Putinin Bakı və Ankaraya qarşı “at gedişi” – Türkiyəyə, oradan isə Ermənistana…

10.10.2016 - 10:23
Russian President Vladimir Putin

Russian President Vladimir Putin

Rusiya prezidenti “Su 24” insidentindən sonra bu gün ilk dəfə qardaş ölkəyə gedir, cavab səfərindən əsas gözlənti nədir; İrəvanda isə Putinin “Rus NATO-su”na erməni generalın rəhbər gətirilməsinə “dobro” verəcəyi deyilir; Azərbaycan üçün daha bir mühüm həftə başlayır…

Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə yollanacaq. Kremlin mətbuat xidmətinin məlumatına görə, o, 9-13 oktyabr tarixində İstanbulda keçiriləcək Beynəlxalq Energetika Konqresində iştirak edəcək. Putin forumun xüsusi sessiyasında çıxış edəcək, həmçinin toplantı çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“Görüşdə Rusiya-Türkiyə münasibətləri, Suriya böhranı daxil olmaqla, regional və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunacaq. İkitərəfli sənədlərin imzalanması da gözlənilir”, – Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. O da bildirilir ki, Konqresin işi ilə eyni vaxtda Rusiya-Türkiyə hökumətlərarası komissiya da işləyəcək. 
*****
Rusiyalı və türkiyəli siyasi şərhçilər səfəri kifayət qədər önəmli hesab edirlər. Analitiklərə görə, Putinin Türkiyəyə cavab xarakterli, “Su-24″ insidentindın sonra ilk dəfə baş tutacaq ziyarəti ikitərəfli əlaqələrin inkişafına yeni impuls verə, beynəlxalq terrorizmlə mübarizənin daha effektli qurulmasına yardımçı ola bilər. Xüsusən də turizm, iqtisadiyyat və energetika sahələrində Moskva və Ankara arasında anlaşmanın dərinləşəcəyi gözlənilir. O sırada ”Türk axını” qaz kəməri layihəsi, Akkuyu AES tikintisi ilə bağlı mühüm anlaşmaların əldə olunması istisna olunmur.
Image result for Russia Turkey
 
“Təyyarə insidenti ilə bağlı böhran zamanı Türkiyənin Rusiyadakı, Rusiyanın da Türkiyədəki səfirləri geri çağırılmadı. Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya ehtiyacı var. İki ölkə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil. Məsələn, Suriya və Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var”. Bu fikri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Usul Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib.
Image result for Ali Resul Usul
Həm türkiyəli, həm də rusiyalı ekspertlər Putinin budəfəki Türkiyə səfərinin Rusiya-Azərbaycan münasibətlərinə və Qarabağ məsələsinin həllinə də pozitiv təsir göstərəcəyini ehtimal edirlər.
*****
Səfəri, yəqin ki, ən çox işğalçı Ermənistanda diqqətlə izləyəcəklər. Yeri gəlmişkən, İstanbul Konqresindən bir neçə gün sonra – oktyabrın 14-də İrəvanda “Rus NATO-su”na – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının toplantısı gözlənilir. İrəvan toplantısının gündəliyində duran əsas məsələlərdən biri quruma yeni baş katibin seçilməsi ilə bağlıdır. Yeni rəhbərin Ermənistan nümayəndəsi olacağı iddia olunur.
Erməni mətbuatının yazdığına görə, Rusiya prezidenti Türkiyədən birbaşa Ermənistana gələ bilər. İddialara görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Bakıdan İrəvana təşrif buyuracaq. Erməni mediası iki prezidentin belə səfər marşrutu seçməsində (Nazarbayev Bakıdan, Putin İstanbuldan) mühüm simvol və işarələr görür.
Image result for Rusiya və Qazaxıstan
 
“Bu, təkcə onun siqnalı deyil ki, Rusiya və Qazaxıstan türk maraqlarını prioritet sayır, bu, həmçinin balaca Ermənistanın əhəmiyyətinə və roluna verilən işarədir. Bu rol olmasaydı, iki böyük dövlətin başçıları Ermənistana baş çəkməzdən öncə Türkiyə və Azərbaycan qarşısında bəraət almağa çalışmazdılar”, – deyə aparıcı erməni KİV-lərindən biri yazıb.
Ancaq o da var ki, Putin Türkiyədə oktyabrın 10-da olacaq. KTMT toplantısı isə 14-dədir. Doğrudur, Putinin Türkiyədə neçə gün qalacağı barədə bilgi yoxdur. Ola bilsin, Putin həqiqətən İrəvana İstanbuldan gəlsin, lakin İrəvanı da vaxtından əvvəl tərk eləsin. Yəni sadəcə, yeni baş katibə “dobro” verib Ermənistandan getsin. İstənilən halda, Putinin Türkiyədən sonra İrəvana gəlməsi onun Bakı və İstanbul səfərlərinə görə bir növ “vəfa səfəri” təsiri bağışlayacaq.
*****
Image result for Seyran Ohanyan
O ki qaldı KTMT-nin yeni rəhbərinin kim olacağına, bəllidir ki, indiyədək 3 nəfərin adı çəkilib: Ermənistanın keçmiş müdafiə nazirləri – Seyran Ohanyan və Vaqarşak Arutunyan, bir də Qarabağ separatçılarının keçmiş lideri Arkadi Qukasyan. Onların ikisi (Xocalı canisi Ohanyan və Qukasyan) xüsusən də Azərbaycanda qıcıq yaradan namizədlərdir. Ankaranın narahatlığına da müəyyən əsaslar var. İstisna deyil ki, Putin Türkiyə səfəri ilə bu qıcıqları qismən yumşaltmağa çalışacaq. Bundan başqa, Nazarbayevin Bakı səfərində də yəqin ki, bu məqama toxunulacaq. Yəni qazax lideri Azərbaycanın baş katib məsələsində konkret mövqeyi ilə KTMT-nin İrəvan sammitinə qatılacaq.
Lakin az öncə Ohanyan KTMT baş katibliyinə namizəd olmayacağını bəyan edib. Hərçənd, bunu deyərkən o, hələ müdafiə naziri idi. Postdan gedəndən sonra isə onun müxalifətə keçəcəyi haqda xəbərlər yayılıb. “Joxovurd” qəzetinin yazdığına görə, Sərkisyan istefadan öncə Ohanyana bir neçə vəzifə təklif edib: KTMT-nin baş katibi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Təhlükəsizlik Şurasının katibi vəzifələri. Ancaq Ohanyan hər üç təklifi rədd edib: “Ohanyan birbaşa deyib ki, müdafiə naziri postundan savayı onu heç bir başqa post maraqlandırmır” – nəşr qeyd edib.
Image result for Rusiya və Qazaxıstan
Şəksiz ki, məsələdə həlledici sözü Putin deyəcək. Böyük ehtimalla, “Rus NATO-su”nun yeni baş katibi Arutunyan olacaq. “Ohanyan imtina etdikdən sonra KTMT baş katibliyinı Vaqarşak Arutyunyanın namizədliyi üzərində dayanılıb”. Bunu isə “Jamanak” qəzeti öz mənbələrinə istinadla yazıb.
Qeyd edək ki, Vaqarşak Arutyunyan əslən Gürcüstanın Samsxe Cavaxetiya bölgəsindəndir. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.  
*****
Bəs V.Putinin Azərbaycan və Türkiyəyə qarşı şahmat termini ilə desək, “at gedişi” Bakı və Ankaraya nə vəd edir, Dağlıq Qarabağ mövzusunda hansısa gəlişmə mümkündümü? Bir şeyi əminliklə qeyd eləmək olar ki, bu həftə Azərbaycanın da maraqlarına toxunan və o üzdən onun diqqətində olacaq mühüm olaylar gözlənilir.  
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=78342

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930