundu. Sizcə, buna səbəb nədir?
– Əslində münaqişənin mərhələli həlli planı Bişkek protokolu imzalandığı gündən fərqli prinsiplər adı altında zaman-zaman gündəmə gəlib. Azərbaycanın variantı ondan ibarətdir ki, heç bir şərt irəli sürmədən ilkin olaraq işğalda olan Dağlıq Qarabağ ətrafı rayonlardan ən az beşi işğaldan azad olunmalı, erməni qoşunları həmin ərazilərdən çəkilməlidir. Bu birinci mərhələ kimi təsbit olunmalıdır. Bundan sonra digər mərhələlər həyata keçirilməlidir. Ermənistna tərəfi isə 20 ildir ki, paket həll planına üstünlük verir. Yəni şərti odur ki, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması Dağlıq Qarabağın statusu ilə paralel aparılmalıdır. Zaman-zaman bu münaqişə ilə bağlı müxtəlif ölkələr insiyatifi öz əlinə almağa çalışır. Bir müddət əvvəl Cenevrədə Avropanın iştirakı ilə danışıqlar oldu. Bu da təbii ki Rusiyanı qıcıqlandırırdı. Rusiya bu münaqişədə açar ölkə olmağa davam etmək istəyir. Şərtlərindən ən böyüyü odur ki, münaqişə bölgəsinə gələcəkdə Rusiyanın sülhməramlı qoşunları yerləşdirilsin. Ona görə də belə təzadlı açıqlamaların verilməsi təbiidir. Düşünürəm ki, bu hələ bir müddət davam edəcək. Beləliklə də, Rusiya bütün qarantiyanı öz əlinə almasa, münaqişənin həllinə imkan verməyəcək.
– Görüşdən sonra Sarkisyanın aprel əməliyyatlarının baş verdiyi Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi yenidən əməliyyatların başlayacağı mesajını verə bilərmi?
– Danışıqlar ərəfəsində, sonra arxasında Rusiyanın gücünü hiss edən Ermənistan müzakirələrdə istədiyinə nail olmasa, cəbhə bölgəsində hücum əməliyyatları keçirmək mesajını verir. Sarkisyanın dünənki səfəri beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Bununla Azərbaycan hakimiyyətinə söz çatdırmağa çalışırlar ki, bizim istədiyimiz həll planı olmasa Rusiyanın dəstəyi ilə hərbi əməliyyatlar başladıb yeni işğal siyasətləri yürüdə bilərik.
– Ölkəmiz bu günlərdə “Formula 1” yarışmalarına ev sahibliyi etdi. Yarışla bağlı gözləntiləriniz nələr idi, məsələn, deyirdilər ki, çoxlu turist gələcək…
– Azərbaycan hakimiyyəti çox təəssüf ki, ölkəni dünyaya tanıtmalıyıq tezisini həyata keçirmək üçün hər zaman bəyanatlar verir. Amma heç bir məmur çıxıb demir ki, biz niyə görə öz ölkəmizi dünyaya tanıtmalıyıq? Bu ona görə olmalıdır ki, ölkədə investisiya mühitinin yaxşı olduğunu mesajını verək və turist cəlb edək. Azərbaycanda həmişə təəssüf ki, arabanı atın qabağına bağlayırlar. Məsələnin alt yapısı hazır olmadan, turistlərin ölkəyə niyə gəlməməsinin səbəbləri araşdırılmadan belə böyük yarışlara milyonlarla vəsait xərclənir. Pulun da geri dönüşü təmin olunmur. Son yarış da, bundan əvvəlki Avropa Oyunları da bunu göstərdi. Avropa Oyunları keçiriləndə hakimiyyətin mesajı ondan ibarət idi ki, daha çox turist qazanacağıq. Rəsmi rəqəmlər isə sübut edir ki, 2015- ci ildə gələn turist sayı 2014- cü ilə nisbətən 10 faiz aşağı olub. Deməli, tək idman yarışları ilə ölkəyə turist cəlb etmək mümkün deyil.
Son yarışda isə 100 milyon manat hazırlıq işlərinə vəsait xərcləndi. Təqribən 45 milyon dollar üzvlük haqqı kimi ödəniş edilib. Amma cəmi 3 milyon manatlıq bilet satıldı. Ən yaxşı halda, deyilənə görə, 15 min turist gəlib. Bu 15 minin də üç gün ərzində ölkədə xərclədiyi vəsaiti hesablasaq, heç 15- 20 milyon dolları keçmir. Hətta üzvlük haqqına verdiyimiz vəsaitin yarısını belə bu yarışlardan çıxarda bilmədik.
– Hazırda turizm mövsümü başlayıb. Bu sahədəki problemlər nədən ibarətdir?
– İlkin səbəb viza məsələsidir. Azərbaycan nədənsə nə Avropa Birliyi ölkələri, nə Amerika, nə Yaponiya, nə Çinlə viza məsələsini qaldırmaq istəmir. Hələ onları bir kənara qoyaq. Qonşu ölkələrlə vizanı aradan götürmək istəmir. Artıq bir ayıb olan halına gəlib ki, uzun illərdir Azərbaycan vətəndaşlarına Türkiyə viza tətbiq etmədiyi halda, Azərbaycan bunu edir. Məsələn, Gürcüstan 108 ölkə ilə viza sistemini ləğv etdi. Bu da turizmin inkişafına böyük təkan verdi. Azərbaycanda isə MDB ölkələrindən başqa vizasız gediş-gəliş yoxdur.
İkincisi isə, Azərbaycan hökuməti isə uzun illər böyük və dəbdəbəli otellərin tikilməsinə üstünlük verdi. Amma heç bir araşdırılma aparılmadı ki, XXI əsrin turist profili xeyli dərəcədə dəyişib. Bu əsrdə artıq turistlər çox bahalı otellərdə qalmağı seçmirlər. Oteldə cəmi bir neçə saat yatmağa heç bir turist 300-500 dollar verməyi düşünmür. Bizdə isə bahalı otellərin tikilməsi turizmə dəstək olmaq əvəzinə maneəyə çevrildi. Ölkədə hostellər, iki-üç ulduzlu otelllər zənciri yoxdur. Amma regionda turist rəqibimiz olan Gürcüstanda 1000-dən çox hostellər var.
– Yarış öncəsi iqtisadçılar proqnoz verirdilər ki, oyunlardan sonra dollar bahalaşmağa başlayacaq və 3-cü devalvasiya olacaq… Görünən də odur ki, hər gün dolların məzənnəsində artım baş verir…
– Manatın taleyi təəssüf ki, tək bizdən asılı deyil. Azərbaycan hökuməti nə qədər inkar etsə də, üzən məzənnə prinsipi ilə deyil, inzibati qaydada məzənnə müəyyən olunur. Digər səbəblərdən biri ətrafımızda olan ölkələrin valyuta məzənnələrinin dollara nisbətən tez-tez oynaması və neft qiymətlərində baş verən dəyişikliklərdir. Hər iki sahədə də dünyada ciddi gözləntilər yaranıb. Dünya FED-in növbəti faiz artımını gözləyir. Bu yaxın zamanlarda başa verəcək. Bu isə dolların dünyada bahalaşmasına səbəb olacaq.
Neft qiymətlərində 49- 50 civarında irəliləyiş olsa da, qiymətin bu civarda qalacağı ilə bağlı ümid yoxdur. Amma hesab etmirəm ki, Azərbaycan hökuməti əvvəlki kimi 47, yaxud 34 faizlik kəskin devalvasiyaya getsin. Çünki nəhayət hökumət də anladı ki, kəskin devalvasiyanı həzm etməyə Azərbaycan iqtisadiyyatının gücü yoxdur. Ona görə bank sektorunda, pərakəndə ticarətdə problemlər var. İndi yumşaq şəkildə manatı gündəlik 2-3 qəpik azaldacaqlar. Azərbaycanda rəsmi məzənnənin ən pik nöqtəsi 1.64 olub. İndi də həmin səviyyələrə doğru gedirik.
– Samsung şirkətinin Azərbaycanda nümayəndəliyini bağlaması, bir sıra tikinti şirkətlərində işlərin dayandırılmasını necə izah edərdiniz?
– Əslində tək Samsung deyil, bəzi avtomobil şirkətləri də Azərbaycanda nümayəndəliyini bağlayıb, ya da sayını azaldıb. Bunun iki səbəbi var. Kəskin devalvasiyadan sonra dollarla alınan məhsulların manat ekvivalentində qiymətinin kifayət qədər yüksəlməsidir. Devalvasiyadan qabaq 20 min manata olan avtomobil indi 40 min manat olub. Alıcılıq qabiliyyəti o qədər aşağı düşüb ki, həmin vəsaitdə olan avtomobili nağd şəkildə almaq istəyən alıcıların sayı kifayət qədər aşağıdır. Ehtimal olunurdu ki, kreditləşmə artacaq. Amma banklar bunu etmədi. Çünki vəziyyətləri pisdir. Problemli kreditlərin sayı il ərzində iki dəfədən çox artıb. Hazırda 2 milyarddır. Bu da ümumi kredit portfelinin 8 faizidir. Dünyada standart ondan ibarətdir ki, problemli kreditlərin həcmi 3 faizi keçirsə, bu artıq bank sistemində ciddi təlatümlər olacağı gözləntisini yaradır. Bizdə bu rəqəm az qala 3 dəfə artıb. Digər səbəb isə hüquqi müstəvidə olan boşluqlardır. Böyük şirkətlərin ən böyük tələbi fəaliyyət göstərəcəkləri ölkələrdə azad məhkəmə sistemi və mülkiyyət toxunulmazlığı məsələsinin olmasıdır.
– Referendum nəticəsində Böyük Britaniya Avropa Birliyindən çıxarsa, bu dünya iqtisadiyyatında avronun, funt sterlinqin məzənnələrinə nə kimi təsir göstərə bilər?
– Artıq uzun müddətdir ki, bu “Brexit” məsələsi, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ciddi münaqişə obyektinə çevrilib. Referendumdan Böyük Britaniyanın birlikdən ayrılma qərarı çıxarsa, yaxın 10- 15 gün ərzində çox böyük təlatümlər yaşanacaq. Funt sterlinqin təqribən 10-13 faiz dəyərinin itməsi, bank sektorunda olan aksiyaların, səhmlərin ciddi şəkildə dəyərdən düşməsi gözlənilir. London dünyanın maliyyə mərkəzlərindən biri sayılır. Həm də Böyük Britaniyanın özünün ÜDM-nin azalması ilə müşayiət oluna bilər. Əgər doğrudan da Böyük Britaniyada iqtisadi daralma baş verəcəksə, bu bütün dünya birjalarına, o cümlədən xammal bazarına ciddi təsir göstərəcək.
Bizi də Azərbaycan olaraq əsas maraqlandıran xammal bazarıdır. Neftin, qazın, əlvan metalların qiymətinin ciddi aşağı düşməsi baş verə bilər. Ona görə də Böyük Britaniyanın Avropa Birliyindən çıxması böyük problemlər yarada bilər. Amma hesab edirəm ki, son sorğularda başabaş nəticələrin olmasına baxmayaraq, İngiltərə birlikdə qalmaq qərarını verəcək. Olmasa, bu domino effekti yarada bilər və digər ölkələr də birlikdən çıxmaq barədə fikirləşə bilər.
– Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili mediaya müsahibəsində Maliyyə Nazirliyinin ünvanına bir sıra ciddi ittihamlarla çıxış edib. İttihamlardan biri də odur ki, Maliyyə Nazirliyi beynəlxalq reytinq şirkətlərinin bankda keçirdiyi yoxlamalara qısqanclıqla yanaşıb. Belə halın olması mümkündür?
– Azərbaycanda işləyən beynəlxalq reytinq agentliklərinin durumu qəlizdir. Digər ölkələrdə bu reytinq agentlikləri müxtəlif mənbələrdən məlumat almağa malikdirlər. Azərbaycana gəldikdə isə rəsmi statistikadan başqa, əlavə mənbə yoxdur. Bu reytinq agentlikləri təəssüf ki, Azərbaycana üçüncü dünya ölkəsi kimi baxırlar və ona görə də burada istədikləri kimi hərəkət edə bilirlər. Nə qədər qəribə səslənsə də, Maliyyə Nazirliyi burada haqlıdır. Beynəlxalq Bankda olan son proseslər onu göstərdi ki, orada ciddi problemlər olub. Bu da onu göstərir ki, reytinq agentliklərinin ölçmə mexanizmləri doğru olmayıb. Agentliklərin qarşısında duran əsas məsələ də o zaman Azərbaycanın çox böyük gəlirlərə malik olması idi. Dövlət bankı olaraq Maliyyə Nazirliyinin də daxildə gedən proseslərdən xəbəri olub. Bankın kifayət qədər böyük layihələr həyata keçirməsi, dövlətdən ciddi dəstək alması onun reytinqinin yüksəlməsinə səbəb olan məsələlərdən idi. Əgər Maliyyə Nazirliyi o zaman mətbəxin içində nələr bişdiyindən xəbərdar idisə, niyə onu dövlət başçısı və ya ictimaiyyət qarşısında açıqlamırdı? Maliyyə Nazirliyinin idarəçiliyində də böyük problemlər olub ki, nəticədə Beynəlxalq Bank çox pis vəziyyətə düşüb.
– Verilən suallardan biri də odur ki, sahibkarı götürdüyü kreditə görə həbs edirlərsə, o zaman kreditləşmə siyasəti niyə aparılır?
– Kredit götürən ancaq o zaman həbs oluna bilər ki, istintaqda sübut olunmalıdır ki, onun kredit götürməkdə məqsədi ölkədən qaçmaq və ya onu mənimsəmək olub. Belə faktlarla sübut olunmuş məsələ olacaqsa, təbii ki, həmin iş adamı həbs oluna bilər. Amma Azərbaycanda iş adamları “şapka” anlayışı ilə krediti bəri başdan götürərkən ziyana düşürdülər. Məbləğin 15 faizini əvvəlcədən geri qaytarılmalı olurdular. Sonradan həmin kreditlərin çox absurd layihələrə yatırıldığını gördük. Məsələn, Ələtdə tikilən Xəzər adaları layihəsi absurd idi, halbuki Beynəlxalq Bank ora 100 milyonlarla kredit ayırmışdı. Sual yaranır ki, əgər Beynəlxalq Bankın risk menecmenti yaxşı idisə, bu tipli layihələrin heç bir perspektivi olmadığını niyə anlamırdı? Burada iki məsələ yaranır. Ya Beynəlxalq Banka bu haqda göstəriş verilib, ya da ki şəxsi maraqlara uyğun olaraq bu kreditləri veriblər. Kreditin bir hissəsini də rüşvət şəklində geri alıblar. Ümumiyyətlə isə, Beynəlxalq Bankla bağlı məsələlər o qədər qəlizdir ki, kələfin ucundan tutub getsək, bir çox insanların başı ağrıyar.
– Ölkə başçısının ipoteka ilə bağlı fərmanını necə dəyərləndirirsiniz?
– Fərmanın özü pozitivdir. Orada yeni elektron formada ipoteka müraciətləri, onların kalkulyatorla hazırlanması məsələləri müsbətdir. Sadəcə sual odur ki, ipotekanın maliyyələşmə mənbələri nələr olacaq? İpoteka Fondu hələlik qarşısına qoyduğu məqsədlərə çata bilmir. Fond təsisindən sonra belə bir məsələ var idi ki, 2013- cü ildən sonra fond öz-özünü maliyyələşdirmə sisteminə keçəcək. Ancaq bunu bacarmadı. Dövlət büdcəsinə 200 milyon manat vəsait almaq üçün müraciət etdi. İpoteka məsələsində nə qədər mühüm fərmanlar verilsə də, iki məsələ çox vacib idi. Bir faiz dərəcələri, iki əlçatanlıq məsələsi. Azərbaycanda faiz dərəcələri yüksəkdir, yeganə olaraq sosial ipotekada 4 faizdir. Ortalama ipotek kreditlərinin faiz dərəcələri isə 8 faizdir. Hökumət faiz dərəcələrinin aşağı düşməsi üçün ciddi addımlar atmalı, şərtlər asanlaşdırılmalıdır.
– Bu günlərdə Salyanda doğulan üçəm körpələrdən ikisinin ölməsi valideynlərin ciddi etirazına səbəb oldu. Siz, bununla bağlı nə düşünürsünüz?
– Bu həmin ailə üçün böyük faciədir. Səbəbi nə olursa olsun ailədə belə faciə yaşanırsa, bunu ürək ağrısı olmadan dinləmək mümkün deyil. Azərbaycanda son 12 ilin nəticələrinə baxdıqda görürük ki, doğrudan da yüz milyonlarla vəsait xərclənərək çox gözəl , müasir diaqnostik mərkəzlər tikilib. Amma keyfiyyət o qədər aşağıdır ki, insanlar Türkiyədə, İranda və. s müalicə olunmağa üstünlük verirlər. Son illər enerji infrastrukturuna 4 milyarda yaxın vəsait qoyulub. Amma yenə Bakıda belə işıqların kəsilməsinə şahid oluruq.
Sovet vaxtı Rusiyanın məşhur teatrı İsveçrədə qastrol səfərində olub. Orada nə qədər gülməli səhnələr göstərilsə də, tamaşaçı gülmürmüş. Bir epizodda isə hamı gülməyə başlayıb. Baş qəhrəman evə gəlir, krantı açır və görür ki, su gəlmir. Bütün zal gülür, necə ola bilər ki, su gəlmir? Azərbaycanda da aşağı-yuxarı belə haldır. Böyük investisiya layihələrinə pul xərclənir, amma krantı açırsan su gəlmir, işığı yandırırsan işıq yanmır və.s. Bu faciədə isə hüquq-mühafizə orqanları günahkarları ciddi şəkildə araşdırmalıdır. Doğrudan da işığın sönməsi, generatorunun işləməməsi nəticəsində iki körpə dünyasını dəyişirsə, bu Azərbaycanımızın adına böyük ayıbdır.
– Hazırda dünya və futbol ictimaiyyətinin gözü Fransada keçirilən Avropa Çempionatındadır. Bir futbol azarkeşi kimi, sizcə, builki çempionat ötən dəfəkindən nə ilə fərqlənir?
– Mənə elə gəlir ki, Avropa çempionatları o həddə gəlib çatıb ki, bütün komandaların gücü aşağı-yuxarı bərabərləşib. Oyunların da ilk baxışdan maraqsız keçməsinin də səbəbləri bunlardır. Fransada çempionatdan öncə terror hadisələrinin oldu, ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilir. Hazırda orada yenə fövqəladə vəziyyətdir. Bütün bu kənar səbəblər çempionatın özünə bir kölgə saldı. Azarkeşlər arasında da ciddi problemlər yaşandı. Bu da futboldan kənar söhbətlərin daha önə çıxmasına səbəb oldu. Azərbaycanda isə böyük əksəriyyət Türkiyəyə azarkeşlik edirdi. Təəssüf ki, Türkiyə öz günahı üzündən mərhələyə keçə bilmədi.
– Türkiyə millisi Xorvatiya və İspaniyaya uduzarkən azarkeşlərin aqressiv münasibətinə məruz qaldı. Çexiya millisini udarkən isə, bunun əksi müşahidə olundu. Sizcə, bir azarkeşin komandasına münasibəti necə olmalıdır?
– Türkiyə futbolu xəstə azarkeşlik səviyyəsinə gəlib çatıb və bu da psixoloji cəhətdən oyunçulara, texniki heyətə ciddi maneə törədir. Görünən odur ki, Türkiyədə futbol idman olmaqdan çıxıb. Bura siyasət, toplumsal mühəndislik qarışıb. Türkiyə cəmiyyətindəki bölünmələr futbola da yansıyıb. Bu üzücüdür. Futbola idman, şou kimi baxmaq lazımdır.
Ölüm-qalım məsələsi deyil. Türkiyədə bu milli bayraq, milli himn məsələsinə kimi qalxdı. Nəticədə bu Türkiyə idmanın, klublarası münasibətlərin inkişafına ciddi ziyan vurur. Türkiyə Avrpada yeganə ölkədir ki, derbi maçlarına bir-birlərinin azarkeşlərini buraxmırlar.
– Türkiyənin son şansını dəyərləndirənlərdən bəziləri belə hesab edir ki, burada siyasi maraqlar önə çəkilib. Yəni İtaliya millisi İrlandiya millisi ilə oyuna əsas oyunçuları planlı şəkildə çıxartmayıb. Siz bu versiyanı necə qiymətləndirirsiniz?
– Bu haqda sosial şəbəkələrdə müzakirələr gedir, amma mən belə hesab etmirəm. İtaliyanın İrlandiyaya qarşı oyununda 11 əsas oyunçudan 7-si oynamadı. Bu da çox normaldır. Çünki komanda öz problemini həll edib və 6 xal toplayıb. Uduzsa belə, yenə birinci yerdə olacaq. Nəyə görə 7 əsas oyunçusu salmalı idi? Həmin oyunda oyunçular zədələnə, sarı, qırmızı kart ala bilərilər ki, bu da növbəti oyunlarda iştiraka mane olardı. Ona görə də məşqçinin bu addımı çox təbii idi. Meydana çıxan oyunçuların da bir-biri ilə əlaqəsi yox idi. Ona görə də İtaliya millisi zəif oyun nümayiş etdirdi və uduzdu.
– Favoritiniz kimdir?
– Mən uzun zamandır ki, Avropa Çempionatında İspaniyaya, dünya çempionatında isə Argentinaya azarkeşlik edirəm. Amma bu çempionatda sürprizlər ola bilər. Bu günə kimi çempion olmayan komandanın çempion olacağı hissi məndə var. Məsələn, Belçikanın bu il çempion olma şansı var. Çünki, çox gözəl komandaya sahibdirlər. Son oyunları da bunu sübut etdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=68002