“Əsrin müqaviləsi” imzalanan gün “əsrin məhkəməsi” başlayır

20.09.2016 - 09:28

Bu gün odioz generalın və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək; prosesin açıq və ya qapalı keçiriləcəyi ilə bağlı qərar veriləcək

rrBu gün-sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Qeyd edək ki, əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.
Hələ bir neçə gün əvvəl məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi ilə bağlı “Yeni Müsavat” ilginc məlumatlar dərc edib. Xəbərdə bildirilirdi ki, A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan “Femida” sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür. “MTN generalları məhkəmə zamanı gülləkeçirməz xüsusi şüşə qəfəsdə saxlanılacaqlar. Burada onların vəkillə birbaşa və rahat əlaqə saxlamaları üçün müvafiq qurğu da var” deyə, xəbərdə bildirilirdi.
Məhkəmənin açıq və ya qapalı keçiriləcəyi ilə bağlı qərar bu gün veriləcək. İlkin ehtimallara görə, məhkəmə qapalı keçirilə bilər, çünki A.Çovdarov bir sıra dövlət sirlərinə bələddir. Amma iş üzrə ittihamda dövlət sirri hesab olunan hansısa məqam yoxdur. Məhkəmənin qapalı keçiriləcəyi ilə bağlı iddiaları möhkəmləndirən səbəb Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərovun da məhkəməsinin qapalı keçirilməsidir. Xatırladaq ki, iyunun 24-də Naxçıvan Muxtar Respublikasının (NMR) Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsində Vəli Ələsgərov 14 il azadlıqdan məhrum edilib.
A.Çovdarova qarşı da Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs-qətimkan tədbiri bir neçə dəfə artırılıb.
1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılan A.Çovdarovun səhhəti ilə bağlı mediada hansısa dəqiq bilgi yoxdur. Onun vəkilinin A.Çovdarovun səhhətinin ağır olması barədə mediaya verdiyi məlumatları ötən həftə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov təkzib edib. Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: “Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir. Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir”.
A.Çovdarovun “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümündə (Çovdarov MTN-də həm də neft sahəsinə məsul olub-red.) məhkəmə qarşısına çıxarılması maraqla gözlənilir. Çünki ünvanına iddia olunan bu qədər əməlləri hələ də həbs edilməyən sabiq naziri Eldar Mahmudovun izni olmadan görməsi qeyri-mümkündür. Əsas maraq doğuran məsələlərdən biri də A.Çovdarovun məhkəmədə kimlərin adını çəkə biləcəyidir.
Akif Çovdarov özü isə vəkili vasitəsilə musavat.com-a eksklüziv açıqlama vermişdi. Həmin açıqlamada o, özünü heç bir məsələdə günahkar bilməmişdi.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031