Şotlandiya və İrlandiya ayağa qalxdı – Krallıq parçalanmağa doğru…
Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması Şimali İrlandiyanın İrlandiya ilə yenidən birləşməsi haqqında referendumun keçirilməsi üçün əsas olacaq.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şimali İrlandiyanın ən böyük millətçi partiyası olan “Şinn Fayn”dan bildirilib.
“Böyük Britaniyanın Avropa Birliyindən çıxması İrlandiyanın şimalında siyasi landşaftı kəskin dəyişdirir. Biz bütöv İrlandiya haqqında referendumun keçirilməsi üzrə səyləri aktivləşdiririk”, – partiyanın sədri Deklan Kirni deyib.
Siyasətçinin sözlərinə görə, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. O, xatırladıb ki. Şimali İrlandiya referendumda AB-də qalmağa səs verib.
Qeyd edək ki, 1921-ci ilin dekabrında Böyük Britaniya və İrlandiya arasında sülh müqaviləsi imzalanıb və İrlandiya dominion statusu (əvvəllər Britaniya imperiyasının, daha sonra Millətlər Birliyinin tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu – red.) alıb. 1949-cu ildə isə İrlandiya tam müstəqillik əldə edib. Şimali İrlandiya isə həmin vaxt Böyük Britaniyanın tərkibində qalıb.
Londona daha bir ayrılıq təhdidi isə Şotlandiyadan gəlib. Şotlandiyanın baş naziri Nikola Stercen bildirb ki, şotlandlar referendumda Britaniyanın AB-nin tərkibində qalmasına səs veriblər.
“Bizi AB-dən ayrılmağa məcbur edə bilməzlər. Əgər məcbur etsələr, o zaman müstəqilliklə bağlı referendum keçirəcəyik”, – baş nazir deyib.
Xatırladaq ki, Böyük Britaniyanın AB-də qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya qurumu tərk edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=68040