Ekspertlərdən xəbərdarlıq: Qarabağda yeni savaş ehtimalı

23.09.2016 - 10:53

494043-1

Qarabağ danışıqlarında qeyri-müəyyənliyin yaranması şəraitində savaş təhlükəsinin kifayət qədər real olduğunu əksəriyyət təsdiqləyir. Ermənistanın Rusiyadan aldığı silahları hərbi paradda nümayiş etdirməsi, eyni vaxtda işğal altındakı Ağdamda hərbi manevrlərə başlaması,  Azərbaycanla təhdid dilində danışmağa davam etməsi ölkəmizi öz ərazilərini azad etmək üçün alternativlərə əl atmaq məcburiyyəti qarşısında qoyur.
Hərbi ekspert Üzeyir Cəfərov  Ermənistanın malik olduğu raket sistemlərindən hər an istifadə edə biləcəyini vurğulayıb. Politoloq Arzu Nağıyev isə bildirdi ki, konfliktin həllinin Rusiyaya “həvalə” edilməsindən sonra belə bir sonluq olacağı əvvəlcədən də məlum idi: “Ermənistanda siyasi gedişlərdən sonra hakimiyyətin dəyişdirilməsi baş verdi, rusiyayönümlü baş nazir təyin edildi. Bununla da iqtisadiyyat demək olar ki, tam şəkildə Rusiyanın inhisarına keçdi. Kompensasiya kimi Ohanyanın rotasiya qaydasında KTMT-yə baş katib təyin ediləcəyi məsələsi qalxdı. Bütün bunların fonunda Serj Sərkisyan öz hakimiyyətini uzatmaq üçün müxtəlif variantlara əl atdı. O cümlədən Dağlıq Qarabağdakı separatçılara nəyin bahasına olursa-olsun müstəqillik anonsu verdi. Məhz buna görə də hərbi parad və yenə də Rusiyadan alınan silahların təqdimatını keçirdi. Bu gün Sərkisyanın əsas məqsədi Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, hakimiyyətini qorumaqdan başqa bir şey deyil. Bundan başqa, Bişkekdə yenə öz ampluasında olan Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevdən layiqli cavabını aldı”.
A.Nağıyevin fikrincə, İrəvandakı son hərbi parad şousu, siyasi gedişlər təbii ki, heç də müsbət hal deyil: “Bütün bunlar Rusiya ilə həmrəylik nümayişi və münaqişənin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünün anonsudur. Belə bir şəraitdə təbii ki, Azərbaycan öz hərbi potensialını göstərməlidir. Əsas problem ondan ibarətdir ki, dünya ictimaiyyəti, o cümlədən BMT və ATƏT susur. Suriya problemini bir nömrə kimi təqdim edərək Qarabağ münaqişəsinin həllindən danışılmır. Məlumdur ki, müharibə başlasa, bu, təkcə Azərbaycan və Ermənistan arasında getməyəcək, bütün regionu alovlandıra bilər. Təbii ki, öz silahlarını satan bəzi dövlətlər bundan məmnunluq hissi keçirsə də, əsas məsələ bizim ərazi bütövlüyümüzün bərpası olmalıdır. İstər prezident, istərsə də müdafiə nazirinin son bəyanatları buna bir əyani sübutdur. Bir sözlə, beynəlxalq qüvvələr erməni təcavüzkarlarını cilovlamasa, güc nümayiş etdirməklə Azərbaycan onları danışıqlar masasına oturtmağa qadirdir. Bu isə təbii ki, hərbi yolla mümkündür. Biz buna da hazırıq”.
Politoloq Elçin Mirzəbəyli isə bu fikirdədir ki, cəbhədə yaranmış gərgin vəziyyətin səbəbləri müxtəlifdir: “Aprel döyüşlərindən sonra mövqeləri zəifləmiş Sərkisyan hakimiyyəti uğursuzluqlarını balanslaşdırmağa, xof və qorxu içində olan Ermənistan cəmiyyətini özünə gətirməyə, revanş götürməyə çalışır. Ermənistanda keçirilən hərbi parad da əsasən daxili auditoriyaya hesablanmış bir aksiya idi. Rusiyanın Gümrüdəki hərbi bazasının arsenalına daxil olan ”İsgəndər” raket kompleksinin nümayişi də bu qəbildəndir. Sərkisyan Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində nümayiş etdirdiyi müasir hərbi texnikanın Ermənistan cəmiyyətində yaratdığı xofu Rusiyadan kirayə götürdüyü raket kompleksi ilə kompensasiya etməyə cəhd göstərir”. E.Mirzəbəylinin sözlərinə görə, məsələnin digər tərəfi Rusiyanın ona məxsus operativ-taktiki raket kompleksinin Ermənistan ordusunun arsenalı kimi təqdim edilməsinə razılıq verməsidir: “Qənaətimə görə, Moskva bununla öz mesajlarını da çatdırır. Bu mesajlar isə çox güman ki, tərəfləri, xüsusilə də Azərbaycanı müharibədən çəkindirməyə xidmət edir”.
Politoloq bildirdi ki, Ermənistanın güc nümayişinə cəhdinin səbəblərindən biri də Azərbaycanda keçirilən referendumla bağlıdır: “İşğalçı ölkə ənənəsinə uyğun olaraq, Azərbaycanda keçirilən mühüm tədbir öncəsi gərginlik yaratmaq istəyir. Bu prosesdə erməni diasporunun nümayəndələri, erməni lobbisi də aktiv fəaliyyət göstərir və fəaliyyətlərini Azərbaycandakı nüfuz müvəkkilləri ilə əlaqələndirməyə çalışırlar. Lakin bütün bunların Azərbaycana hər hansı formada təsir edəcəyini düşünmürəm. Ölkəmizin hərbi potensialı Ermənistanı dəfələrlə üstələyir və işğalçı ölkənin bu fərqi aradan qaldırmaq üçün potensialı yoxdur. İndiki halda genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyini düşünmürəm. Lakin nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, müharibə ehtimalı hər zaman olacaq”.
Ümumilikdə götürəndə Qarabağda aprel savaşından da dəhşətli savaş hər an başlana bilər. Ermənistan heç şübhəsiz, yazda itirdiyi mövqeləri qaytarmaq üçün fürsətdən yararlanmaq istəyir. Ancaq sözsüz ki, Azərbaycan ordusu işğalçını gül-çiçəklə qarsalamayacaq və onun layiqli cavabını verəcək. ( “Yeni Müsavat”)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930